Əsas Səhifə > Şou-biznes > “Heç cür sakitləşə bilmirəm və bilmirəm ki, məni nə sakitləşdirə bilər...”

“Heç cür sakitləşə bilmirəm və bilmirəm ki, məni nə sakitləşdirə bilər...”


16-07-2022, 08:45
“Heç cür sakitləşə bilmirəm və bilmirəm ki, məni nə sakitləşdirə bilər...”
Xalq artisti Afaq Bəşirqızı sağlamlığı ilə bağlı son vəziyyəti, şəxsi həyatı, gələcək yaradıcılıq işləri haqda “Yeni Müsavat”a danışıb. DİA.AZ müsahibəni təqdim edir:

- Afaq xanım, artıq teatrlar mövsümlərini bağlamaq üzrədir. Yeni mövsümdə sizi yenidən səhnədə, hansı tamaşalarla görə biləcəyik?

- Bəli, yeni mövsümdə iki tamaşada oynayacam. Həmin tamaşaların məşqləri də gedirdi, lakin mövsümə görə artıq məşqlər dayandırılıb və sentyabrdan artıq son məşqlərimizi edəcəyik.

- Bildiyim qədər, 1989-cu ildən bu teatrda fəaliyyət göstərirsiniz. Hansı obraz hələ də arzu olaraq qalır?

- Artıq elə yaşdayam ki, mənim hansısa obrazı oynamaq istəməyimin vaxtı keçib. İndi mən öz fikri gücüm və xarici görünüşümə uyğun olaraq hansısa obraz istəyə bilərəm və deyim ki, elə bu cür obraz da götürmüşəm. Bu, qayınananın müasir forması olacaq. Əsəri Şərif Qurbanəliyevlə birgə işləyirik. Tamaşaçılar əsərdə olmayan bir neçə obrazları da görə biləcəklər.

Yəni bu öyrəşdiyiniz qayınana deyil, indiki müasir, gəlini ilə bəhsə girən, dəbdən geri qalmayan qayınana olacaq. Daim öz ata-anasını, nəslini tərifləyir, gah deyir filan nəslin, gah da deyir başqa nəslin davamçısıyam və sairə, di gəl ki, heç kimi bəyənmir.

- Qayınanadan söz düşmüşkən, siz özünüz də qayınanasınız. Bəs özünüzü necə bir qaynana qismində görürsünüz?

- Bunu gərək Könüldən (gəlini - X.G.) soruşasınız. Ümumiyyətlə, mən Könülü gəlin deyil, qızım kimi görürəm. Onu həmişə öz qızım kimi sevmişəm, istəmişəm. Həqiqətən xasiyyəti də mənə oxşayır, mənim yolumu gedir. Yəni bilir ki, nəyi sevirəm, nəyi sevmirəm, nə olar, nə olmaz.

- Sağlamlığınız nə yerdədir? Özünüzü necə hiss edirsiniz?

- Mənim indi 18-25 yaşım yoxdur ki, deyim bir xəstəlik idi, oldu, keçdi. Elə bir xəstəlikdir ki, daim öz qeydinə qalmaq lazımdır. Yaş da az deyil, artıq 67 yaşım olacaq. Ümumiyyətlə, hər şeyin öz cərəyanı var, ona da uyğun yaşayıram. İnşallah, hər şey yaxşı olacaq.

- Teatr fəaliyyətinizdən danışdıq, amma biz sizi əvvəllər “Mozalan” satirik kinojurnalında, televiziya tamaşa və filmlərində, “Afaq gülür, güldürür” kimi şoularda görürdük. Yenidən bu cür layihələrdə işləmək və yaxud hansısa filmdə çəkilmək istərdiniz?

- Gərək ssenari məni maraqlandırsın, mənim üçün qeyri-adi olsun ki, o filmə çəkilim. Lakin sözün düzü, hazırda hansısa filmə çəkilmək istəyim də yoxdur... İstərdim ki, bu mövzuda film çəkilsin: hazırda bir çox qızlarımız əcnəbi vətəndaşlarla evlənir və yaxud oğlanlarımız xarici ölkələrə üz tuturlar.

- Ümumiyyətlə, qızlarımızın əcnəbilərlə ailə qurmasını necə qarşılayırsız?

- Heç də yaxşı qarşılamıram. İstərdim ki, hər kəs öz millətindən olan biri ilə evlənsin, öz dilini, dinini davam etdirsin. Əlbəttə ki, yaşamaq, işləmək üçün hara istəsən gedə bilərsən, bunu normal qarşılayıram. Lakin vətənin yerini heç bir ölkə vermir. Mən özüm çox ölkə gəzmişəm, amma müqayisə edəndə görürsən öz yaşadığın ölkə, insanlar, ünsiyyət, iş onların hamısından daha üstündür.

- Bir qədər öncə dediniz ki, o qədər də filmə çəkilmək həvəsiniz yoxdur. Bəs Qarabağ, Azərbaycan həqiqətləri, onun tarixi şəxsiyyətləri haqqında film çəkilərsə, özünüzü orada görmək istərdinizmi?

- Əlbəttə, bəli! Bundan öncəki müsahibələrimdə də demişdim, Vətən müharibəsi mənim istər səhhətimə, istərsə də fikirlərimə çox pis təsir etdi. Ümumiyyətlə, bu müharibə məni çox pis “yıxdı”.

- Xatırlayıram ki, müharibə zamanında siz tez-tez sosial şəbəkə üzərindən əlaqə saxlayıb, son hadisələri öyrənməyə çalışırdınız, hətta göz yaşlarınızı saxlaya bilmirdiniz...

- Bəli... Hamıdan məlumat, son informasiyalar əldə etməyə, öyrənməyə, onları hər kəsə çatdırmağa çalışırdım. Ümumiyyətlə, Polad Həşimov kimi igidlərimizin, oğullarımızın şəhid olması ilə heç cür barışa bilmirdim. Yay vaxtlarında hava bir qədər qaralandan sonra Şəhidlər Xiyabanına gedir, onları yad edirəm. Yəni heç cür sakitləşə bilmirəm və bilmirəm ki, məni nə sakitləşdirə bilər. Bütün bunlar da mənim əsəblərimə, sağlamlığıma pis təsir edir... Bəlkə də elə bir rol oynayaram, o məni sakitləşdirər.

Deyim ki, Musiqili Teatrda “Bir nəfəs qədər” adlı çox gözəl bir tamaşa qoyulur və şəhid ailələri çox böyük həvəslə o tamaşaya baxmağa gəlir. Özümə gəldikdə isə, nə həkimlər, nə də teatr rəhbərliyi sağlamlığımla əlaqədar hələlik həmin tamaşaya baxmağıma icazə vermir. Lakin deyə bilərəm ki, “Bir nəfəs qədər” tamaşasının əks-sədası çox yayılıb. Onun sədası İrandan gəlir. Tamaşa Təbrizdə səhnəyə qoyulanda soydaşlarımız xahiş ediblər ki, onu yenidən səhnədə nümayiş etdirsinlər. Beləliklə, tamaşa 3 dəfə əvəzinə, 5 dəfə oynanılıb.

- Əslində bir neçə teatrda Qarabağ mövzusunda maraqlı tamaşalara rast gəlirik. Kinoya gəldikdə isə artıq müharibədən az qala 2 il ötsün, bu vaxta qədər hələ də ortaya çıxacaq bir filmimiz yoxdur. Sizcə, səbəb nədir?

- Qızım, kino harada çəkilir? Onun bazası harada olur?

- Kinostudiyada...

- Bəs hanı kinostudiya? Vəssalam. Məsələnin cavabına buradan başlamaq lazımdır. Heç kim səyyar olaraq kameranı götürüb, film çəkə bilməz. Yaxşı ssenari, peşəkar bədii kollektiv lazımdır. Amma bunların heç biri yoxdursa, heç nə etmək olmaz.

- Düz bir ay sonra 67 yaşınız tamam olacaq. Doğum gününüzə hazırlaşırsınızmı? Necə qeyd edəcəksiniz?

- Yox, qətiyyən, bu barədə heç nə fikirləşmirəm. Çünki bir az öncə də qeyd etdiyim kimi, müharibədən qalan o ağır hisslər hələ də mənimlədir və düşünürəm ki, sona qədər də mənimlə olacaq. Nəsə etməyə, hansısa tədbir keçirməyə çalışıram, lakin sanki içəridən hansısa hiss bunun qarşısını alır. Bununla barışmaq çox çətindir...

Xalqıma cansağlığı arzulayıram. Hər biriniz canınızın, səhhətinizin qədrini bilin, özünüzdən muğayat olun!

Geri qayıt