Əsas Səhifə > Şou-biznes > "Rejissor deyir bu qədər içinə atma, bacarmıram"

"Rejissor deyir bu qədər içinə atma, bacarmıram"


7-07-2022, 10:26
"Rejissor deyir bu qədər içinə atma, bacarmıram"
Bu həftə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında təntənəli mükafatlandırma mərasimi keçirildi. Mərasimdə mövsümün seçilən aktyor və aktrisaları elan olundu.

“Mövsüm ərzində qadın rolunun uğurlu ifasına görə” mükafata layiq görülən teatrın aktrisası Gülnarə Abdullayeva Teleqraf.com-un suallarını cavablandırdı.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Gülnarə xanım, bu ilki teatr mövsümünü yaddaqalan hadisə ilə başa vurursunuz. Mövsümün seçilən aktrisaları arasında siz də varsınız. Təbrik edirik.

- Çox təşəkkür edirəm. Pandemiyadan sonra Əliqismət müəllimin sayəsində teatr yaradıcı fəaliyyətə çox yaxşı başladı. Yeddi yeni tamaşa hazırlandı. Bu, teatrın tarixində bir ilk idi. Tamaşaçılar da tamaşalarımıza böyük maraq göstərirdilər.

Sözün açığı, özümüz də çox darıxmışdıq. Təsəvvür edin iki il evdə olduq. Mövsüm çox gözəl keçdi. Mənim üçün ən yadda qalan isə yeni tamaşamız olan "Bir nəfəs qədər"i təhvil verməyimiz və onun hər kəs tərəfindən maraqla qarşılanması idi.

Bilirsiniz, mənim oğlum da müharibədə iştirak edib. Pandemiya bir kənara qaldı, müharibə bizi yaman sarsıtdı. O mənada "Bir nəfəs qədər" tamaşasının mənim üçün önəmi çoxdur. Mən o tamaşada öz vətənimin analarını təmsil etdim. Çünki özüm də o hisləri yaşadım.

Oğlum müharibə veteranıdır, iki medala layiq görülüb. Şəhid analarının qarşısında baş əyirəm.

- Siz o hisləri tamaşa vasitəsilə dəfələrlə yaşayırsınız. Bu ağrınızı daha da artırmırmı?

- Tamaşanın rejissoru Samir Qulamovdur. Mən bu tamaşada bir aktrisa kimi deyil, ana kimi oynayıram. Mən tamaşada şəhid anası oldum, qocaldım. O obrazı səhnədə necə yaşayıram onu bir Allah bilir. Pyesi oxuduğum ilk sətirdən məni ağlamaq tutdu.

- Necə razılıq verdiniz?

- Mən şəhid analarını təmsil edirəm - bu, mənim borcumdur. Bəs mən eləməyim, kim eləsin?

- Əliqismət müəllim mükafatlandırma mərasimində dedi ki, hər dəfə tamaşanı oynayanda çox stress keçirirsiniz. Amma bununla bərabər beynəlxalq festivalda bir gündə iki dəfə bu tamaşanı oynamısınız.

- Həm festivalda, həm də teatrda iki dəfə oynadığımız günlər az olmayıb. Hər dəfə tamaşanı oynayanda sakitləşdirici dərmanlar, çaylar içirəm. Bu, asan deyil. Doğrudan da çox stress yaşayıram. Rejissor Samir Qulamov deyir ki, Gülnarə, bu qədər içinə atma, amma mən bacarmıram.

Çox istəyirdim ki, hamı şəhid analarının nələr çəkdiyini görsün, duysun. Şəhid anaları bizim qürur yerimizdir. Onlar cavan ikən qocaldılar. Elə mən də...

- Gülnarə xanım, müharibəyə gedəndə oğlunuzun neçə yaşı vardı?

- 22 yaşı vardı. Əsgərlikdən təzə qayıtmışdı, səfərbərlik elan olundu, yenidən çağrıldı.

- Ona “getmə” dedinizmi?

- Mən onu deyə bilmərəm ki...Öz -özümə fikirləşirdim ki, bu uşaq Füzuli, Xocavənd, Laçın, Şuşa görməyib, şəhər uşağı olub. Amma içindəki fırtınanı görsəydiniz...Onun qarşısında dayanmaq, “getmə” demək mümkün deyil. İndi də deyir ki, yenə olsa yenə gedərəm.

Halbuki, kontuziya alıb, üç ildir mən onu toparlaya bilmirəm. Çox çətinliklərdən keçmişik və hələ də keçirik. Gecələr yata bilmir. Əsəb, gərginlik bir yandan, digər tərəfdən də dostlarının ölümü gözünün önündən getmir. Baş verənləri fraqment - fraqment bizə danışır, ona qızımla birlikdə ağlaya-ağlaya qulaq asırıq. O 22 yaşında nələr görüb, ilahi.

Ona görə hələ ki, bu dünyaya, evə adaptasiya ola bilmir. Onu bu vəziyyətdən çıxara bilmirəm. Amma yaşayırıq, yaşamalıyıq.

"Bir nəfəs qədər"i oynayandan sonra mənim üçün də həyat qəribə oldu. İndi başqa obrazı oynamaq istəmirəm. Bütün serial təkliflərindən imtina edirəm. Hələki, bacarmıram. Sanki o obraz ürəyimə möhürünü vurub. İnanırsınız, mən gülə də bilmirdim...

- Oğlunuz tamaşaya baxıb?

- Baxa bilmir. Müharibədən sonra teatrda işlədi. Əliqismət müəllim sağ olsun ona iş verdi. Amma buralara sığa bilmədi.

- İndi üzünüzü nə güldürür?

- Biz- analar müharibə dövründə çox əziyyət çəkdik, övladımızı canımızın bir parçasını itirdik. Sevinirəm ki, şəhid analarının ümumiləşdirilmiş obrazını tamaşaçılara çatdıra bilmişəm. Analar öz övladlarını bizim tamaşada gördülər. Onların övladları ölməyib, hamısı yaşayır. Onlar Allah tərəfindən seçilmiş uşaqlar olublar. Ona görə anaların ürəkləri rahat olsun.

Şəhidlər bizə həmişə bir nəfəs qədər yaxındırlar. Allah onlara rəhmət eləsin, analarımıza səbr versin. Biz o əsgərlərimizə görə indi rahat, asudə, azad yaşayırıq.

- Azad olunmuş torpaqlarımıza getmisinizmi?

- Hələ getməmişəm. Amma o qədər istəyirəm. Çox istəyirəm.

- Gülnarə xanım, sizə başqa suallar da verəcəkdim, sadəcə söhbətimiz elə istiqamətə getdi ki, bildiklərimi unutdum. Bir ana kimi Allah sizə səbr versin, bir aktrisa kimi isə yeni mövsümdə daha böyük nailiyyətlər arzulayıram.

- Təşəkkür edirəm. Əliqismət müəllimin sayəsində teatrda daim iş var, yeni tamaşalar hazırlanır, uğurlarımız göz qabağındadır. Yaxşı ki, Samir Qulamov da bizim teatrdadır. İstər Musiqili Teatrda, istərsə də başqa teatr səhnələrində uğurlu işlərə imza atıb. O mənə ana obrazını təqdim edəndə dedi ki, Gülnarə, mən səndən başqa kiminsə bu obrazı içdən oynaya biləcəyini düşünə bilmirəm.

Biz Samirlə Şuşa Teatrında da işləmişik. “Ağ qayıq” adlı bir tamaşa idi, müharibəyə həsr olunmuşdu. Keçən dəfə mənə bir şəkil göndərdi, orada çox gəncəm. Deyir, təsadüfə bax ki, o vaxt “Ağ qayıq”da sevgilisinin şəhid olduğunu düşünən gənc qız rolunu oynayırdın, indi oğlu şəhid olan ananı oynayırsan.

Amma kiçik fərq var, üzü –gözü yanmış vəziyyətdə olan oğlan müharibədən qayıdır, qız onu səsindən tanıyır. "Bir nəfəs qədər"dəki ananın oğlu şəhid olur. Sonda ana fəryad edir. Bu dəhşətli bir fəryaddır.

Geri qayıt