Əsas Səhifə > Şou-biznes > “Rasim Balayevi həbsdən çıxarıb kinoya gətirmişəm, ona haram olsun”

“Rasim Balayevi həbsdən çıxarıb kinoya gətirmişəm, ona haram olsun”


15-06-2022, 08:26
“Rasim Balayevi həbsdən çıxarıb kinoya gətirmişəm, ona haram olsun”
Ədliyyə Nazirliyi Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri Rasim Balayevin və İdarə Heyətinin yeni tərkibinin səlahiyyətlərini təsdiq edib.

Qeyd edək ki, Rasim Balayevin sədr seçilməsindən sonra tanınmış kino xadimləri arasında qarşılıqlı ittihamlar başlayıb. Ayaz Salayev və xalq artisti Şeyx Əbdül Mahmudbəyovun onun barəsindəki tənqidi fikirlərə Rasim Balayev sərt reaksiya verib: “O Əbdül sənətə və insanlığa ləkədir. Onun nə sənətdə, nə də ki, insanlıqda izi yoxdur. Həyatı boyu bir kino çəkib: ”İki sahil". Bu filmə görə o zaman İsa adlı bir iş adamını tovlayıb bir dünya pulunu alıb. Filmdə baş rola da Tarıyel Qasımovu çəkib. Eşitdiyimə görə, baş rola çəkmək üçün Tarıyeldən də yaxşı pul alıb. Çəkdiyi də bir qəpiklik kino olmadı. Əbdül qapı-qapı düşüb özünə 75 illik yubiley keçirdirdi. O zaman Şəfiqə Məmmədova ona 2 min manat pul göndərib. Amma şərtini də deyib: “Bunu ona görə veririk ki, gəlib bizim ittifaqa üzv olsun”. Əbdül də pulun iyini alan kimi bizim ittifaqdan çıxıb getdi Şəfiqənin yanına. O, Şəfiqənin ittifaqına yox, tumanının altına girdi".

Rasim Balayev deyib ki, həyatda ən böyük səhvi Ayaz Salayevin “Yarasa” filminə çəkilməyidir: “Ayaz dinini və dilini dəyişmiş birisidir. Onun azərbaycançılığa antipatiyası var. Və bunu heç zaman gizlətmir. Təbii ki, belə adamların mənim haqqımda hədyanlar danışması başa düşüləndir. Çünki nə Ayazı, nə Əbdülü sayıb-seçən, ortalığa dəvət edən var. Ona görə də belə adamlar öz uğursuzluğunu başqalarının uğurunda görürlər”. DİA.AZ xəbər verir ki, xalq artisti Şeyx Əbdül Mahmudbəyov “Yeni Müsavat”a açıqlamasında Rasim Balayev haqqında ağır ittihamlar səsləndirib: “Rasim Balayev indi özünü tamam itirib. Mən istəyirdim ki, onu xilas edim, o isə ”kruqa" düşüb. O, karyerist bir adamdır, özü də dediyi kimi, yalnız kinolarda qəhrəmandır, həyatda qəhrəman-zad deyil. Açıqlama verib ki, “Əbdül Mahmudbəyov sənət və insanlıq adına ləkədir”. Düz deyir, çünki mən onu həbsxanadan və xəstəxanadan çıxarıb, müalicə edib, kinoya gətirmişəm. “Nəsimi” filminə onu mən salmışam. O ki qaldı mənim sənətimə, ömrümün 62 ilini kinostudiyaya həsr etmişəm. 1966-cı ildən 2000-ci ilə qədər kinostudiyada çəkilən bütün filmlərdə mənim imzam var. “Qaçaq Nəbi” filmini mən çəkmişəm və ona görə Rasim Balayev dövlət mükafatı alıb, gözündən gəlsin. Mən Azərbaycandakı təhsilimdən sonra Moskvada Ali Rejissorlar İnstitutunu bitirmişəm, müəllimlərim də ən məşhur kinematoqrafçılar olub. Rasim Balayev kənddə qoyun otaranda mən həmin ittifaqın üzvü idim. Amma Rasim Balayev və Rüstəm İbrahimbəyov o ittifaqı talayıb dağıtdılar, yalan putyovkalar, ev alqı-satqıları olmuşdu.

O ittifaq bizə Həsən bəy Seyidbəylidən yadigardır, ona görə də mən ittifaqa üzv oldum. Onlar cinayət törədib, sonradan hər şeyi ört-basdır etdilər. Ümumiyyətlə, Azərbaycan Kinematoqrafçılar İttifaqında çoxlu cinayətlər olub. Mən də bu haqda danışmışam, onların yaralı yerinə dəymişəm, ona görə də belə ifadələr işlədib.

Xatırladım ki, qeyd etdiyim cinayətlərlə bağlı iş qaldırılmışdı. Rüstəm İbrahimbəyov getdi Rusiyaya, sonra qəfildən xəstələndi, daha sonra Araz Ağalarovla olan dostluğundan istifadə edib, Bakıya qayıtdı. Ağalarov xahiş edib ki, nə günahı varsa bağışlayın, vətənə ölməyə gəlir, ona icazə versinlər. İbrahimbəyov da Bakıya gəldikdən sonra təzədən ittifaq qurdu".

Əməkdar incəsənət xadimi Ayaz Salayev isə barəsində səsləndirilən fikirlərə bu cür reaksiya verdi: “Hazırda premyeradayam. İki gün sonra barəmdə səsləndirilən fikirlər haqda mövqeyimi bildirəcəm”.

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Qulu Məhərrəmli isə daim dartışmada olan iki kino ittifaqının nə vaxtsa birləşəcəyinə ümid etdiyini dedi: “Belə hesab edirəm ki, kinematoqrafçılar ittifaqının sayının çox olmasının bir zərəri yoxdur. Məlum məsələdir ki, hər ikisi QHT-dir, dövlət qurumu deyil, baxmayaraq ki, dövlət müəyyən qədər köməklik edir. Xatırladım ki, əsas ittifaq Rüstəm İbrahimbəyovun zamanında fəal məmur müdaxiləsi ilə iki yerə parçalandı. Hazırda Şəfiqə Məmmədovanın rəhbəri olduğu qurum Rüstəm İbrahimbəyova qarşı yaradılmışdı. Təcrübə onu göstərir ki, təşkilatların sayı, şəxsiyyətlərin kim olması o qədər də önəmli rol oynamır. Önəmli odur ki, Azərbaycan filmi, kinosu yoxdur. Faktiki olaraq ayrı-ayrı yaxşı rejissorlar, yaxşı layihələr var, amma bütövlükdə ölkədə kino sənayesi yoxdur. Rüstəm İbrahimbəyov dünya miqyasında olan kino adamı idi. Rusiyada, Avropada, Amerikada onu tanıyırdılar, şəxsi əlaqələri var idi, özü yaxşı ssenarist, dialoq ustası idi, onu İtaliyaya, Almaniyaya dəvət edirdilər. Arzuolunan o idi ki, həmin dövrdə onun fəaliyyətinə dözümlü yanaşılsın və kino ittifaqı vahid qalsın. Bu gün bəs biz nə edə bilərik? Hesab edirəm ki, indi Kino Agentliyi yaranır və əsas söz sahibi də bu qurum olacaq, yeni layihələr bu qurumun sayəsində reallaşacaq. Bəli, hər iki ittifaqda qiymətli şəxslər var. Lazımdır ki, bu şəxsiyyətlərin arasında konfliktlər, incikliklər aradan qaldırılsın. Bugünlərdə tanınmış kino xadimi Aydın Kazımzadə Rüstəm İbrahimbəyov barəsində lazım olmayan ifadələr işlətmişdi ki, bu da xəstə təfəkkürün məhsuludur. Bununla kino irəlilətmək, inkişaf etdirmək olmaz. Əlbəttə ki, arzu olunandır ki, bir ittifaq olsun, addımlar birgə atılsın, layihələr birgə hazırlansın. Lakin bu bir faktdır ki, heç bir kino ittifaqı kino istehsal etmir. Azərbaycanın dağ boyda kinostudiyası, onun pavilyonu var, lakin ona heç bir maliyyə qoyulmur, çəkilişlər aparılmır. Bizim bu qədər böyük kino sənayemiz, sənətkarlarımız var. Lakin bunların hamısını irəli aparacaq qüvvə olmalıdır. Bu qüvvə - dövlətin istəyi, ikinci isə yaradıcılıq ittifaqların birgə səyidir. Çəkişmə, dartışma, fəxri ad uğrunda olmazın çarpışmalar, bunların heç biri birbaşa kino işinə aid deyil, ayrı-ayrı fərdlərin niyyətləri ilə bağlı olan məsələdir”.

Azərbaycan Kinematoqrafçılar İttifaqının digər üzvü, tanınmış şair Baba Vəziroğlu isə məsələyə bu cür mövqe bildirdi: “Bu qurum bizə Lətif Səfərovdan qalıb. Bu, kinematoqrafçıların bir ailəsidir. Biz yekdilliklə Rasim Balayevi seçdik. Qeyd edim ki, qurultay səviyyəsində konfrans oldu və Rasim Balayevə qarşı bir nəfər də bitərəf olmadı. Doğrudur, Rasim Balayev bu işə çox da meylli deyildi, tərəddüd edirdi ki, yaşlıdır, sağlamlığında problemlər var. Amma biz bildirdik ki, yanındayıq, ətrafında katiblər var və sairə. Çox qəribədir ki, konfransdan sonra gözü götürməyənlər başladılar Rüstəm İbrahimbəyov barəsində təhqirlər işlətməyə. Yəni səslənən ifadələr tənqid deyil, təhqirdir. Ölən insanın arxasınca bu cür fikirlər səsləndirmək yolverilməzdir.

Bizim qurumun heç kəslə işi yoxdur. Çalışırıq ki, yeni layihələr, işlər görək. Artıq bir sıra layihələr haqqında müzakirələr aparmışıq, gənc kinematoqrafçılara maddi, mənəvi dəstək olmaq üçün perspektiv planlar hazırlamışıq".

Geri qayıt