Əsas Səhifə > Şou-biznes > “Biz hansı komediyalara gülürüksə, o haldayıq...”

“Biz hansı komediyalara gülürüksə, o haldayıq...”


14-06-2022, 15:58
“Biz hansı komediyalara gülürüksə, o haldayıq...”
“Mədəniyyətimizin bütün sahələri tənəzzüldə idi, indi ondan da aşağıdır. Bunu qaldırmaq üçün milli qeyrət, çaba və birlik lazımdır. Biz indi o vəziyyətdəyik. İndi kinomuzla bağlı iki ayrı-ayrı qurumun olması da normaldır. Çünki bu bizdə bir ənənəyə çevrilib, istənilən dövlət qurumlarının bir neçə alternativi var”.

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında aktyor, aparıcı Kamran Həsənli deyib. K.Həsənli kinomuzun vəziyyətindən də danışıb:

“Rasim Balayev kino sahəsində Azərbaycan tarixinin önəmli şəxsiyyətidir, milli qeyrətli adamdır. Amma indi deyə bilmərik onun rəhbər təyin olunmasından sonra kinomuzun vəziyyəti qalxacaq. Çünki bu təkcə ondan asılı deyil. Bu da bizim milli ənənəmizdir ki, adam işə başlamamamış hamı onu qınasın.

Ümumiyyətlə, mədəniyyəti olmayan xalqın gələcəyi yoxdur. Bu mənim sözüm deyil. Kinomuzun 60-cı,70-ci, 80-ci illərin əvvəllərində elə yüksəlişi olub ki, arxamızda o yük olmasaydı, biz bundan danışmazdıq. Bütün bunun yüksəlişi mühitə bağlıdır, mühitin özündə bir əyalətçilik hökm sürür. Ancaq şəhər mədəniyyətinin nümayəndələri kino mədəniyyətimizi qaldıra bilər. Rasim Balayev də o adamlardan biridir. Amma bunun üçün maliyyə ayrılmalıdır, dövlət arxasında durmalıdır. Özümün iki kino ssenarim var və kinostudiyaya da müraciət etmişəm. Çox qlobal mövzulardır. Gürcüstanda bunu bəyənib çəkmək istəyiblər, amma mən istəmişəm ki, burda çəkilsin. Burda isə cavab belə olub ki, bizə komediya lazımdır. Kinostudiyanın başında elə adam oturmuşdu ki, o danışanda məni gülmək tuturdu ki, bu necə gəlib bura çıxıb. Kinostudiyanın dəhlizinə baxanda dəhşətə gəlirsən, burda ancaq qorxulu filmlər çəkmək olar.

“Axırıncı aşırım”, “Yeddi oğul istərəm” filmini çəkən insanların içində nə qədər millət sevgisi olub. Rejissor film çəkəndə nəyisə demək istəyir, bunlar isə demək istəmirlər. Ancaq 5-10 manat ciblərinə qoyub özlərinə oxşayanları güldürmək istəyirlər. Atatürk deyib ki, “bir milləti bilmək istəyirsinizsə, baxın, görün onlar nəyə gülürlər”. Biz hansı komediyalara gülürüksə, o haldayıq...”

Geri qayıt