Əsas Səhifə > Şou-biznes > "Ad günlərimi keçirməməyim qəmli bir hadisəylə əlaqəlidir"

"Ad günlərimi keçirməməyim qəmli bir hadisəylə əlaqəlidir"


13-06-2022, 10:15
"Ad günlərimi keçirməməyim qəmli bir hadisəylə əlaqəlidir"
Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Bəsti Cəfərova Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Bəsti xanım, bu gün sizin doğum gününüzdür. Doğum günlərinizi adətən necə qeyd edirsiniz?

- Adətən mən ad günlərimi qeyd etmirəm. Bu qəmli bir hadisəylə bağlıdır, müsahibələrimin birində bu barədə danışmışam, yenidən xatırlamaq istəmirəm. Amma yubiley illərimizi sinif yoldaşlarımızla birgə qeyd edirik. Biz Nərimanov rayonundakı 82 nömrəli orta məktəbi 1976-cı ildə bitirmişik və indiyə qədər sıx ünsiyyət saxlayırıq, tez-tez görüşürük. Ötən ilki ad günümdə də bir yerdə idik.

- Ən gözəl, gözlənilməz, xüsusi hədiyyələri kimlərdən alırsınız? Bəs ən sevdiyiniz hədiyyə nədir?

- Əlbəttə ki, qızımdan. Əslində mən heç vaxt, heç kimdən məxsusi hədiyyə gözləmirəm də. Doğum günü təbriki üçün bir xoş söz, bir telefon zəngi, bir mesaj əgər ürəkdən gəlirsə mənim üçün qiymətlidir. Amma sürpriz hədiyyələr də həyatımda çox olub.

- Bəsti xanım, çox nadir aktrisalardansınız ki, heç vaxt teatra xəyanət etməmisiniz, əksinə, tələbələr yetişdirmisiniz, onları teatra cəlb etmisiniz. Siz indi cavanlara, gənclərə yaratdığınız imkanları, şəraiti vaxtilə sizə yaratmışdılar?

- Artıq 20 ilə yaxındır ki, pedaqoji fəaliyyətlə məşğulam. Gəncləri çox sevirəm, onlar bizim gələcəyimizdir. Çox istərdim istedadlı gənclərimiz teatrlara daha çox cəlb olunsunlar. Teatrımızda gənc aktyorlar bizimlə bir tamaşalarda yer alırlar, çox da uğurlu iş nümayiş etdirirlər. İndi gənc aktyorlara yaradılan imkanlar, əlbəttə nə vaxtsa bizə də yaradılmışdı. 44 ildir çox sevdiyim Akademik Milli Dram Teatrında çalışıram. Bu gün də tamaşaçıların çox sevdiyi, 11 il teatrımızın repertuarında özünəməxsus yeri olan A.Saqarellinin “Xanuma” tamaşası ilə onlarla görüşdüm. Hal-hazırda bir aktrisa kimi teatrımızın repertuarında 3 tamaşada məşğulam: M.S. Ordubadi "Qətibə İnanc", A.Saqarelli “Xanuma”, və E. Filippo "Filumeno de Marturano". Gələcəkdə yeni tamaşalarla görüşənədək.

- Bəsti xanım, təbii ki, sənətkarın arzuları, istəkləri bitib-tükənmir. Bəs sizin ən böyük arzunuz nədir?

- Artıq mənim arzularım övladımla bağlıdır. Onun seçdiyi sənətində uğurlarını görmək istəyirəm, xoş gününü görmək istəyirəm, ümumiyyətlə, qızımın xoşbəxt olmasını istəyirəm.

- Qızınız Fidan hazırda İctimai TV-də "Yeraltı" verilişinin aparıcısıdır. İllər öncə teatrın nəzdində yaradılmış studiyada aktrisa olaraq fəaliyyət göstərirdi. Yenidən teatra qayıtmaq istəyirmi?

- Qızım Fidan hal-hazırda İTV- də "Yeraltı" verilişinin aparıcısıdır, İctimai Televiziyada çalışır. Bəli, illər öncə İncəsənət Universitetində oxuyarkən, bizim teatrda yaradılmış aktyor studiyasına gəlirdi. Fidan bildiyiniz kimi, rejissorluq fakultəsində təhsil alırdı və studiyadakı məşğuliyyətinin səbəbi aktrisa olmaq deyildi. Müəllimləri də, mən də məsləhət görmüşdüm ki, yaxşı rejissor olmaq üçün aktyorluğu da bilmək faydalı olardı. Bizim teatrda üç tamaşada aktrisa kimi çıxış etdi. Bu mənim studiyanın tələbələri ilə hazırladığım "Nağıllar aləminə səyahət", "Müsyo İbrahim və quran çiçəkləri" və "Qətibə İnanc" tamaşasında. M.S. Ordubadi "Qətibə İnanc" tamaşası indi də teatrın repertuarındadır və Fidan indi də gəlib gənc Qətibə rolunu oynayır.

Geri qayıt