Əsas Səhifə > Şou-biznes > “Həmişə deyirəm, Hacı, Allah sənə rəhmət etsin ki, sən bu duaları övladın üçün qazanmısan...”

“Həmişə deyirəm, Hacı, Allah sənə rəhmət etsin ki, sən bu duaları övladın üçün qazanmısan...”


13-06-2022, 08:33
“Həmişə deyirəm, Hacı, Allah sənə rəhmət etsin ki, sən bu duaları övladın üçün qazanmısan...”
Ötən gün xalq artisti, məşhur aktyor, “Şöhrət” ordenli sənətkar Hacıbaba Bağırovun doğum günü idi. Xalq artisti yaşasaydı, 90 yaşını qeyd edəcəkdi. Amma sənətkarın doğum gününü onsuz doğma teatrının kollektivi qeyd edib. Belə ki, Akademik Musiqili Teatrının direktoru başda olmaqla sənət ocağının bütün kollektivi, nazirlik əməkdaşları sənətkarın məzarını ziyarət edərək, nitq söyləyiblər. DİA.AZ xəbər verir ki, sənətkarın ömür-gün yoldaşı Arzu Bağırova Moderator.az-a açıqlamasında məhz 90 illik yubiley üçün qızı ilə birlikdə Bakıya gəldiklərini bildiriblər.

“Bilirsiniz ki, qızım Şölə Ankaranın Hacettepe universitetinin siyasi bilimlər və dövlət idarəetmə fakültəsində təhsil alır. Son günə qədər inanmırdım ki, Hacının yubileyinə çatdırıb gələcəm. İmtahanları uğurla verəndən sonra səhər Bakıya uçduq. Səhər saatlarında kollektiv, nazirlik əməkdaşları Hacının məzarını ziyarət edib, xoş xatirələrini bölüşüblər. Nazirlik, teatr məzarı üstünə əklil güllər göndərib. Biz məzarı üstünə çatdırıb gedə bilməsək də axşamkı tamaşaya gəlib çatdıq. Bilirsiniz ki, “Mən dəyərəm min cavana” tamaşası Hacının 75 illik yubileyi üçün yazılmışdı. Çox təəssüf ki, o 74 yaşında dünyasını dəyişdi. Hacı rəhmətə gedəndən sonra tamaşanın premyerası baş tutdu, baş rolda da xalq artisti İlham Namiq Kamal oynadı. Tamaşa bu gün Hacının ruhuna ithaf edilmişdi. Tamaşadan öncə Telli Pənahqızı gözəl nitq söylədi. Teatrın foyesi Hacının portret şəkili və tamaşalarda geyindiyi geyimlərlə bəzədilmişdi. Teatra daxil olanda onun mahnıları, səsi eşidilirdi. Sağ olsun teatrın direktoru Əliqismət müəllim! Mən burada olmasam da, hər şeydən arxayın idim, bilirdim ki, o hər zamankı kimi hər bir şeyi möhtəşəm şəkildə təşkil edəcək.

Bilirsiniz ki, o bizim hər bir problemimizi həll edir, hər zaman ailəmizə böyük diqqət və qayğı göstərir. İnsan əzizinin itkisi ilə barışa bilmir, saatlar, aylar, illər keçsə belə. Əziz insanın itkisinin yerini heç kim, heç nə doldura bilmir. Bu acını, yaranı zaman sağaltmır. Təsəllim və ümidim təkcə övladımdır. Həyatdakı bütün istəklərim övladımla bağlıdır. Allah bütün balaları qorusun. Mənim üçün ən dəyərli şey bilirsiniz nədir? Hacıbabaya rəhmət oxuyub, deyirlər ki, “Allah onun bir balasını saxlasın, qızını qorusun”. Mənim üçün həyatda bundan gözəl dua yoxdur! Mən Allaha çox bağlı insanam, inanıram ki, hər duada bir fəzilət, xeyir var. Mən də həmişə deyirəm ki, “Hacı Allah sənə rəhmət etsin ki, sən bu sözləri, duaları övladın üçün qazanmısan” deyə sənətkarın ömür-gün yoldaşı Arzu Bağırova bildirib.

Sənətkarın qızı Şölə Bağırova da atasını unutmayan insanlara təşəkkürünü bildirib.

“Atamın 90 illik yubileyində iştirak edən şəxslərə öz təşəkkürümü bildirirəm. Mədəniyyət Nazirliyinə, nazirliyin əməkdaşı Könül xanım Cəfərovaya, başda Əliqismət müəllim olmaqla bütün teatr kollektivinə, xəstə halıyla məzar üstünə gələn Afaq xanım Bəşirqızına öz təşəkkürümü bildirirəm. Sağ olsunlar ki, onlar atamı 90 yaşında da unutmadılar. Hər zaman böyük fəxr və qürur hissi ilə demişəm ki, mən Hacıbaba Bağırovun qızıyam. Atam hər zaman onu sevən tamaşaçıların və dostlarının xatirəsində yaşayacaq” deyə sənətkarın qızı bildirib.

Geri qayıt