Əsas Səhifə > Şou-biznes > "Rusiya ilə Azərbaycan arasında müttəfiqlik sazişinin mürəkkəbi qurumamış..."

"Rusiya ilə Azərbaycan arasında müttəfiqlik sazişinin mürəkkəbi qurumamış..."


6-06-2022, 08:50
"Rusiya ilə Azərbaycan arasında müttəfiqlik sazişinin mürəkkəbi qurumamış..."
Rusiyanın “RİA Novosti” xəbər agentliyinin internet saytı Azərbaycanda bloklanıb.

Buna səbəb həmin saytda özünü Azərbaycanın Qarabağ ərazisindəki qondarma qurumun naziri kimi təqdim edən Artak Beqlaryanın müsahibəsinin dərc edilməsi olub.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva, özünü Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri kimi təqdim edən Artak Beqlaryanın Rusiyanın “RİA Novosti” agentliyinə müsahibəsinin şərh edilməsi ilə bağlı açıqlama verib:

“Rusiyanın dövlət məlumat agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meyilləri təşviq edən məlumatları yayması Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmir. Beləliklə də, ciddi təəssüf doğurur.

Dövlət agentliyinin bu addımı, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq, təhlükəsizlik və strateji tərəfdaşlıq haqqında 1997-ci il tarixli Saziş və müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 2022-ci il tarixli Bəyannamənin “BMT Nizamnaməsinin prinsiplərinə və bir-birlərinin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən fəaliyyətdən çəkinmək”, habelə “separatçılıq təhdidlərinə qarşı mübarizə” müddəaları ilə ziddiyyət təşkil edir. “RİA Novosti” agentliyi tərəfindən bu təxribatçı açıqlamaların tirajlanması, həmçinin Rusiya Federasiyasının postmünaqişə mərhələsində bölgədə sülh yaratmaq səylərinə kölgə salır”.

Qeyd edək ki, Azərbaycan və Rusiya arasında müttəfiqlik müqaviləsi olmasına baxmayaraq, rus mediasında ölkəmizə qarşı qarayaxma və təxribat xarakterli xəbərlər yer almağa davam edir.

Maraqlıdır, bundan sonra ölkəmizə qarşı təxribat xarakterli məlumatlar yayan digər xarici media subyektlərinə qarşı da bənzər addımlar atıla bilərmi? DİA.AZ xəbər verir ki, bununla bağlı Cebhe.info-ya açıqlama verən telejurnalist, professor Qulu Məhərrəmli deyib ki, "RİA Novosti" agentliyinin saytının Azərbaycanda bloklanılması dürüst qərardır:

"Əvvəllər də Rusiyanın dövlət agentliyi sayılan "RİA Novosti" Azərbaycanın ərazi bütövlüyü əleyhinə, o cümlədən separatizmi stimullaşdıran yazılar və müsahibələr dərc edib. Onlara dəfələrlə xəbərdarlıq olunub. Amma yenə də agentlik bu məsələlərdə Azərbaycanın ərazi bütövlüyünə və dövlət müstəqilliyininə hörmətsizlik nümayiş etdirir. Ona görə də belə bir saytın bloklanması çox vacibdir. Hesab edirəm ki, nə qədər kəskin olsa da, bu, Azərbaycan tərəfindən atılan çox dürüst addımdır. Çünki Rusiya ilə Azərbaycan arasında müttəfiqlik sazişinin mürəkkəbi qurumamış bu cür addımların atılması Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyininə qarşı yazıların yayılması iki dövlət arasında hazırda mövcud olan münasibətlərin məntiqinə və ruhuna ziddir".

Professor, "RİA Novosti" və digər rus saytlarının Qarabağdakı separatçılara həddindən çox diqqət yetirdiyini vurğulayıb:

"Hətta lazım olan və olmayan bütün məlumatları yayaraq, onların mətbuat şəbəkəsi kimi fəaliyyət göstərirlər. Bu cür agentliklər Rusiyadakı erməni qüvvələrinin tam təsiri altındadır. Bir çox məlumatlar onların diqtəsi ilə hazırlanır. Ona görə də Azərbaycan tərəfi çox doğru addım ataraq həmin saytın burada yayımlanmasını bloklayıb".

Qulu Məhərrəmli qeyd edib ki, gələcəkdə Azərbaycana qarşı informasiya təxribatı törədən və informasiya təhlükəsizliyimizi sual altında qoyan hər hansı rus saytına, eləcə də digər ölkə saytlarına da bu addımlar tətbiq olunmalıdır:

"Hər kəs bilməlidir ki, Azərbaycan müstəqil dövlətdir və ona qarşı bu cür təxribatlar aparmaq yolverilməzdir. Ümumiyyətlə, separatizmi stimullaşdırmaq təkcə ikitərəfli münasibətlərə aid deyil, beynəlxalq hüquqa və konvensiyaya ziddir. Buna görə də separatizmi dəstəkləyən fəaliyyətə qarşı kəskin tədbir görülməlidir.

Hesab edirəm ki, bundan "Sputnik Azərbaycan" və başqa rus saytları da ciddi nəticə çıxarmalıdırlar. Azərbaycanın təxminən 10-a yaxın informasiya agentliyi və saytlarının Rusiyada yayımlanması qadağan olunub. Niyə? Çünki həmin saytlarda Rusiya-Ukrayna müharibəsi ilə bağlı hər hansı məlumatı verəndə Rusiya tərəfinin maraqlarına toxunulan nüanslar olur. Hər dövlət özünün informasiya təhlükəsizliyini qoruduğu kimi Azərbaycan da bu addımı atmağa məcburdur.

Ona görə də belə bir saytın bloklanması tam məntiqə uyğundur".

Geri qayıt