Əsas Səhifə > Şou-biznes > “Ona kömək lazımdır, çünki...”

“Ona kömək lazımdır, çünki...”


2-06-2022, 08:22
 “Ona kömək lazımdır, çünki...”
Ötən həftə xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçildi. İttifaqa yeni üzvlər də seçilib. Onlar əməkdar artist Rasim Cəfərov, sənətşünas Nadir Bədəlov, ssenarist Reyhan İsayeva, Elza Ağayeva, prodüser Oksana Rəsulova, kinoaktyor Manaf Dadaşov, animasiya operatoru Ramiz Ağayev, aktyor-kaskadyorlar Sain Fərmanlı və Murad Abdullayevdir.

İndi bir sual çoxlarını düşündürür: Rasim Balayevin quruma sədr seçilməsi ilə nələr dəyişəcək?

Xatırladaq ki, hələ bu təyinat təsdiq olunmazdan əvvəl əməkdar incəsənət xadimi, tanınmış kinorejissor Ayaz Salayev “Yeni Müsavat”a açıqlamasında bildirmişdi ki, Rasim Balayevin təyinatı ilə heç nə dəyişməyəcək:

“Çünki faktiki olaraq ittifaqı başqaları idarə edəcək, Rasim Balayev isə viziti olacaq. Dəfələrlə bu haqda demişəm və indi də qeyd edirəm, həmin ittifaqın üzvləri ilə normal dostluq əlaqələrim var. Lakin bir təşkilat kimi o, mənim üçün mövcud deyil. Əgər iki ittifaq birləşərsə, mən oranı tərk edəcəyəm. Ümumiyyətlə, bu iki ittifaq çətin ki, birləşsin. Artıq kino aləmi parçalanıb və onu parçalayanın da adı məlumdur. Bu, artıq mənim üçün ideoloji məsələdir. Şəxsən mən həmin ittifaqın ideoloji düşməniyəm”.

Xalq artisti Şeyx Əbdül isə məsələyə bu cür münasibət bildirmişdi:

“Rasim Balayev mənim 40 illik dostumdur, canım-ciyərimdir. Amma ürəyimdən çox keçirdi ki, Rasim Balayev qabağa çıxıb desin ki, hamı bir yerə yığışsın. O ittifaqda ”qurdlar" var, hansı ki, onlar zamanında özlərinə yaxşı biznes qurublar və hələ də bu maraqlara xidmət edirlər. Heç bilirsiniz ki, o ittifaqda nələr olub, nələr... Danışılası, deyiləsi deyil. Hətta bir ara cinayət işi açılmışdı, məhkəmə də başlamışdı, lakin sonra nüfuz və addan istifadə edərək məsələni dayandırdılar. Həmin adamlardan hələ də qalan var. Ona görə də onlara vahid ittifaq, qurum lazım deyil, fürsətdən istifadə edib, qarşıdurma yaratmağa çalışırlar ki, öz işlərini görsünlər. Hesab edirəm ki, onlar Rasim Balayevin yaşından, səhhətindən istifadə edib, bu qarşıdurmaları daha da dərinləşdirəcəklər, Rasim müəllim də məcbur qalıb, hər şeyə tüpürüb, gedəcək".

Bəs digər kinoçular bu təyinatı necə dəyərləndirir? dia-az.site xəbər verir ki, məsələ ilə bağlı xalq artisti Afaq Bəşirqızı “Yeni Müsavat”a danışıb:

“Rasim Balayev kinoya bələddir, o, bu sahəni bilir. Lakin o qədər yeniliklər olur ki, onunla ayaqlaşmaq lazımdır.

Sözün doğrusu, nəsə deməyə çəkinirəm, sözlərimlə kimisə incitmək istəmirəm. Bu bir faktdır ki, kinomuz öz həyəcan təbilini çoxdan çalır. Kinoya dostluq, qohumluq naminə adamların gətirilməsi kinomuzu bada verib. Həmin adamlar bunu düşünməlidir. Heç olmasa indi pensiyaya çıxsınlar ki, yeni potensiallı kadrlar önə çıxsın.

Əslində müharibədən sonra Qarabağa aid bir-birinin ardınca filmlər çəkilməlidir. Kimdən gözləyirsiz? Afaq Bəşirqızı kinostudiyanın rəhbəri deyil, amma bu barədə düşünür. Bunu potensial gücə malik olan yaradıcı adam etməlidir.

Kinostudiyanın aqibətindən xəbəriniz var? Nə ki əşyalar, maşınlar, vasitələr var, hamısını aparıb satıb, dağıdıblar. Hətta qapı-pəncərə belə sökülüb aparılıb. Biz sivilizasiyadan danışırıq. Hansı sivilizasiyadan söz açırıq, sökülmüş döşəmədən? Bir faktı xatırladım, “Dəli Kür” filmində Leyla Bədirbəylinin boynundakı zinət əşyalarının hamısı həqiqi qızıl və brilyant idi. Hanı bəs onlar? Elə bir mebellər var idi ki, hanı onlar? Bir dəfə Müşfiq Hətəmov mənə dedi ki, Afaq xanım, xəbərin var, “Cavad xan” filmi çəkiləndə bir dənə də olsun at yəhəri tapa bilmirdik. Soruşdum ki, bəs onlar hanı? Dedi ki, ya bulvardakı atların üstündədir, ya da digər yerlərdə. Yəni hamısını satıblar. Bu cür özbaşınalığı, tabesizliyi sözlə ifadə etmək mümkün deyil. Təkcə dövlətin malını deyil, həm də bu yaradıcılığı, kinonu dağıdıb, məhv ediblər.

O ki qaldı Rasim Balayevə, düşünürəm ki, ona kömək lazımdır. O bilir bu sahədə kim kimdir, nə nədir. Ona, sadəcə, kömək lazımdır ki, nəsə edə bilsin.

Həmçinin hesab edirəm ki, Rasim Balayev, nəhayət ki, bütün sənət adamlarını bir masaya toplaya biləcək".

Əməkdar artist Rasim Cəfər isə qeyd etdi:

“Azərbaycan Kinematoqrafçılar İttifaqı, sadəcə, bir qurumdur, yəni kino sahəsində nəsə iş görəcək gücə malik deyil. Yəni bu qurumun fəaliyyəti kinematoqrafçıların problemlərini həll etmək, onlara hər hansı maddi yardım etməklə bağlıdır. Bu baxımdan Rasim Balayevdən qlobal bir dəyişiklik gözləmək düzgün deyil.

Lakin bizim kimi kiçik bir ölkədə iki kinematoqrafiya ittifaqının olması, fikrimcə, artıqdır. Ümid edirəm ki, nə vaxtsa bu iki qurum birləşəcək, vahid bir kinematoqrafiya yaranacaq. Fikrimcə, bundan sonra bu qurum daha səmərəli işləyə biləcək.

O ki qaldı Rasim Balayevin quruma sədr seçilməsi, əlbəttə ki, o, çox hörmətli sənətkarlarımızdan biridir. Onun sədr olması həm qurum üçün, həm də kinoçular üçün çox müsbət haldır. Hesab edirəm ki, kinonu bilən adam kimi Rasim Balayev kinoçuların problemlərini həll etmək baxımından çox böyük işlər görə biləcək".

Ssenarist Reyhan Cəfər İsayeva isə bildirdi ki, üzvü olduğu qurum ssenari sahəsinin inkişafı üçün daima master-klaslar həyata keçirir:

“Özüm də həmin master-klaslarda iştirak etmişəm. Hətta bununla bağlı bir kurs da var. Bu məsələni çox dəstəkləyirəm, çünki kinonun əsasını məhz ssenari təşkil edir və bu haqda qurumda keçirilən iclasda da vurğulandı. Hesab edirəm ki, bu tendensiya davam edəcək və daha da inkişaf edəcək.

Həmçinin Azərbaycan Kinematoqrafçılar İttifaqı mütəmadi olaraq hər zaman film nümayişləri həyata keçirir və bəzən tamaşaçıların, eləcə də sənət adamlarının baxa bilmədiyi filmləri görə bilirik".

Aktyor-kaskadyorlar Sain Fərmanlı isə bildirdi:

“Rasim Balayevin quruma rəhbər gəlməsi məni çox sevindirdi. Hesab edirəm ki, onun gəlişi kino sahəsinə mühüm təsir edəcək. Çünki o, bütün ömrünü bu sahəyə həsr edib.

Məlum olduğu kimi, son zamanlar kino sahəsində mühüm dəyişikliklər, yeniliklər baş verir və bunu hamımız görürük. Ümid edirəm ki, bundan sonra hansısa baryerləri keçə biləcəyik, hansı ki, illərlə bu bizim qarşımızı kəsirdi. Ən azından kino sahəmizin Türkiyədəki kimi olacağına inanıram. Əlbəttə ki, buna illər lazım gələcək.

Hesab edirəm ki, bizlərin Azərbaycan Kinematoqrafçılar İttifaqına üzv olmağımız Azərbaycan kino sahəsinin inkişafına bir az da dəstək olar".

Geri qayıt