Əsas Səhifə > Şou-biznes > Əgər reklam qanunları düzgün şəkildə icra olunarsa...

Əgər reklam qanunları düzgün şəkildə icra olunarsa...


23-05-2022, 08:08
Əgər reklam qanunları düzgün şəkildə icra olunarsa...
Azərbaycanda illərdir ki, serial sahəsi arzulanan səviyyəyə gəlmir.

Bunun başlıca səbəbi isə layihə və kanal rəhbərlərinin seriala bazar kimi yanaşmasıdır. Seriallara o qədər az büdcə ayrılır ki, sadəcə 1 ev kirayə götürərək bütün çəkilişi orada edirlər. Yəni seriallarımızda evin hər otağı fərqli bir yer kimi göstərilir. Hətta bəzən evin eyni otağını 2 fərqli məkan olaraq təqdim etməyə çalışırlar. Amma bu, elə çalışmaq olaraq da qalır. Olduqca maraqsız, bəsit olan ssenari və istedadsız aktyor-aktrisalara bir də bəbad çəkiliş meydançası əlavə olunur.

Təbii ki, belə olan halda ortaya keyfiyyətsiz iş çıxır. Tamaşaçı diqqətini çəkməyən serial sırf gəlir mənbəyi kimi düşünülür. Üstəlik, belə serialları mümkün qədər uzadaraq, illərlə davam etdirirlər. Çünki serialı çəkənlər işlərinə rejissor kimi deyil, biznesmen kimi yanaşırlar. Hazırda telekanallarımızda yayımlanan serialların çox böyük əksəriyyəti reklam qanunlarını kobud şəkildə pozur.

Hətta iş o həddə çatır ki, çəkilişlər mağazalarda həyata keçirilir. Əvvəl mağazalar seriala gəlirdi, amma indi dövran dəyişib. Seriallar mağazaya gedir. Hətta deyəsən, mağaza-market sahibləri belə seraillara çox səthi yanaşırlar. Çünki iri marketlərdə hər bölüm çəkiliş edən seriallara bir otaq və ya masa belə verilmir. Düşünə bilirsiniz, aktyorlar hər bölüm marketlərə, mağazalara gedərək ayaq üstə 10-15 dəqiqə mənasız dialoqlar quraraq seriala çəkildiklərini zənn edirlər. Belə bir vəziyyət dünyanın heç bir ölkəsindəki telekanallarda yaşanmır.

Maraqlı məqam odur ki, illərdir davam edən bu biabırçılığı heç kim dayandırmır. Əslində bu qanunların çox kobud şəkildə pozulmasıdır. “Reklam haqqında” Qanunun 1-ci fəslinin 8-ci maddəsinin 1 və 2-ci bəndlərində açıq şəkildə göstərilib ki, reklam istehlakçısının şüuruna təsir göstərməklə, diqqətini reklam obyektinə cəlb etmək üçün reklam daşıyıcılarında reklam qismində təqdim edilmədən, “reklam” yaxud “reklam hüququ əsasında” qeydi olmadan verilən məlumat gizli reklamdır. Həmçinin, gizli reklama yol verilmir. Gördüyünüz kimi, qanun olduqca açıqdır. Lakin seriallarda bu qanunlar heçə sayılır. Çünki mağazadakı çəkilişlərdə hansısa obrazın orada işlədiyi göstərib, 5-6 dialoq qoymaqla arxa fonda kifayət qədər reklama yer verirlər. Burada izləyicinin diqqəti obrazlara çəkilərək, mağazadakı məhsullar gizli formada reklam olunur. Bu isə tamamilə qanunsuzdur.

Bununla yanaşı, yerli serialların bir bölümünün ortalama müddəti 30 dəqiqə olur. Reklamlarla birlikdə isə həmin layihənin ekranda olduğu müddət 1 saata gəlib çıxır. Üstəlik, ekran işinin içində də “tanıdıcı vaxt” olaraq da reklam yerləşdirilir. Hətta səhnələrin gedişatı zamanı hər hansısa məhsulun da yenə gizli şəkildə arxa fonda və ya obrazın üzərində olmaqla reklamı gedir. Bütün bu qanun pozuntularını edənlər isə “komediya” janrı adı altında özəl kanallarda yayımlanan şit və mənasız serialları çəkənlərdir.

Qanunlara görə, televiziya və radioda verilən sponsor reklamında bu məlumatların ümumi həcmi hər bir proqramda (verilişdə) 2 dəqiqədən çox olmamalıdır.

Amma izləyicilər serialların əvvəlindən sonuna qədər təxminən 1 saat ərzində sadəcə reklama baxırlar. Hətta reklamarası serial izləyirlər desək, yanılmarıq.

Üstəlik kanalların 1 saat ərzində sadəcə 12 dəqiqə reklam yayımlamaq hüququ var. Nə hikmətdirsə, özəl kanallar da bu qaydaya da riayət etmirlər. Düzdür, arada bəzi kanallar reklam müddətinindən artıq reklam yayımladığı üçün bir neçə saatlıq cəzalandırılır, amma nəticə dəyişmir.

Əgər reklam qanunları düzgün şəkildə icra olunarsa, ölkədə tək-tük serial yayımlanar və telekanallara hər gün cəza tətbiq olunar. Nə deyək, ümid edək ki, əlaqədar qurumlar öz vəzifəsini icra edərək seriallardakı pozuntuların qarşısını almaq üçün lazımi addım atar...
Cebhe.info

Geri qayıt