Əsas Səhifə > Şou-biznes > "Bizim sosial durumumuz kifayət qədər yaxşıdır"

"Bizim sosial durumumuz kifayət qədər yaxşıdır"


21-05-2022, 08:47
"Bizim sosial durumumuz kifayət qədər yaxşıdır"
Mərhum sənətkar Rübabə Muradovanın qavalı ilə bağlı səsləndirilən fikirlər bir neçə gündür ki, gündəmi zəbt edib. Xatırlatma üçün bildirək ki, xalq artisti Zabit Nəbizadə saytımıza verdiyi müsahibədə qavalının Rübabə Muradovaya məxsus olduğunu bildirmişdi. Moderator.az-da başladılan müzakirəli mövzuya elə saytımızda son qoymaq qərarına gəldik. Sənətkarın nəticəsi, teleaparıcı Abbasağa Əlizadə saytımıza açıqlamasında nənəsinin qavalı ətrafında baş verən söz-söhbətə faktlarla son qoyub.

“Nənəm Rübabə Muradovanın qavalıyla bağlı müxtəlif fikirlər səsləndirilə, yazıla bilər. Amma dəqiq və əsaslı məlumat olaraq onu bildirim ki, nənəmin qavalı hazırda Heydər Əliyev Mərkəzində 19 sentyabr 2019-cu ildən daimi sərgi kimi fəaliyyət göstərən "Musiqi alətləri: birlik və müxtəliflik" sərgisində qorunub saxlanır. Sevindirici bir haldır ki, dövlət tərəfindən Azərbaycan mədəniyyətinə tövhə verən böyük sənətkarların musiqi alətlərinə belə bir xüsusi diqqət və qayğı var. Adı çəkilən sərgidə xalq artisti Rübabə Muradovanın qavalıyla yanaşı digər sənətkarların da musiqi alətləri qorunub saxlanılır. Bu isə bir daha sübut edir ki, Azərbaycanın zəngin musiqi tarixi var və bu tarix gələcək nəsillərə bütöv şəkildə ötürülməlidir. Sevindirici bir haldır ki, bü gün Rübabə Muradovanın böyük sənəti diqqət mərkəzindədir” deyə sənətkarın nəticəsi bildirib. Abbasağa Əlizadə həmçinin Zabit Nəbizadənin “100 minim olsaydı Rübabə Muradovanın məzarını təmir etdirərdim” sözlərinə də münasibət bildirib.

“Dəyərli sənətkarımız Zabit Nəbizadənin nənəmin məzarının bərpa etmək mövzusuyla bağlı onu demək istəyirəm ki, Rübabə Muradovanın qızları dünyasını dəyişsə də bu gün onun nəvələri, nəticələri sağdır. Bizim sosial durumumuz kifayət qədər yaxşıdır. Hər birimizin imkanı yetir ki, nənəmizin məzarını bərpa edək və kiminsə köməyinə ehtiyac duymuruq” deyə o bildirib.

Rübabə Muradovanın qavalının Heydər Əliyev Mərkəzindəki muzeydə nümayiş olunan görüntülərini özəl olaraq sizlərə təqdim edirik.

Geri qayıt