Əsas Səhifə > Şou-biznes > Azərbaycan artıq “Avroviziya”dan imtina etməlidir

Azərbaycan artıq “Avroviziya”dan imtina etməlidir


17-05-2022, 08:23
Azərbaycan artıq “Avroviziya”dan imtina etməlidir
“Avroviziya-2022” mahnı müsabiqəsində Azərbaycanın verdiyi 12 xalla bağlı problem yaranıb.
Müsabiqənin final mərhələsi zamanı baş verənlər və ondan sonra verilmiş qərarlar Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətində təəssüflə qarşılanıb. Ölkəmizdən 12 xal Ukraynaya verilməli imiş. Lakin yarışma təşkilatçıları final şousunun sonunda heç bir səbəb gətirmədən israrla başqa nəticələrin açıqlanmasını istəyiblər. Bu istək biz tərəfdən rədd edilsə də yarış təşkilatçıları Bakıya bağlanmayıb, adımızdan öz nəticələrini elan ediblər. Həmçinin Bakıdan səslərin canlı yayımda elan olunması üçün heç bir texniki problem olmayıb.

Məlumata görə, yayım zamanı İctimai Televiziya və Radio Yayımları Şirkətinin nümayəndəsi Azərbaycanda münsiflərin səsverməsinin nəticələrini elan etməyə tam hazır olmasına baxmayaraq, yarış təşkilatçıları Bakıya bağlanmayıb, bizim adımızdan öz nəticələrini elan ediblər: “Bu prosesin Bakıdan aparılmaması isə texniki problemlərlə əlaqələndirilib. Halbuki bizdə səslərin canlı yayımda elan olunması üçün heç bir texniki problem yox idi. Bir daha vurğulayırıq ki, biz təşkilatçılara İctimai Televiziyanın adından səsləri elan etməyə heç bir hüquq verməmişik. Biz bu məsələ ilə bağlı rəsmi cavab gözləyirik və ondan asılı olaraq növbəti addımlar atmağı planlaşdırırıq. Ümid edirik ki, yaranmış vəziyyət tezliklə ədalətin qorunması şərtilə çözüləcək".

Eyni halla qarşılaşan digər bir ölkə isə Gürcüstan olub. Belə ki, finalda canlı bağlantı qurmağın mümkün olmadığı deyilən ölkələrin səslərini açıqlayan nümayəndə Gürcüstanın 12 xalı Böyük Britaniyaya, Ukraynaya isə 6 xal verdiyini bildirib.

Məsələ ilə bağlı Gürcüstanın İctimai Yayımçısı bəyanat yayıb: “Gürcüstandan olan münsiflər heyəti ən yüksək xalı - 12-ni Ukraynaya verib. Bunu “Avroviziya” mahnı müsabiqəsinin təşkilatçılarına göndərilən notariat qaydada təsdiq edilmiş sənəd sübut edir. İctimai Yayım bütün şərtlərə əməl edib, rəsmi sənəd göndərib və heç bir nöqsan olmadığına dair Avropa Yayım Birliyinin razılığını alıb. Hazırda Avropa Yayım Birliyində (EBU) araşdırma aparılır. Nəticələrin yaxın zamanlarda elan ediləcəyini gözləyirik”. dia-az.site-ın məlumatına görə, siyasi şərhçi Azər Həsrət “Şərq”ə açıqlamasında deyib ki, “Avroviziya” məsələsinə köklü yanaşmaq və sərt mövqe sərgiləmək lazımdır. İllər əvvəl Azərbaycanın bu cür beynəlxalq platformalara ehtiyacı vardı:

“Ölkəmizi beynəlxalq arenada tanıtmaq, səsimizi dünyaya çatdırmaq üçün bu cür tribunalar bizim üçün mühüm əhəmiyyət kəsb edirdi. Amma indi geosiyasi vəziyyət dəyişib. Azərbaycan inkişaf edərək güclənib. Müvafiq dairələrdə öz sözünü deyib və dünyaya çıxışa nail olub. Ona görə də “Avroviziya” mahnı müsabiqəsi ilə bağlı yeni qərarlar alınmalı, fərqli siyasət yeridilməlidir”.

A.Həsrətin sözlərinə görə, müsabiqə təşkilatçılarının səsvermənin nəticəsinə bu cür kobud müdaxiləsi və Azərbaycanın əvəzinə Ukraynaya 12 yox, 6 bal verilməsi ölkəmizin beynəlxalq imicinə zərbə və gözdənsalma kampaniyasıdır: “Avroviziya” mahnı müsabiqəsinin bir mahnı yarışması kontekstindən çıxarılaraq bu dərəcə siyasiləşməsi və müxtəlif mərkəzlərin əlində alətə çevrilməsi fonunda Azərbaycan tərəfi öz reaksiyasını sərt şəkildə bəyan etməlidir. Qardaş Türkiyə nümunəsini örnək alaraq Azərbaycan da artıq bu yarışmadan imtina etməlidir. Və ən əsası bu cür platformalarda haqqımızın tapdanmasını sıradan bir hadisə kimi qəbul etməməliyik. Sərt şəkildə öz haqqımız uğrunda mübarizə aparmalıyıq. Bunun üçün də yetərli gücümüz və arqumentlərimiz var.

Hamımız bilirik ki, "Avroviziya" mahnı müsabiqəsindən daha çox siyasi yarışdır. Bu yarışmadan siyasi mesajların verilməsi üçün istifadə olunur. Builki yarışma da bunu təsdiqlədi. Hansı ölkə həmin vaxt aktual olursa, Avropa kiməsə mesaj ötürmək istəyirsə, qalib də buna uyğun seçilir".

Qeyd edək ki, Ukrayna İtaliyanın Turin şəhərinin ev sahibliyi etdiyi 66-cı “Avroviziya-2022” mahnı müsabiqəsinin qalibi olub.

Geri qayıt