Əsas Səhifə > Şou-biznes > "O insanların da dərsini verəcəm"

"O insanların da dərsini verəcəm"


14-05-2022, 09:26
"O insanların da dərsini verəcəm"
"Sonuncu xarici festivala gedib, orada ən uğurlu nəticə göstərib gələndən sonra 2600 manat cərimə olunmuşam. Sizə yarı ciddi, yarı zarafat başıma açılan oyunlardan birini dedim. Amma bütün bunlar qətiyyən mənim ümidimi qırmır". DİA.AZ xəbər verir ki, bu fikirləri Teleqraf.com-a müsahibəsində Bakı Uşaq və Gənclər Teatrının direktoru İntiqam Soltan deyib. Onunla bu il 20 yaşını qeyd edən teatrın bu günündən, uğurlarından, maneələrindən danışdıq.

“Bunu deyəndə utanıb xəcalət çəkirik”

- İntiqam bəy, 20 illik fəaliyyətinizi necə qiymətləndirirsiniz?

- Mayın 14-də biz 20 illik yubileyimizi qeyd edəcəyik. Yubileyimizi qəbul edilmiş tədbirlər kimi – restoranda yeyib-içib, yaxud yubileyimiz münasibəti ilə tamaşa hazırlamaq istəmədim. Əlamətdar tarixi “20 il 20 min addım” başlığı ilə marafon yürüşü təşkil edəcəyik. Teatrımızın hazırki yerləşdiyi yerdən - Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən Qurban Abbasov adına mədəniyyət evindən hərçənd ki, bu teatr məkanı deyil, adam deyəndə belə utanıb xəcalət çəkir, oradan Suraxanı rayon İcra Hakimiyyətinə kimi marafon yürüşü edəcəyik. İcra Hakimiyyətinin qarşısındakı parkda 40 dəqiqəlik şou-proqramla işimizi yekunlaşdıracağıq. 20 min addım rəmzidir, düşünürük ki, biz bu 20 ildə 20 min addım irəliləmişik. Bunu görənlər görürlər, görməyənlər onsuz da görməyəcəklər. İstəyir 100 min addım gedək...Bu söz məmurlara aiddir, xalqa yox.

- Xalq demişkən, həmişə əminliklə tamaşaçı qıtlığından əziyyət çəkmədiyinizi deyirsiniz.

-Bəli, doğrudur. Bu gün də tamaşamız var, sabah da tamaşamız olacaq. İnanın ki, yürüş olan günü də tamaşa oynayacağıq. Yürüşə görə tamaşanı təxirə salmadıq, əksinə yürüşün vaxtını iki saat sonraya təyin etdik. Çünki bizim üçün birinci dəyərli subyekt tamaşaçıdır. Onlar üçün işləyirik. Tamaşaçı Azərbaycanın sabahı deməkdir. Dünyanı xilas edə biləcək həmin adam bu gün bizim tamaşaçımız ola bilər.

- Bu 20 ildə neçə tamaşa hazırlamısınız?

-Təxminən 150-yə yaxın. 100 tamaşa uşaqlar, 50 tamaşa böyüklər üçündür. Bilirsiniz ki, iki ildir ki, biz Bakı Uşaq və Gənclər Teatrı adı altında fəaliyyət göstəririk.

“Gənclər Teatrını yaşatmaq istəyirəm”

- Belə bir qərar verməyinizə səbəb nə oldu?

-Məsələnin iç və çöl tərəfləri var. Mənim ustadlarımdan biri olan, rejissorluğu ondan öyrəndiyim Hüseynağa Atakişiyevin yaratdığı Gənclər Teatrı müvafiq əmrlə dayandırıldı və kollektiv Gənc Tamaşaçılar Teatrına birləşdirildi. Gənclər Teatrı faktiki ləğv olundu. Bu teatrı yaşatmaq istəyimdir. Bu mənim iç dünyamın istəklərindən biri idi. Bunu ilk dəfədir ki, etiraf edirəm.

Digər tərəfdən insan bütün günü ağlaya yaxud bütün günü gülə bilməz. Bir göz ağlayanda bir göz gülər. Və bütün tamaşalarımızı yalnız uşaqlar üçün oynayanda aktyorların sanki bir tərəfi işləyirdi, digər tərəfində hikkə yığılırdı, özüm qarışıq hiss edirdim ki, aktyor insan kimi yaşamağa da aktyor kimi fəaliyyət göstərməyə də əzab çəkir. Əsas səbəb budur.

Ondan da öncəki səbəb, bunu direktor kimi deyirəm. Teatrın maddi tərəfidir. Çox qəribədir ki, böyük teatrların əksəriyyəti maddi planlarını uşaq tamaşaları ilə biz isə böyük tamaşaları ilə doldurmuşuq.

- Bunu nəyə bağlayırsınız?

- Heç nəyə bağlamaq istəmirəm. Onsuz da ağzımdan çıxan sözləri müxtəlif yerlərə yozurlar. Amma məsələyə bir az başqa tərəfdən baxmaq lazımdır. Tamaşaların bir hissəsi birbaşa uşaqlar üçündür, bir hissəsi dolayısı ilə uşaqlar üçün olmalıdır. Yəni bugünki uşaqları tərbiyə edən onların valideynləridir. Mən uşağa sözümü deyirəm, uşaq gedib evdə başqa sözü eşidir. Deməli onun valideynlərini qarşıma qoyub onlara sözümü deməliyəm. Və valideynlə uşağı bir arada tamaşaçı zalına gətirəndə gözəl tandem olur. Deməli evdə valideynlə uşağın dialoqu üçün mövzu verirəm. Xüsusilə nano texnologiyalar, ağıllı telefonlar, planşetlər çıxandan sonra valideynlərlə uşaqlar hətta ər –arvad arasında belə telefon boyda uçurum var. Bir-birimizdən çayı votsapla istəyirik. Xəbəri tik-tokla tuturuq. Ona görə də Uşaq və Gənclər Teatrı olaraq tamaşalarımız böyüklərə aiddir. Bununla auditoriyamızı genişləndirmiş olduq və bundan da peşman deyilik.

6 il bundan öncə baş vermiş bir hadisəni danışım. 15 ildən çoxdur repertuarımızda yer alan bir tamaşa var- “Həyatla oyun və yaxud Xaş-xaşın göz yaşları”. Narkomaniya ilə bağlı hazırlanmış və Avropanın müvafiq qurumlarında ilk üçlüyə düşmüş tamaşadır. Həmin tamaşaya hansısa bir müəssisədə bilet satışı həyata keçirtdik. Tamaşaya bütün valideynlər qucağında uşaqla gəldilər. Başa salırıq ki, bu, böyük tamaşasıdır. Deyirlər biletin üzərində “Bakı Uşaq Teatrı” yazılıb. Onların sözündə həqiqət var idi. İndi biletin üzərində “Bakı Uşaq və Gənclər Teatrı” sözünü görən tamaşaçı hansı yaş qrupuna aid tamaşa olduğu ilə maraqlanır. Ona görə bunu etməyə ehtiyac var idi. İşlərimizin daha da normal getməsinə özümüz şərait yaratdıq. Bunu dəstəklədilər və teatr öz adını dəyişdi. Amma niyəsə adımız İqtisadiyyat Nazirliyinin əmri ilə dəyişdi. Hər halda görünür bu dövlətin qanunlarına uyğundur.

- İlə neçə tamaşa hazırlaya bilirsiniz?

- Yaradıcı heyətə bu cür plan qoymaq qeyri-peşəkar yanaşmadır. Gənc Tamaşaçılar Teatrı, Akademik Dram Teatrı, Musiqili Teatrda tamaşaların müddəti 2, 3 ,4 saatdır. Bizim tamaşalarımızın müddəti uşaqlar üçün 35 dəqiqə, məktəbli uşaqlar üçün 45 dəqiqədir. Gənclər üçün isə 1 saat, 1 saat 10 dəqiqə davam edir. Təcrübə göstərir ki, əgər mən sözümü demək istəyirəmsə tamaşa bir hissəli hazırlanmalıdır. Sözümü eşitdirmək üçün tamaşaçının vaxtına hörmət etməliyəm. 4 saat tamaşaçının vaxtını almaqla onlara heç nə vermirəm. Çünki onlar məni dinləmək istəməyəcəklər. İnanın ki, fevralın 20-dən martın sonuna qədər beş tamaşa təhvil verdik: iki bərpa, üç yeni tamaşa. Yaxın günlərdə “Maviş və xəzinələr adası” tamaşasını təhvil verəcəyik. Maraqlı nağıl tamaşadır, ölkəmizdə ilk dəfədir hazırlanır. Tamaşanın rejissoru Sərdar Gözəlovdur.

Belə qısa vaxtda bu qədər tamaşaları hazırlamaq kollektivimiz hazırlığı və peşəkarlığından xəbər verir.

45 dəqiqəlik tamaşanın məşqi bir saat, bir saat yarım vaxt aparır. Digər teatrlar günə bir tamaşanın məşqini ancaq çatdıra bilirlər.

O baxımdan bəzən ilə 10 tamaşa, bəzən olur ehtiyac olmadığına görə 5 tamaşa təhvil veririk.

- Ehtiyac olub-olmamasını nəyə əsasən müəyyənləşir?

-Biz məktəblərə, müəssisələrə, ali təhsil ocaqlarına, dövlət qurumlarına müraciət edirik. Deyirik sizi maraqlandıran mövzu varsa, buyurun, əməkdaşlıq edək, tamaşa hazırlayaq. Və bu əməkdaşlıqlar son dərəcə uğurlu olur.

Teatr böyük məktəbdir. Bəzən bilmirlər deyil, bilməməzlikdən gəlirlər. Bəzən teatrdan qorxduqlarına görə diqqətsizlik göstərirlər. Çünki bilirlər ki, teatr çox qaranlıq məqamları işə salan tərbiyə, təhsil, təlim ocağıdır. Bəzən hüquqi müstəvidə həllini tapa bilməyən işləri teatr vasitəsilə həll etmək mümkündür. Həbsxanalarda 300 dəfədən artıq tamaşa oynamışıq. Dustaqlar alqışlarla qarşılayıblar.

Bizim tamaşalarımızın 90-95 faizi maarifləndirmə xarakteri daşıyır. Çünki mənə görə teatr eyni zamanda təlim-tərbiyə yolunda dövlətin, cəmiyyətin, məktəbin və ailələrin köməkçisi olmalıdır.

- Hansı dövlət qurumları ilə əməkdaşlığınız olub?

- Gənclər və İdman Nazirliyi, Ədliyyə Nazirliyi, Qızıl Xaç Komitəsindən sifarişlər almışıq. Ədliyyə Nazirliyinin Qlobal Fondun vərəmlə bağlı layihəsi var idi. Tenderlə qalib gəldik, tamaşa hazırladıq və uzun illər repertuarda nümayiş olundu. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq nəticəsində çoxlu tamaşalar hazırlamışıq.

"Teatr Xadimləri İttifaqı qəddarcasına..."

- Bu il Şuşa ilidir. Bununla bağlı tamaşa hazırlanıb?

- Mən fikirləşmirəm ki, bu mütləq Şuşa adı keçən tamaşa olmalıdır. Şuşa mənim vətənimin bir parçasıdır. Onsuz da bütün tamaşalarımla vətənə xidmət edirəm. İkincisi, biz vətən müharibəsi ilə bağlı bir tamaşa hazırlamışıq. Festivaldakı qalmaqallı tamaşamız haqda yəqin ki, məlumatınız var. Teatr Xadimləri İttifaqının təşkil etdiyi “Qalib olan Azərbaycan" adlı tamaşalar festivalından söhbət gedir. Biz həmin festivala müharibədəki uğurlarımızdan, arxa cəbhədə yaşanılan həyatdan bəhs edən “Cənnətə bilet” tamaşası ilə qatıldıq. Rejissoru İlhamə Əhmədovadır. Çox səmimi şəkildə hazırlanan tamaşanın premyerasında izləyicilər üçün təcili yardım gəlmişdi. Amma Teatr Xadimləri İttifaqı tərəfindən son dərəcə qəddarcasına tamaşanın üzərindən xətt çəkdilər. Halbuki bizə zəng edib birinci yerə layiq görüldüyümüzü deyib, təbrik etmişdilər. Sonra isə “Azdrama”nın tamaşasını qalib elan etdilər. .Tamaşa sayılmayacaq dərəcədə zəif iş idi. O günlərdə Milli Dram Teatrının aktyoru ilə söhbət edirəm, deyir sən Akademik Milli Dram Teatrını təhqir etmisən: “Sən o tamaşanı bizim teatrın tamaşası kimi təqdim edirsən. Axı tamaşa repertuarımızda yoxdur”. Deyirəm bu reallıqdır, faktiki tamaşanı Akademik Dram Teatrı təqdim etmişdi. Bu festival ona görə keçirilirdi ki, teatrların repertuarında Qarabağ mövzusu ilə bağlı tamaşa olsun. Məqsəd bu idi. Mən deyəndə ki, Teatr Xadimləri İttifaqı Uşaq və Gənclər Teatrına qarşı haqsızlıq etdi, səslərini çıxarmadılar. Bizdə isə “Cənnətə bilet” mütamadi oynanılan tamaşadır.

Bu hadisə nəticəsində sənət sahəsində olan gənc nəslin canından xof çıxdı. Bildilər ki, Azər Paşa Nemət və digərləri kimi xof yaradan miflər artıq yoxdur. İnamla irəli getmək lazımdır.

İndi də mədəniyyət sahəsində çox böyük qara qüvvələr var. Onlar elə bilirlər ki, kənardan görünmürlər. Amma gün gələcək dərslərini verəcəm. Hərə öz işini görməlidir. Mədəniyyətin işi mədəniyyət məşğul olmaqdır. Teatrın işi teatrla məşğul olmaqdır. Mənim başqasının bağçasında nə işim var ki, orada məni itlər qapsın?

- Son dönəm çəkilən seriallarda teatrınızın aktyorları üstünlük təşkil edir.

- Rejissorlar indi başa düşüblər ki, uşaqlar üçün işləyən aktyorlar daha səmimi aktyorlardır. Çünki uşaqları inandırmaq üçün çox səmimi olmaq lazımdır. Rejissorlara da səmimi aktyor lazımdır. Bizim teatrın aktyorları ilə ilk çəkilişi olan rejissorlar mənə zəng edib, təşəkkür edirlər.

Bu ifadamə görə üzr istəyirəm, böyük səslənəcək. Mənim məktəbimi keçən aktyorlar bilirlər ki, yekəxanalıqla iş görmək mümkün deyil. Belə bir söz var deyir aktyoru üç məqam məhv edir: pul, tütün və içki, şöhrət. Aktyorluğun sənə gətirdiyi şöhrəti sən idarə etməlisən. Əgər şöhrət səni idarə edəcəksə sən məhv olacaqsan. Mənim aktyorlarım bunu məndən çox eşidiblər.

- Siz onlara şərait yaradırsınız. Bununla həm də siz qazanırsınız. Axı tanınan aktyorlar teatra tamaşaçı gətirir.

- Həmişə düşünmüşəm ki, yaratdığım teatr aktyor siması arxasında gizlənəcək həddə çatanda özümü xoşbəxt hesab edəcəm. O zamanlar gənclərlə teatrı yaratdıq, tanınmırdıq. İndi artıq başqa dövrdür. Teatrımın simaları çoxdur. Və o simalarla teatrı tanıyırlar.

"Mənə fırıldaq gəlirlər"

-Teatrda sərt qayda-qanunlarınız var. Eşitdiyimə görə aktyorları cərimələyirsiniz. Doğrudur?

-O əmrin icrası ləng həyata keçirilir. Mənə fırıldaq gəlirlər, amma eybi yox, cəzamı kəsəcəm. Məşq zamanı rus dilində bir kəlmə işlədən aktyor 1 manat, tamaşa zamanı isə 5 manat cərimə olunur. Rus dilindəki bəzi sözlər dilimizə elə hopub ki, istər istəməz bunu işlədirik. Bu cərimə aktyoru məcbur edir ki, dilinə nəzarət etsin. Bütün teatrlar bu qaydanı həyata keçirsələr necə gözəl olar. Dilimiz təmizlənər.

Özünü yaxşı aparan aktyorlar kassaya yığılanlardan qazanc əldə edirlər.

Belə qeyri adiliklərimiz var. İdarəçiliyimi bir cümlədən izah edim: mən yalnız o adamları idarə edirəm ki, onlar özləri özlərini idarə edə bilmirlər.

-Daha qastrol səfərlərindən səsiniz eşidilmir. Bu pandemiya yoxsa başqa səbəblərdən qaynaqlanır?

-Mən sonuncu xarici festivala gedib orada ən uğurlu nəticə göstərib gələndən sonra 2600 manat cərimə olunmuşam.

-Niyə? Səbəb nə idi?

-Rəsmi dəvətlə, rəsmi icazə ilə getmişəm, gedib gələndən sonra məni cərimələyiblər ki, siz bu müddət ərzində işdə olmamısınız. Rusiyada rus dilində tamaşa oynamışıq. Moskva teatrşünasları yazmışdılar ki, Bakı Uşaq və Gənclər Teatrı bizə Azərbaycan mədəniyyətinin nə demək olduğunu çox sadə və gözəl dillə anlatdı. Amma nə olsun, sonu belə...

Mən sizə yarı ciddi, yarı zarafat başıma açılan oyunlardan birini dedim. Amma bütün bunlar qətiyyən mənim ümidimi qırmır. Evin uşağının dəcəli, cığalı da olur. Amma hamısı övladır. Bu vətənin layəqətsiz, ləyaqətli övladı da var. Qarabağı da bizim övladlarımız aldı. Yaxşını görüb fərəhlənməyi daha çox sevirəm.

Geri qayıt