Əsas Səhifə > Şou-biznes > “Azərbaycanın bir milyon qaçqını olan yerdə mən utanıram sizə evlə bağlı müraciət edim”

“Azərbaycanın bir milyon qaçqını olan yerdə mən utanıram sizə evlə bağlı müraciət edim”


10-05-2022, 08:35
“Azərbaycanın bir milyon qaçqını olan yerdə mən utanıram sizə evlə bağlı müraciət edim”
“Ümummilli lider Heydər Əliyev həm də mədəniyyət xadimlərinin ən sadiq dostu idi. O mədəniyyət sahəsində çalışan əsl sənətkarlara böyük dəyər verərdi. Hamının yaradıcılığını diqqətlə izləyirdi, ümumiyyətlə mədəniyyəti çox sevirdi, bizim musiqi, kino, teatr tariximizi dərindən bilirdi. O dahi siyasətçi olmaqla yanaşı həm də incəsənətin bütün sahələri ilə maraqlanan hərtərəfli bir şəxsiyyət idi. Yadımdadır, 2000-ci ildə o mənə “xalq artisti” fəxri adını vermişdi. Onun diqqəti biz sənət insanlarını daim sevindirirdi, ruhlandırırdı. O həqiqətən də sözün bütün mənalarında dahi və böyük insan idi”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən sənətkar Elmira Rəhimova deyib. O daha sonra əlavə edib.

“2003-cü ildə Heydər Əliyev mənə ev verilməsi haqda göstəriş vermişdi. Əfsuslar olsun ki, özü həmin ildə əbədiyyətə qovuşdu. 2004-cü ildə cənab prezident İlham Əliyev atasının vəsiyyətini yerinə yetirərək, evi mənə təqdim etdi. Dövlət tədbirlərində, konsertlərdə Heydər Əliyevlə çox görüşürdük. Hər dəfə gəlib problemlərimizlə, qayğılarımızla maraqlanırdı. Hətta o mənə tədbilərdən birində dedi ki, mən bilirəm ki, siz yeganə övladınızı evləndirmisiz. Mən də dedim ki, xeyr evləndirməmişəm. Bu zaman arxadan kimsə dedi ki, Elmira xanımın evi çox balacadır. Həmin evi də mənə ulu öndər hədiyyə etmişdi. Mən də dedim ki, bəli ev çox kiçikdir. Bakı Şəhər İcra Hakimiyyətinin o vaxtkı başçısı Hacıbala Abutalıbov dedi ki, siz niyə bizə bununla bağlı müraciət etməmisiniz?! Heydər Əliyev dedi ki, tez bir zamanda Elmira xanımın problemi həll olunsun. Mən də bu zaman dedim ki, Heydər Əliyeviç, Azərbaycanın bir milyon qaçqını olan yerdə mən utanıram sizə evlə bağlı müraciət edim. Heydər Əliyev dedi ki, Elmira xanım, Azərbaycan-Hindistan mədəni əlaqələrinin, dostluğunun təməlini siz qoymusunuz. Bu mənim problemimdir, siz prezidentin işinə qarışmayın, nə lazımdırsa sizin üçün edəcəyik” deyə sənətkar bildirib.

Elmira Rəhimova bu gün ulu öndərin layiqli davamçısı İlham Əliyevin ona olan diqqətindən də danışıb.

“Mənə dövlət tərəfindən indiyə qədər böyük diqqət qayğı göstərilir. Ölkə başçısı İlham Əliyev və onun xanımı Mehriban Əliyevaya böyük təşəkkürümü bildirirəm. Bu gün mən təqaüd alıram, Heydər Əliyev fondunun dəstəyi ilə davamlı olaraq müalicə qəbul edirəm” deyə sənətkar bildirib.

Geri qayıt