Əsas Səhifə > Şou-biznes > "Qurultay keçirməkdən başqa işləri yoxdur"
"Qurultay keçirməkdən başqa işləri yoxdur"9-05-2022, 08:46 |
Sovet dönəmindən yaradılan Yazıçılar ittifaqı, Bəstəkarlar ittifaqı, Rəssamlar İttifaqı, Kino ittifaq, Teatrlar ittifaqı, eyni zamanda yaradılan gildiyalar yaradıcı şəxslərə nə verir? Onların mövcud olması həmin qurumların üzvlərinin yaradıcılığına necə təsir edir? Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev bildirir ki, sözügedən qurumlar Stalin tərəfindən yaradılıb. Məqsəd yaradıcı şəxslərin "labarotoriyaları"na nəzarət idi. Yaradıcı şəxslərə müxtəlif maddi və mənəvi mükafatlar verməklə bolşeviklərin, kommunistlərin istədikləri mövzuda əsər yazmağa sövq etmək onların başlıca amalı idi: "Sovetlər dağıldı, amma bu qurumlar dağılmadı. Bu gün onların heç bir işi yoxdur. Qəbul olunan qanunlar onları sanki yolun kənarına itələdi. Varlıqları ilə yoxluqları hiss olunmur. Çünki heç nəyə təsir edə bilmirlər. Məsələn, Bəstəkarlar İttifaqı televiziyalara hansısa musiqinin efirə buraxılmasını qadağa qoya bilmir. Uzağı hansısa tədbirdə bu barədə ümumi danışa bilərlər. Ondan o tərəfə keçə bilmirlər. Çünki, əllərində səlahiyyət yoxdur" Cavanşir Quliyev özü də hazırda Bəstəkarlar İttifaqının üzvüdür. Amma onların heç bir tədbirlərinə qatılmır: "Bilirəm ki, orada səslənən fikirlərə heç kəs qulaq asmır. O ittifaqların bir işi var: hansısa sənət adamının yubileyi yaxınlaşırsa, Mədəniyyət Nazirliyinə təqdimat verir ki, ona orden, fəxri ad və ya ev verin. Bir də sovet dönəmindən qalma bir ənənələri var: vaxtaşırı qurultay keçirmək. Bəstəkarlar o qurultayları ona görə gözləyirlər ki, orada onların əsərləri səsləndirilir. Adi günlərdə o əsərləri səsləndirə bilmirlər. Dövlət qurultaya pul ayırır, o pulun bir hissəsi musiqi kollektivlərinə, Filarmoniyaya və opera teatrına verilir ki, bəstəkarların əsərləri səsləndirilsin. Gənc bəstəkarlar ona görə oranın üzvü olmağa can atırlar ki, onların əsərləri səslənsin. O da həmişə yox, qurultaydan, qurultaya". Bəstəkar vurğulayır ki, sovet dönəmində sözügedən qurumları hökumət yaratmışdı və onları dinləyirdi. İndi isə onların fikirləri heç bir əhəmiyyət kəsb eləmir. Bir problem olanda media da, dövlət də deyir ki, Bəstəkarlar İttifaqı hara baxır? Haqlıdırlar, amma onlara heç bir səlahiyyət verilməyib ki, nəyəsə təsir etsinlər. Əslində bu qurumlar mövcud qanunvericiliyə əsasən, ictimai təşkilatlar siyahısına salınıblar. Ona görə də heç bir səlahiyyətləri yoxdur. Əgər qurumun rəhbəri hörmətli adamdırsa, nəsə edə bilər: "Məsələn, Anar kimi. Yazıçı Anarın müəyyən nüfuzu var. O, dövlət başçısının yanına gedib hansısa problemin həllinə nail ola bilər. Bu, sırf onun şəxsi nüfuzuna görədir. Sabah onun yerinə ondan nüfuzca aşağı olan başqası gəlsə, onun etdiklərini edə bilməyəcək". Rəssamlar İttifaqının üzvü, bir çox beynəlxalq və yerli sərgilərdə əsərlərini nümayiş etdirən rəssam Ülkər Əbülfət bildirir ki, sözügedən qurum onun yaradıcılığına heç bir təsir göstərməyıb: "Mən hər il ölkəmizdə və xarici ölkələrdə sərgilər təşkil edirəm. Tələbələrim var, onların əsərlərini də sərgilərdə nümayiş etdirirəm. Rəssamlar İttifaqı nə sərginin təşkilinə, nə də emalatxanaya yardım edir. Sovet dönəmində İttifaq rəssamları emalatxana ilə təmin edirdi. Bundan başqa, onların əsərlərinin sərgisini və satışını təşkil edirdi. İndi isə Rəssamlar İttifaqının təkcə adı var". Tanınmış yazıçı Kəramət Böyükçöl bir il Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü olub. Lakin müstəqil fikirlərinə görə həmin qurumdan uzaqlaşdırılıb. Yazarın fikrincə, ittifaqlar, gildiyalar və s. yaradıcı insanları nəzarətdə saxlamaq üçün yaradılıb: "Orada yaradıcı insanları şirnikləndirmək üçün müəyyən addımlar atılır. Məsələn, hansısa yazara prezident təqaüdü verirlər. Başqa bir gənc yazara ayda 200 manat pul verilir. 200 manat gənc yazara boğaz olur, istədiyini yaza bilmir. Ona görə də bu qurumların yaradıcı insanlara heç bir faydası yoxdur. Onlar əbədi mühiti məhv etməklə məşğuldurlar. Mən yazar olduğum görə, Yazıçılar Birliyini nəzərdə tutub danışıram, amma digərləri də heç AYB-dən fərqlənmirlər. Bütün yaradıcı qurumlar bir məqsədə xidmət edir: Hər şey onların nəzarəti altında olmalıdır. O birliyin üzvü olan şəxs artıq bilir ki, nə olar, nə olmaz. Öz yaradıcılığı qalır kənarda". Azərbaycan Dövlət Film Fondunun kinoarxiv şöbəsinin müdiri Rəşad Qasımov digər müsahiblərdən fərqli olaraq, gildiyaların, ittifaqların sovetin qalığı adlandırılmasının tərəfdarı deyil. Onun sözlərinə görə, bu kimi təşkilatlar Amerika, Avropa kimi inkişaf etmiş ölkələrdə də mövcuddur. Bu qurumların mövcud olmasının səbəbi odur ki, yaradıcı insanlar ictimaiyyətdən uzaq düşməsinlər. "Mən belə qurumların yaradılmasının tərəfdarıyam. Bu qurumların adı sovet dövrü ilə bağlı deyil. Bu təcrübə xarici ölkələrdə də var. Məsələn, Amerika Kino Akademiyası, onun təsis etdiyi "Oskar" mükafatı var. Həmin Kino Akademiyasında rejissorlar, aktyorlar gildiyası var. Avropada yüzlərlə belə təşkilat mövcuddur. Sovet dönəmində bu ittifaqlar yaradıcı insanların sosial problemlərini də həll edirdi. Bu yaxınlarda Həsən Seyidbəylinin yubileyində kinooperator Rafael Qəmbərov bildirdi ki, ilk avtomobili Seyidbəylinin və İttifaqın köməkliyi ilə alıb. Bu gün də hansısa kinematoqrafçının problemi olanda İttifaqa üz tutur". //sputnik.az// Geri qayıt |