Əsas Səhifə > Şou-biznes > Qızı Hacıbaba Hüseynovun qavalını satır:
Qızı Hacıbaba Hüseynovun qavalını satır:7-05-2022, 09:39 |
“Atamdan yadigar qalan qavalı satıram. Bu söhbət çoxdan var idi, sadəcə efir vasitəsilə deyilməmişdi. Nanə xanım sağ olsun, onun verilişində atam haqda reportaj getdi. Allah kərimdir, bəlkə bir yol açıldı?! Çünki mən bu məsələni ictimailəşdirməmişdim, sadəcə tanış-bilişə demişdim. Mənim başqa yolum yoxdur. Gedib heç kəsə ağız açıb, qapı döyən deyiləm. Heç baxan da yoxdur, kimin qapısını döyüm?! Ona-buna ağız açmaqdansa atamın öz dəfidir də, satıram. Ürəyim gəlməsə də belə satacam. Çox fikirləşib, götür-qoy etmişəm”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Hacıbaba Hüseynovun qızı Sədaqət Hüseynova bildirib. O daha sonra əlavə edib. “Qavalı ehtiyac üzündən satıram. Başqa satılmalı heç nəyim yoxdur. Gərək ki, bu qaval satılsın ki, mən bundan sonra həmin vəziyyətdən çıxa bilim. Bu qavalın da gərək fanatı, istəyəni olsun da. Qavalın qiymətini də bilirəm, soruşanlara demişəm. Bir çoxları deyir ki, biz Hacıbabanın çörəyini yeyirik, ondan öyrənmişik. Onlar mənim vəziyyətimi də, maddi durumumu da bilirlər. Bu mənim yaxşı günümdür, bundan da pis vəziyyətdə olmuşam. Hələ bir dəfə soruşmayıblar ki, nə yeyirsən? Nə içirsən? Bəlkə də sənət yoldaşları qavalı satdığımı bilsə məni qınayacaqlar, amma bir adam mənə bu mövzuda söz deməsin. Kimin mənim aclığımdan, susuzluğumdan xəbəri olub? Bunun heç kəsə aidiyyatı yoxdur! Hələ bir neçə sənət yoldaşlarına da qavalın satılması ilə bağlı məlumat vermişəm. Qavalın satılması məncə xarici ölkədə, məxsusilə də İranda daha yaxşı baş tuta bilər. Çünki burada o qiyməti verməyəcəklər. Mən onu 200-300 manata satmaq istəmirəm ki. Bu qavalın özəlliyi ondan ibarətdir ki, Hacıbabanın qavalıdır. O vaxt istəyirdilər, mən heç satmaq haqda düşünmürdüm. Heç vaxt ağlıma da gəlməzdi ki, atamın əşyasını satacam” deyə sənətkarın qızı bildirib. “Atanızın qavalını hansı xanəndəmizin almağını istərdiniz?” sualına isə sənətkarın qızı belə bildirib. “Çox istərdim ki, bu qaval Mələkxanım Əyyubova, Zabit Nəbizadə, Aqil Məlikova qismət olsun. Atam hər zaman bu xanəndələri çox istəyib. Zabit Nəbizadə hər zaman zəng edib bizi başa çıxır. Atamın doğum və anım günlərində məzarını ziyarət edir. Təəssüf ki, hamıda o vəfa yoxdur” deyə sənətkarın qızı Sədaqət Hüseynova deyib. Geri qayıt |