Əsas Səhifə > Şou-biznes > Siyavuş Aslanın oğlundan prezidentə müraciət:
Siyavuş Aslanın oğlundan prezidentə müraciət:2-05-2022, 09:49 |
“Mən son 3 ildə, pandemiya başlayan günündən Azərbaycandayam. İşsiz, gücsüz bir həyat tərzi sürürəm. Demək olar ki, mənim də vəziyyətim, sosial durumum eynilə Çingizdə olduğu kimidir. Çox çıxılmaz bir vəziyyətdə, durumdayam. Çingiz efirlərə çıxanda mən ondan dəfələrlə xahiş etmişəm ki, haqqımda danışanda bildirsinki, qardaşımın da vəziyyəti yaxşı deyil. Buna baxmayaraq Çingiz bunları efirdə deməyib və hər dəfə məni Rusiyada yaşayan iş adamı kimi qələmə verib. Mən onun bu yalanını qınamıram. Bizim ikimizi də hamı tanıyır, insanlar bilir ki, Siyavuş Aslanın iki oğlu. Onu da bilirlər ki, Çingiz dələduzdur, bir çox işlərdən, oyunlardan çıxıb, buna görə həbs olunub, heç vaxt heç yerdə işləməyib. 3 ildə mən bir iş tapa bilməmişəm və hər yerə də müraciət etmişəm. Ali təhsilli insanam, inanıram ki, ölkəmizə xeyrim dəyə bilər, çünki mən idarəetmə və dijital marketinq üzrə mütəxəssisəm. Bu sahədə böyük nailiyyətlərim və təcrübəm var. Buna baxmayaraq yaşımla əlaqədar iş tapa bilmirəm. Bu 3 ildə çox yerlərə müraciət etmişəm, amma iş tapa bilməmişəm. Hal-hazırda nə ev kirayəsini verə, nə də uşaqlarımı dolandıra bilirəm. 3 uşaq atasıyam və acınacaqlı bir vəziyyət yaşayıram. Sağ olsunlar dost-tanış, mənə kömək edirlər, hardasa qalıram, yeyib-yatıram. Qazanc əldə edə bilmirəm ki, qardaşıma da kömək edim. İşim-gücüm olsa ilk növbədə küçələrdə gecələyən səfil qardaşıma əl tutub, kömək edərəm”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən sənətkar Siyavuş Aslanın kiçik oğlu Eldar Aslan qardaşı Çingiz haqda danışarkən bildirib. O, daha sonra qardaşı Çingizə görə aidiyyatı qurumlara müraciət edərək, kömək istəyib. “Sizin saytınız vasitəsilə başda cənab prezident İlham Əliyev cənablarına, dövlət məmurlarına, iş adamlarına müraciət edirəm və istəyirəm ki, bizi bu yaranmış vəziyyətdən mümkün qədər çıxarsınlar. Müraciətimin bu günkü səbəbi odur ki, mən özümə iş tapana qədər qardaşım Çingiz Aslan mümkünsə ya qocalar evinə, ya da sosial təminatlı bir sığınacaqa daimi yerləşdirilsin və ona gündə 3 dəfə yemək verilsin. Mümkünsə, müvəqqəti olaraq xırda-para xərclərə görə, siqaret almaq üçün və s. ona müəyyən cüzi pensiya təyin olunsun. Müraciətimin səbəbi sırf budur. Ümid edirəm ki, bu işlə bağlı dövlət bizə lazımı köməkliyi göstərəcək. Çünki cənab prezident hər zaman bizim ailəmizlə maraqlanıb, öz münasibətini bildirib. Ondan əvvəl də ulu öndər Heydər Əliyev Siyavuş Aslandan öz qayğısını, diqqətini əsirgəməyib. Güman edirəm ki, o diqqətin, qayğının xatirinə, xalqın Siyavuş Aslana olan sevgisinə xatir bir çıxış yolu tapılar. Təbii ki, mən hər-hansı bir işdə-gücdə olsam, mütləq ki, qardaşıma baxaram. Necə ki, illərdir ona baxmışam, ondan heç bir köməyimi əsirgəməmişəm. Mən oliqarx deyiləm, iş adamı deyiləm. İllərdir zəhmətimlə çalışıb, maaşa baxan adam olmuşam. 22 yaşımdan öz zəhmətimlə çalışmışam. İnşallah iş tapıb, sosial vəziyyətimi yaxşılaşdırandan sonra qardaşıma bütün köməklikləri edəcəyəm” deyə sənətkarın oğlu bildirib. İnanırıq ki, aidiyyatı qurumlar sənətkarın küçələrdə gecələyən oğluna sahib çıxacaqlar. Sənətkarın oğlu sonda ona ediləcək kömək üçün əlaqə nömrəsinin də saytda yayımlanmasını xahiş edir. 055-791-44-25. Geri qayıt |