Əsas Səhifə > Şou-biznes > “Anam mənə dağ basıb, buna görə müəllimlər məni danışdırmırdı, 5-6 məktəb dəyişmişəm”
“Anam mənə dağ basıb, buna görə müəllimlər məni danışdırmırdı, 5-6 məktəb dəyişmişəm”30-04-2022, 10:34 |
“Ailəmi, xoşbəxtliyimi sona qədər qoruya bilmədim. Xoşbəxtliyim bir an olub, o da həmin insana qovuşmağımla. Taleyim çox uğursuz alınıb. Amma bu gün xoşbəxtəm ki, iki tərbiyəli övlad böyütmüşəm. Həyatda çox əziyyət çəkmişəm, amma efirdə bunu heç vaxt çıxıb danışmamışam. Çıxıb dərdimi-taleyimi danışsam tamaşaçı gərək dəsmal götürüb hönkür-hönkür ağlasın. Mən həmişə dik gəzirəm, tamaşaçı heç bilmir ki, həyatımda nə baş verib?!” DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a xalq artisti Fatma Mahmudova deyib. O daha sonra əlavə edib. “Nə qədər yorğun olsam da, problemlərim olsa da çalışıram ki, onu efirdə, səhnədə biruzə verməyim. Aktrisa, sənətkar bunu göstərməməlidir. Hər sənətkarın müəyyən qədər problemləri var, amma səhnə başqa şeydir. Elə olub ki, 40 dərəcə temperaturum olub, çıxıb tamaşanı oynayıb, qaçaraq evə gəlmişəm. Sənətçi fədakar olmalıdır. Ay barmağım əzilib, ay başım ağrıyır çıxım mən tamaşa oynamayım deyib də, etmək olmaz. Düzdü, bizim yaxşı gənclərimiz var, amma indi sənətə fədakarcasına yanaşanlar bir o qədər də çox deyil” deyə sənətkar bildirib. Xalq artisti onu tamaşaçılara sevdirən ekran işindən də danışıb. “Mən güləndə gülməyimi, ağlayanda isə ağlamağımı saxlaya bilmirəm. Ağladımsa ağlayacam, güldümsə güləcəm. Məni güldürmək çox çətindir. Ümumiyyətlə indiki zamanda tamaşaçını da güldürmək asan deyil. Heç vaxt özümü tərifləmirəm, bunu xoşlamıram. Qoy tamaşaçılar desin ki, Fatma Mahmudova necə oynayır?! Çünki ən böyük tənqidçi də elə tamaşaçının özüdür. Komediyanı oynamaq, insanlara gülüş bəxş etmək çox çətin məsələdir. Bir balaca insanları güldürə bilmişəmsə demək ki, komediya məndə alınıb. Bilirsiniz ki, məni tamaşaçılara sevdirən “Bacanaqlar” serialı oldu. Bu serial məni unudulmağa qoymadı. Çünki tamaşaçı məni gördü. Elə bil bir insanı illərdir görmürsən, sonra gedib onunla görüşəndə deyirsən ki, məni tanımadın? Deyir ki, yox! Deyir, mən filankəsəm də. Mən də bax elə bir aktrisaya dönəcəkdim. Nə vaxtsa çıxıb kiminsə yadına salacaqdım ki, mən o vaxt filan tamaşada oynayırdıme, bax o şəxsəm! Bu özü böyük bir faciə idi. Ölən günümə qədər mən göydə Allaha, yerdə Elməddinə borcluyam. Mən itirilmiş bir insanı yenidən tapıb gətirdi və dedi ki, ona baxın, onu sevin” deyə sənətkar bildirib. Fatma Mahmudova sənətə yeni gələndə çəkdiyi əziyyətlərdən də danışıb. “Səhnəyə gəlmək üçün çox çətinlik çəkmişəm. Ağdamda, rayon yerində qızın hünəri nə idi səhnəyə çıxsın?! Ona görə də bir müddət teatrda işləməyimi valideynlərimdən gizlətmişəm. Anam mənə dağ basıb. Məktəbdə məni şagirdlər, müəllimlər danışdırmırdı. Deyirdilər ki, niyə səhnəyə çıxırsan? Müəllimlər sinif yoldaşlarıma deyirdi ki, onunla danışmayın, o artistdir. Ona görə də 5-6 məktəb dəyişmişəm. Mən aktrisa olmaq istəmirdim, qəşəng səsim var idi, müğənni olmaq istəyirdim. 16 yaşında Leyli oynamışam, o muğamları əzbərləmişəm. Müəllimlərim tamaşama baxandan sonra nəhayət ki, məni qəbul etdilər. Çətinliklə də olsa ailəm də qəbul etdi” deyə xalq artisti bildirib. Geri qayıt |