Əsas Səhifə > Şou-biznes > "Kinonun problemləri ilə bağlı dəfələrlə aidiyyəti qurumlara, şəxslərə narahatlığımızı çatdırmışdıq"

"Kinonun problemləri ilə bağlı dəfələrlə aidiyyəti qurumlara, şəxslərə narahatlığımızı çatdırmışdıq"


22-04-2022, 09:11
"Kinonun problemləri ilə bağlı dəfələrlə aidiyyəti qurumlara, şəxslərə narahatlığımızı çatdırmışdıq"
Teleqraf.com-un müsahibi Azərbaycan Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyevdir.

DİA.AZ müsahibəni təqdim edir:

- Hüseyn müəllim, ötən gün ölkə başçısı Azərbaycanda Kino Agentliyinin yaradılması barədə fərman imzaladı. Azərbaycan kinosunun inkişafı üçün çalışan gildiya sədri və kinematoqrafçı olaraq bu addımı necə qiymətləndirirsiniz?

- Kino Agentliyinin yaradılmasını çox yüksək qiymətləndirirəm. Çünki illərdir bunu gözləyirdik. Kinonun problemləri ilə bağlı dəfələrlə aidiyyəti qurumlara, şəxslərə narahatlığımızı çatdırmışdıq.

Bu gün milli kinematoqrafiyada pərakəndəlik, dağınıqlıq hökm sürür: istiqamətverici, nəzarətedici peşəkar idarəetmə sistemi yox idi. Bildiyiniz kimi, Mədəniyyət Nazirliyi yanında kinematoqrafiya şöbəsi fəaliyyət göstərirdi. Bu qurum çox əngəllər törədirdi. Biz istəyirdik ki, kinonun müəyyən dərəcədə sərbəst fəaliyyətinə şərait yaradılsın.

- Fərmanda Agentliyin konsepsiyası barədə məlumat yoxdur. Sizcə, uğurlu nəticə üçün Agentlik hansı mexanizm əsasında fəaliyyət göstərməlidir?

- Doğrudur, fərmanda konsepsiya qeyd olunmayıb. Amma mənə elə gəlir ki, həmin Agentliyin nizamnaməsində əks olunan fəaliyyət istiqamətləri Mədəniyyət Nazirliyinin kinematoqrafçılarla birgə tərtib etdiyi konsepsiyaya uyğun məzmundadır.

- Bu, hansı konsepsiyadır?

- Xatırlayırsınızsa, bir neçə il bundan əvvəl Prezidentin sərəncamına əsasən “Azərbaycan kinematoqrafiyasının inkişaf konsepsiyası”nın nazirliyinin nümayəndələri və kinematoqrafçılarla birgə geniş müzakirəsi baş tutdu. Təkliflər də, iradlar da bildirildi, son nəticədə konsepsiya kino ictimaiyyəti tərəfindən bəyənildi və qəbul olundu. O konsepsiyanın həyata keçirilməsini təmin etmək üçün Kino Agentliyi yaradılmalı idi. Yəni mən düşünürəm ki, Agentliyin fəaliyyətində məhz həmin konsepsiya əsas götürüləcək.

Hesab edirəm ki, Agentliyin fəaliyyəti üçün qeyri-müəyyən məqamlar yoxdur. O konsepsiyada kinematoqrafiyamızın problemlərini həll etməyə yönəlik bütün addımlar, məqsədlər, hədəflər aydın göstərilib.

Sizə deyim ki, hazırda kinomuzda həll olunmalı həddən artıq çox problemlər var. Bu işi bilməyən kənar adamlara elə gəlir ki, kinodur da çəkirlər, göstərirlər, bu qədər... Amma elə deyil. Bu, çox qəliz, mürəkkəb və spesifik sahədir.

Yenə deyirəm, artıq bütün problemləri həll etməyə istiqamətlənmiş bir mexanizm yaradılıb. Bu, ilk mexanizmdir və digər mexanizmlərin qurulmasına zəmin yaratmalıdır. Ki, problemlər təcili həllini tapsın.

Kinonun gələcəyini, onun mənalı inkişafını arzulayan, istəyən hər bir peşəkar üçün bu, yaxşı şansdır. Şansı bir dəfə əlimizdən qaçırmışıq.

- Nəyi nəzərdə tutursunuz?

- “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” kinonun inkişafı üçün həqiqətən çox böyük şans idi. Təəssüf ki, proqramı realizə etmədilər, sadəcə məhv etdilər. Elə imkan bəlkə də heç vaxt olmayıb, amma istifadə edilmədi. Yaradıcı İttifaqlar bunun qarşısını ala bilərdilər. Demədilər, təndiq etmədilər, görünür, qorxdular.

Səbəbini bilmirəm, heç kimi də ittiham etmək istəmirəm. Rejissorlar Gildiyası olaraq biz dedik, hayqırdıq, dəfələrlə tənqid etdik və son nəticədə nə oldu? Bütün bunlar gildiyanın ziyanına işlədi.

Yaradılması nəzərdə tutulan Kino Agentliyi ilə bizə ikinci şansı verdilər. Bu şansdan gərək kinematoqrafçılar çox yaxşı istifadə etsinlər.

- Əslində Kino Agentliyinin formulu ilə illər öncə sizin də direktor müavini olduğunuz “Azərkinovideo” İstehsalat Birliyini xatırladıq. Sizin birlik nazirliyinin tabeliyində deyildi. Bu formul qismən yenidən qayıdır və ümid edək ki, kinomuzun bütün sahəsinə yeni nəfəs gətirəcək...

- Müsahibələrimin birində məndən “Azərkinovideo”nun Azərbaycan kinosuna xidmətlərini soruşdular. Dedim, bu gün kinoda nəyimiz varsa, “Azərkinovideo”ya borcluyuq. “Azərkinovideo” dövlətdən maliyyələşmirdi və tam təsərrüfat hesablı təşkilat idi. Sadəcə, dövlət filmlərin istehsalına müəyyən vəsait ayırırdı və o vəsait hesabına da bədii, cizgi, sənədli filmlər çəkilirdi. Biz müstəqil təşkilat kimi kinoda idarəetmə sisteminin əsasını qoymuşduq.

Elə sistem yaratmışdıq ki, o biri respublikalarda bu yox idi. Nümunə üçün deyim, Dövlət Film Fondunu “Azərkinovideo” yaradıb. Çətinliklə, əziyyətlə kino materialları toplayıb, təmizlətdirib, onları qoruyub, saxlamaq məqsədilə Film Fondunu yaratdıq. Xaricdəki həmkarlarımız indiyə kimi öz dillərində film nüsxələrini, fonoqramlarını tapa bilmirlər. Hamısı dağılıb, məhv olub.

Mənə elə gəlir ki, “Azərkinovideo” çox müsbət istiqamətdə fəaliyyət göstərirdi. O baxımdan düşünürəm ki, vaxtım, zamanım hədər getməyib.

O dövrdə Rusiyada Kinematoqrafiya Komitəsi var idi. O Komitənin fəaliyyəti ləğv olunanda bizdə də “Azərkinovideo” ləğv edildi. Bununla kinoda hansısa sistem mövcud idisə, tamamilə sıradan çıxdı.

Hər halda düşünürəm ki, vəziyyəti yaxşılaşdırmaq üçün indi də gec deyil. Bu mənada Kino Agentliyinə ümidlərimiz böyükdür.

Geri qayıt