Əsas Səhifə > Şou-biznes > “Mənim üçün fərq etmir, ora ”Kino Agentliyi"dir, yoxsa Roma papasının iqamətgahı...“
“Mənim üçün fərq etmir, ora ”Kino Agentliyi"dir, yoxsa Roma papasının iqamətgahı...“22-04-2022, 08:19 |
Prezident İlham Əliyev “Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Fərmana əsasən, Mədəniyyət Nazirliyinin tabeliyində olan “Azərbaycan Respublikasının Kino Agentliyi” kinematoqrafiyanın inkişafının, o cümlədən yerli və müştərək kino istehsalının dəstəklənməsi, kino mədəniyyətinin təbliğinin təşkili, kinematoqrafiya müəssisələrinin və kino sənayesi iştirakçılarının fəaliyyətinin, eləcə də kinematoqrafiya sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılmasını həyata keçirəcək. Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr və onun iki müavini daxil olmaqla 3 (üç) üzvdən ibarət Müşahidə Şurası yaradılacaq. Agentliyin saxlanılması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsinin vəsaiti və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçiriləcək. Bəs kino xadimlərinin yeni qurumdan hansı gözləntiləri var? dia-az.site xəbər verir ki, mövzu ilə bağlı əməkdar incəsənət xadimi, tanınmış kinorejissor Ayaz Salayev “Yeni Müsavat”a danışıb: “Onu deyə bilərəm ki, kino təşkilatı sahəsində islahatlar vəziyyəti kökündən dəyişə bilməz. Vəziyyəti yalnız yaradıcı, ideoloji məsələlər kökündən dəyişə bilər. Yəni kinoya sənətkar, böyük şəxsiyyətlər, vətəndaşlar və mövqeyi olan, dünya mədəniyyətinə mənsub gənclər gəlməlidir ki, nəsə dəyişsin. Yerdə qalan məsələlər kosmetik detallardır. Buna görə də, sözün doğrusu, mənim üçün fərq etmir ki, ora kino şöbəsidir, agentliyidir, yoxsa Roma papasının iqamətgahı”. Ayaz Salayev kino sahəsinin Mədəniyyət Nazirliyindən ayrılmasının tərəfdarı olmadığını qeyd etdi: "Mənə elə gəlir ki, kino Mədəniyyət Nazirliyindən ayrı olmamalıdır. Səbəb isə ondan ibarətdir ki, kino milli mədəniyyətimizin bir hissəsidir və ona bu cür yanaşmaq lazımdır". Xalq artisti, kinorejissor-aktyor Şeyx Əbdül Mahmudbəyov isə məsələyə bu cür mövqe bildirdi: "Hər zaman demişəm ki, kino Mədəniyyət Nazirliyindən ayrı olmalıdır. Yəni kinonun bugünkü Mədəniyyət Nazirliyinə heç bir aidiyyəti yoxdur. Çünki kinoya qəpik-quruş ayrılır. Səbəb də odur ki, Mədəniyyət Nazirliyinin hər yerə borcu var, yəni teatrlara və digər yerlərə də vəsait xərcləyir, nəticədə biz kinoçulara həmin pul gəlib çatmır. Ümumiyyətlə, kino heç vaxt Mədəniyyət Nazirliyinin tərkibində olmayıb. Ən gözəl filmlərimiz də o zaman çəkilib ki, kinomuz müstəqil fəaliyyət göstərib. Prezidentimizə çox təşəkkür edirəm ki, nəhayət ki, bizim dualarımızı, arzu-istəklərimizi reallaşdırıb. Qalır yeganə iş - agentlik nə dərəcədə müstəqil olacaq və rəhbəri kim olacaq? Əgər yenə də rəhbərliyə kinoya aid olmayan adamı gətirib qoysalar, onda heç nə dəyişməyəcək. Və yaxud kino sənətkarlarından ibarət rəsmi şura yaradılsa, onda kino sahəsində hansısa inkişafa nail olacağımızı güman etmək olar. Beləliklə, yeni “Kino Agentliyi”nin yaradılması illərlə arzusunda olduğumuz, çox təqdirəlayiq hadisədir". Xatırladaq ki, Azərbaycanda iki kino ittifaqı var. Onlardan biri 2012-ci il 21 iyunda təsis edilən, sədri xalq artisti Şəfiqə Məmmədova olan qurumdur. Həmin ittifaqın təşəbbüs qrupunun və idarə heyətinin üzvləri aşağıdakılardır: Şəfiqə Məmmədova, Mais Ağabəyov, Ramiz Fətəliyev, Müşfiq Hətəmov, Səyavuş Kərimi, Cəmil Quliyev, Yusif Quliyev, Vaqif Mustafayev, Nəriman Məmmədov, Oqtay Mirqasımov, Ayaz Salayev. Digəri isə 1963-cü il yanvarın 13-də yaradılan ittifaqdır. Qurumun idarə heyətinin üzvləri aşağıdakılardır: xalq yazıçısı Anar, şair Baba Vəziroğlu, xalq artistləri Rasim Balayev, Həmidə Ömərova, Məbud Məhərrəmov, Şükufə Yusupova, rejissorlar Mirbala Səlimli, Firəngiz Qurbanova, Cavid İmamverdiyev, Oleq Səfərəliyev, Ziya Şıxlınski, Əsəd Əsədov, Cəmil Fərəcov, Tahir Əliyev, Nizami Abbas, prodüser Lalə Əfəndiyeva. Zaman-zaman ittifaqın üzvləri arasında hansısa qalmaqalların, intriqaların yaşandığının şahidi oluruq. Bu isə kinonun inkişafına təsirsiz ötüşmür. Yeni yaradılan agentlik kinematoqrafçıları bir araya gətirə biləcəkmi? Ayaz Salayev sualımızı bu cür cavablandırdı: “Bəli, bu gün kino ictimaiyyəti parçalanıb, ölkəmizdə iki kino ittifaqı var. Hesab edirəm ki, bu parçalanma ciddi ideoloji xarakter daşıyır. Bununla bağlı kədərimi dəfərlərlə ”Yeni Müsavat"da bildirmişəm". Xalq artisti Şeyx Əbdül Mahmudbəyov isə artıq bununla bağlı işlərə başladığını dedi: “”Kino Agentliyi"ndən sonra bu mənim ikinci arzumdur, illərdir ki, bu məsələyə qarşı vuruşuram. Allah Rüstəm İbrahimbəyova rəhmət eləsin, amma o, çox səhv bir iş görərək, yüz illərlə formalaşan, Lətif Səfərovdan və digər sənətkarlardan bizə miras qalan ittifaqı parçaladı, dağıtdı. Hər iki ittifaq zəhmət çəkib bir yerə yığılaraq, qurultay keçirməlidir. Bununla bağlı artıq fəaliyyətə başlamışam. Bu məsələyə birdəfəlik son qoyulmalıdır, bəsdir bu ayrılıq, parçalanma... Bir sənətkar burada, digəri orada ağsaqqallıq edir. Mən hamısı ilə görüşürəm, can-ciyərəm. Amma onlar niyə bir-biriləri ilə düşməndir, anlaya bilmirəm. Çox qəribədir ki, Rüstəm İbrahimbəyovun yas mərasiminə bizim ittifaqdan məndən başqa heç kəs gəlməmişdi. Halbuki Rüstəm İbrahimbəyovun sağlığında ona qarşı ən aqressiv mövqedə olan mən idim. İndi ittifaqların bir araya gəlməsi haqqında fikirləşmək lazımdır. Balaca bir ölkədə 3-4 kinematoqraf ayrı-ayrı təşkilatlarda fəaliyyət göstərə bilməz. Bir-birimizə düşmən kimi yanaşmaq əxlaqımıza, mədəniyyətimizə ziddir". Geri qayıt |