Əsas Səhifə > Şou-biznes > "Mən keyfiyyətli tamaşaçının sənət adamı, musiqiçisiyəm..."

"Mən keyfiyyətli tamaşaçının sənət adamı, musiqiçisiyəm..."


19-04-2022, 08:55
"Mən keyfiyyətli tamaşaçının sənət adamı, musiqiçisiyəm..."
“İnsan öncə özünü sevməlidir, özünə hörmət etməlidir. Belə olan halda həyatında, içində, beynində bir təmizlik aparacaqsan. “Yox məndə alınmayacaq”, “mənim bəxtim belədir”, “mən filankəs kimi effektli ola bilməyəcəm” və s. cümlələrdən qaçmaq lazımdır. Mən o cümlələri beynimdən silmişəm və silirəm. Mən bacarıqlıyam, özümə əminəm, işimi sevirəm və işimin peşəkarıyam. Özümə daha çətin tapşırıqlar verirəm, onların da öhdəsindən Allahın verdiyi güc ilə gələcəyəm”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, sevilən sənətkar Tünzalə Ağayeva bildirib. O daha sonra əlavə edib.

“Allah hər zaman insanladır, insan sadəcə öz-özündən, yaradanından qaçır. Unutqanlıq onu sağa-sola çırpdırır, özünü itirir. Bax o itki insanın içində olmasın! Biri var özünü bəyənib, kimdənsə üstün tutursan! Mən ondan danışmıram, mən özünə verdiyin dəyərdən danışıram. Sən bu dünyada gözəlliklər yarada bilərsən. Üstəlik də sən əgər sənət adamısansa demək ki, sən seçilmişlərdənsən, auditoriyanın ehtiyacı var ki, səndən müsbətlər alsın. Hər sənət adamı öz işi ilə bu missiyanı yerinə yetirir” deyə xalq artisti bildirib.

Tünzalə Ağayeva hər bir layihəsində böyük zəhmət çəkdiyini bildirib.

“Bir işin gözəl çərçivəsi olmalıdır, effektivlik tərəfdarıyam. Bu da xasiyyətdir. Heç vaxt heç bir işi, “eybi yoxdur, bu bəsdir” deyib yola verməmişəm. Mənim üçün hər detal çox önəmlidir. Xüsusilə də sən sənət əsəri yazırsansa, obraz yaradırsansa, konsert verirsənsə bunların hamısı vacib məqamlardır. Mənə elə gəlir ki, tamaşaçılarım da mənə oxşayır. Bütün musiqiçilərin, müğənnilərin, aktyorların tamaşaçıları bir az özlərinə oxşayırlar. Onlar bir-birlərini tamamlayırlar. Mən bir neçə tamaşaçımla ünsiyyət qurmuşam, görmüşəm ki, necə xasiyyətimizdə oxşarlıqlar var! Mən keyfiyyətli tamaşaçının, sənət adamı, ifaçısı, musiqiçisiyəm. Konsert sırf səni sevən tamaşaçı üçündür. Tanınmaq başqa şeydir, tanınıb rəğbət, sevgi qazanmaq, bax budur mənim üçün göstərici. Zatən bütün ölkə səni tanıyır, amma konsert sırf səni sevən tamaşaçı üçündür. Sən bir sənət nümayiş etdirirsən, o sənət kimin zövqündədirsə o tamaşaçı səni sevəcək, axtaracaq” deyə xalq artisti bildirib.

Geri qayıt