Əsas Səhifə > Şou-biznes > "Ona qalsa sərçənin də səsi var, amma bülbül oxuyur"
"Ona qalsa sərçənin də səsi var, amma bülbül oxuyur"18-04-2022, 09:13 |
“İnsan özünü onda xoşbəxt sayır ki, cəmiyyətdə onu sevirlər, istəyirlər, hörmət edirlər. Mən böyük sevgi ilə əhatə olunmuşam. Çox şadam ki, Azərbaycan xalqının nümayəndəsiyəm, Azərbaycan türküyəm. Bununla bərabər oxuduğum mahnılar ağır çəkili əsərlər olub, görünmək xatirinə heç vaxt efirə çıxmamışam. Hökm deyil ki, 1 saat muğam oxumusan. Mən 5 dəqiqəlik muğam oxumuşam, 1 saatlıq muğama dəyər. Musiqi ilə insanlara təsir etməlisən, təsir etmə bacarığın olmalıdır”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Zaur Rzayev deyib. O daha sonra əlavə edib. “Həyat arzularla doludur, əlbəttə ki, yaşamaqdan gözəl nə ola bilər? Həyatda ən böyük nailiyyətim 70 il yaşamağımdır. Bundan sonra da yaşamaq istəyirəm. O yaşa kimi yaşamaq istəyirəm ki, əlim-ayağım yer tutsun. İnsan o qədər yaşamalıdır ki, kiməsə yük olmasın, özünü idarə edə bilsin. Bizdə sənətkarlar olub ki, 80-90 yaşlarında da efirə çıxıblar. Amma həyat elədir ki, insan yaşlandıqca onun görkəmi də, səsi də dəyişilir. Mən istəmirəm ki, keçmişdə qazandığım nailiyyətləri, sevgini, qocalıb əldən düşüb itirim. Mən həyatda minorla majorun sintezindəyəm. Mənim ruhumda minor notlar çoxdur, elə məqamda özümə çəkilirəm, heç kimlə danışmaq istəmirəm. Kiminsə dərdini də özümə dərd edirəm, hansı ki, bəlkə də öz dərdim ondan böyükdür. Haqsızlığa dözə bilmirəm, haqqın tərəfindəyəm” deyə sənətkar bildirib. Sənətkar sənət aləmindəki durğunluqdan da danışıb. “Azərbaycanda 20-ci əsrdə 4-5 səs olub. Bunlara misal olaraq Rəşid Behbudovu, Lütfiyar İmanovu, Bülbülü, Müslüm Maqomayevi və s. göstərə bilərəm. Bu səslər dünyada da sevilib və qəbul olunub. Bu gün iş və yer tapa bilməyən adam özünü verir musiqiyə. Musiqi ucuzlaşıb. Hamının səsi var, Allah sərçəyə də səs verib, amma təkcə bülbül oxuyur. O demək deyil ki, kiminsə səsi varsa o oxumalıdır! Bizdə elə gözəl səslər var ki, qalıb kənarda. Bax o səsləri efirlərdə görmək istəyirəm” deyə sənətkar bildirib. Geri qayıt |