Əsas Səhifə > Şou-biznes > Günayın “Ana Kürüm” klipi qalmaqal yaratdı:

Günayın “Ana Kürüm” klipi qalmaqal yaratdı:


15-04-2022, 09:56
Günayın “Ana Kürüm” klipi qalmaqal yaratdı:
Aşıq Pənah yaradıcılığında sevilən mahnılardan olan "Ana kürüm”qalmaqalla üzləşib. Müğənni Günay İbrahimli illərdən bəri xalq tərəfindən sevilən və məclislərimizin bəzəyi olan bu klassik mahnını repertuarına salıb. Sənətçi "Ana kürüm”ü aranjiman etdirib və ona klip çəkdirib.

Günay İbrahimli "Ana kürüm”ü təqdim edən kimi Aşıq Pənahın qohumları etiraz səsini qaldırıb. Əməkdar artist Cavanşir Məmmədovun sözlərinə görə, Aşıq Pənahın qızı və oğlu zəng vuraraq Günay İbrahimlinin ifasına narazılıq edib:

"Atamın mahnısını niyə bu günə qoyublar? Orada bir saz səsi gəlsə, nə olardı? Bu bizim folklorumuzdur. Əgər aranjimançı ingilis stilində aranjiman edirsə, bir dənə başqa "Ana Kürüm” yazsın. Oradan saz səsi gəlməlidir”. DİA.AZ xəbər verir ki, Azərbaycan Aşıqlar Birliyinin sədr müavini Aşıq Altay da Qaynarinfo-ya açıqlamasında Günay İbrahimlinin ifasının Aşıq Pənah yaradıcılığına xələl gətirdiyini deyib:

"Bu, musiqi deyil, sözlər bir-birinin ardınca düzülüb. Belə olmaz, Pənah onu o qədər orjinal üslübda oxuyub, saz, zərb alətləri qatıb musiqiyə ki, qulaq asanda doymaq olmur. Günel xanımın ifası aşıq musiqisinə xələl gətirib. Aşıq Pənahın ifası möhürdür, ona dəymək, toxunmaq olmaz. Bu, xalqın xəzinəsidir, onu qorumalıyıq. Rəsmi sənətlə məşğul olan şəxslər buna biganə qala bilməz. Musiqidə heç nə yoxdur, sadəcə, sözlərin sadalanmasıdır. Ancaq Pənah onu səsində, ifasında yaradıb. Aşıq havaları bizə Dədə Qorquddan gəlib. Dövrün aşıqları da onu əsrdən-əsrə keçirməklə yaşadıblar. Heç kəsin haqqı yoxdur ki, bu mahnılara müdaxilə eləsin. Aşıq Pənah onu özü bəstələyib. Belə sənət əsəri üzərində digər musiqilər oxumaq mümkünsüzdür. Bu mahnı Aşıq Pənahın adı, Pənahın havası kimi təqdim edib, oxunur. Bundan sonra da elə oxunacaq. Biz onu tələbələrə də belə tədris edirik, proqramımızda da var. Bunlar guya, müasir dildə desək, mahnıları aranjiman ediblər. Aşıq Pənahın mahnısını aranjiman etmək havaya xələl gətirməkdən başqa bir şey deyil. Bu, düzgün yanaşma deyil. İllərdən bəri mahnının klassik üslübü var və o qorunub saxlanılmalıdır. Hər gələn onu bir dəfə aranjiman etsə, onda klassik üslübdan əsər-əlamət qalmaz”.

Aşıq Zülfiyyə də Qaynarinfo-ya açıqlamasında bildirib ki, bunlar möhürü vurulan mahnılardır:

"Möhürü vurulmuş mahnıları başqa üslübda qəbul etməzlər. Başqa mahnı oxusaydı, daha yaxşı olardı. Məncə, dinləyici o mahnını bu stildə qəbul etməz. Qulaq birinci nəyi eşidirsə, ona daha çox köklənir. Yenə də nə deyim, hər kəsin ugurları bol olsun”.

Aşıq Rza hesab edir ki, Aşıq Pənah kimi böyük ustadın mahnısını bu günə qoymaq aşıq sənətinə böyük hörmətsizlikdir:

"Aşıq sənəti heç vaxt yamaq götürməyib. Ustadlarımız aşıq sənətini nə əzab-əziyyətlə bu günümüzə qədər qoruyub, saxayıb və bugünkü nəslə çatdırıb. Nə deyək, kimə şikayət edək? Bunlar efirləri zəbt edib. Məsələ ondadır ki, sabah televiziyalarda "Ana kurum”ü Aşıq Pənahın deyil, Günayın ifasında səsləndirəcəklər”.

Xalq artisti Sərdar Fərəcov isə Qaynarinfo-ya açıqlamasında bildirib ki, əgər mahnının, əsərin sahibi yaşayırsa, ondan icazə alınmalıdır:

"Amma həyatda deyilsə, qohumlarından icazə almaq lazımdır. Əsər yüksək səviyyədə aranjiman olunmalıdır. Aranjiman da var ki, təəssüf doğurur. Amma elə adamlar da var, mahnını oxuyur və heç kəsdən də icazə almır. Əsərin, mahnının müəlliflərinin qohumları da iddia qaldıra bilərlər”.


Geri qayıt