Əsas Səhifə > Şou-biznes > "Təəssüf ki, bizə belə qonşu qismət olub"

"Təəssüf ki, bizə belə qonşu qismət olub"


9-04-2022, 10:05
"Təəssüf ki, bizə belə qonşu qismət olub"
Politoloq Zərdüşt Əlizadə bu günlərdə “Gündəm.az” saytına müsahibə verib. Müsahibədə Ermənistanla Azərbaycan arasında sülh prosesinə toxunarkən maraqlı paralel aparıb:

“İstərdim ki, gələcəkdə Azərbaycan və Ermənistan arasında danışıqlar, müzakirələr kənar qüvvələrin vasitəçiliyi olmadan aparılsın. Danışıqlarda üçüncü tərəf olanda öz maraqlarını da ortaya atır. Necə ki, Minsk Qrupu 30 il ərzində öz maraqlarını güdməklə münaqişənin həllini uzatdı. Mən həmçinin istərdim ki, Azərbaycanla Ermənistan arasında nəqliyyat xətləri bərpa olunsun. Mənim Ermənistandakı dostlarım qatara minib Bakıda gəlsinlər. Onları Sabunçu vağzalında qarşılayıb, bağ evimə aparım. Eyni zamanda mən də qatara minib İrəvana gedim. Oradakı dostlarıma baş çəkim”.

Sözügedən müsahibəyə münasibət almaq üçün bir neçə tanınmış şəxslə əlaqə saxladıq. dia-az.life-ın məlumatına görə, Xalq artisti Rasim Balayev “Yeni Müsavat”a bildirdi ki, sovet dövründə qarşılıqlı əlaqələr normal idi, baş verənlərdən sonra isə bu əlaqələrin tezliklə bərpa olunacağı gözlənmir: “Biz Ermənistana gedirdik, ermənilər Azərbaycana gəlirdi. Kino günlərində İrəvanda, başqa rayonlarda olmuşuq. Təxminən, 1980-ci illərin əvvəlində İrəvana sonuncu dəfə səfər etdik. Görüşlərdə olduq, insanlar bizimlə ünsiyyət saxladılar. Onların bizə münasibəti həmişə pis olub. Təsəvvür edin ki, bizim nümayəndə heyətini qondarma erməni soyqırımına həsr olunan abidəyə aparmışdılar. Bir-birimizə baxdıq ki, bizi bura niyə gətiriblər? Onlar kiçik yaşlı uşaqların əlindən yapışıb ora aparırlar və deyirlər ki, sənin düşmənin türkdür. Onlarda hər zaman belə siyasət olub. Baş verən faciələri unutmaq mümkün deyil. Müharibə, soyqırımlar yaddan çıxa bilməz. Təəssüf ki, bizə belə qonşu qismət olub. Rusların işidir, o vaxt gətirib töküblər bura, bizim torpaqlarımızda yerləşdiriblər. Sülh içərisində yaşamaq olar. Müəyyən tədbirləri keçirmək də mümkündür. Amma bunun üçün zamana ehtiyac var. Kino xadimləri arasında əlaqələrin bərpa edilməsi haqqında danışmaq hələ tezdir. Biz buna hazır deyilik”.

Xalq yazıçısı Çingiz Abdullayev də münasibətlərin tezliklə bərpa olunacağına inanmır: “Təbii ki, gec-tez sülh olmalıdır. Lakin hələlik buna inanmıram”.

Əməkdar incəsənət xadimi Ayaz Salayevin fikrincə, “böyük Ermənistan” ideyası erməni xalqını məhv edir: “Zərdüşt Əlizadənin bir neçə il öncə bir müsahibəsini oxumuşdum, başlıq belə idi: ”Azərbaycan xalqını Qarabağ məsələsi narahat etmir, onu yeganə düşündürən dolların kursudur. Şəxsən mən ermənilərlə ünsiyyətdə olub, mövqeyimi bildirmək istərdim. Dənizdən-dənizə “böyük Ermənistan” ideologiyasının yanlış olduğunu demək əsas istəyimdir".

Geri qayıt