Əsas Səhifə > Şou-biznes > "Kriminal xəbərlərin populyar olmasını anlaya bilmirəm"

"Kriminal xəbərlərin populyar olmasını anlaya bilmirəm"


8-04-2022, 09:30
"Kriminal xəbərlərin populyar olmasını anlaya bilmirəm"
Tanınmış aparıcı Ülvira Qarayeva Teleqraf.com-un “Sözünü de” layihəsində qonaq olub.

DİA.AZ həmin müsahibəni təqdim edir:

- Ülvira xanım, yaxın günlərdə plastik əməliyyat etdirdiniz. Plastik əməliyyata ehtiyac nədən yarandı?

- Yaşla bağlı üzümdə gördüyüm müəyyən qüsurlar var idi ki, onları bəyənmirdim. Yaşa görə üz ovalında dəyişikliklər olur və onları korreksiya etməyə ehtiyac yaranır.

- Plastik əməliyyatınız necə keçdi? Əməliyyatdan qorxurdunuzmu?

- İndiyə qədər plastik əməliyyatdan qorxum yox idi, amma bu əməliyyatdan sonra bir az ehtiyat edirəm. Yenə növbəti əməliyyata getməli olsam çox düşünəcəm. Bu əməliyyatım üzdə idi. Üz çox təhlükləli yerdir, vitrindir, orada çoxlu sinir ucları yerləşir. Amma peşman deyiləm, yenə də plastik əməliyyata girərdim, çünki bu əməliyyata ehtiyacım var idi.

- Xarici görünüşünüz çox dəyişdi. Plastik əməliyyatın nəticəsindən razı qaldınızmı?

- Bəli, nəticədən razı qaldım.

- Plastik əməliyyatdan sonra köhnə şəkillərinizə baxırsınız?

- Bəli, baxıram. Hətta elə şəkillərim olur ki, on-on iki il əvvəlki efirlərə baxıram, pis gəlmir. Amma ondan sonrakı şəkillərə baxanda deyirəm, mən yəqin ki, belə efirə buraxmazdım. Daha gözəl, daha toparlı sifət olmasını istərdim. Əlbəttə, zarafat edirəm, efir bəzən üzün toparlılığından asılı deyil. Daha çox nəyi təqdim edirsən ondan asılıdır.

- Hazırda AStar yutub layihəsinin rəhbəri və aparıcısınız.

- Bəli, xanım və ya kişinin rəhbər olmasının fərqi yoxdur. Fərq ondadır ki, necə insanlarla işləyirsən. Əmək etikası olan insanlarla işləyirsən, yaxud əksinə əməkdən, zəhmətdən xəbəri olmayan, işini bilməyən, peşəyə təzə gələnlərlə... Orada fərq var. Biz bir komandayıq. Həm işçi, həm də rəhbərəm. Əsas odur ki, qavrayan insanlarla çalışram.

- Qarşıda AStar yutub layihəsi ilə bağlı hədəfiniz nələrdən ibarətdir?

- Yutub kanalları televiziyadan fərqlənir. Yutub kanalında daha sərbəst olursan. Məsələn, televiziyada ünvanlaya bilmədiyim sualları yutub kanalında verə bilirəm. Bir çox verilşlərim senzura məsələsinə görə yəqin ki, televiziyada yayımlanmazdı. Artıq yutubda bilirsən ki, tamaşaçı nəyi mənimsəyə biləcək, nəyi yox.

Yutub kanalımızda yaxın günlərdə kriminal mövzuda filmlər çəkməyə başladıq. ANS kanalının müxbiri Rəşad Abbasov bizimlə çalışır. O, ölkədə nömrə bir kriminal müxbiridir. Yutubda izləmə sayımız yarım milyon oldu. İnsanlar kriminal mövzunu istəyir və bu mövzunu təqdim edəndə yemək kimi udur.

Digər tərəfdən müxtəlif mövzular götürürük, araşdırıb, təqdim edirik. Məsələn, işləmək, biznes qurmaq istəyən insan üçün iş varmı? Mövzunu hər tərəfli təqdim edirik və görürük ki, tamaşaçı onu izləməyə tam hazır deyil. Mən də daxil olmaqla televiziyamız tamaşaçını elə öyrədib ki, asan mözvu istəyir.

Bizim təqdimatımız ağır deyil, amma daha dərindir. Tamaşaçı qeyd etdiyim kimi, asan mövzulara, şou-biznes sahəsindən, kimsə-kiməsə söz atsın, qalmaqal olsun və sair kimi temalara qaçır. Kriminal xəbərlərin populyar olmasını anlaya bilmirəm, qandır. Buna niyə bu qədər həvəslə baxasan?! Şou elementi olan hadisələr istəyirlər. Amma hər hansı ciddi bir məsələni götürüb, verirsən, onu istəmirlər.

Bizim hədəfimiz odur ki, istənilən problemin kökünü daha dərindən öyrənək. Məsələni müxtəlif rakuslardan götürməyə davam edək. Bu cür verilişlərimizə tamaşaçımızı izlətməyə öyrədək.

- Hazırda televiziyalarımızı izləyirisinizmi?

- Düzünü deyim ki, heç vaxt televiziyalarımızı izləməmişəm. Televiziyada işləyəndə də, indi də.

- Buna səbəb nədir?

- Diqqətim cəlb etməyib. Deyək ki, aparıcılıq etdiyim verilişlərimdən “Beş barmaq” verilişimi televiziyada izləyərdim, digərlərini yox. “Toy olsun” verilişini heç vaxt izləməzdim. Televiziyada şou-biznes sahəsindən, oxudu, gəldi, bir-birini qırdı və sair tipli verilişləri izləməzdim. Ona görə də televiziyaya baxmıram.

Yutubda İTV-nin “Gizli qəhrəmanlar” silsiləsi sənədli filmlərini izləyirəm. Bununla yanaşı Səadət Məmmədovanın ATV-də yayımlanan filmlərinə baxıram. Xarici kanalların da tamaşaçısıyam.

- İzləyicilər televiziyada bir çox aparıcıların intellektual səviyyəsini, eləcə də Xoşqədəm Hidayətqızının, Zaur Baxşəliyev və Zaur Kamalın aparıcılıq etdiyi verilişləri tənqid edirlər. Bu haqda mövqeyinizi bilmək istərdik.

- Elədisə verilişə baxmasınlar. Heç kimin verilişini demirəm, öz köhnə, ən populyar verilişim “Toy olsun"u nəzərdə tuturam, bəyənmirsiniz, izləməyin. Yəni televiziya aparıcısının intellektual səviyyəsini bəyənmirsinizsə, niyə baxırsınız? Niyə o verilişlər reytinq qazanır? Zaur Baxşəliyev, Zaur Kamal, Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi verilişə elə-belə baxılmır, reytinq verməsə, pul qazandırmasa heç kim onlara veriliş verməz.

Demək ki, verilişlər baxılır, reytinq qazanır. İntellektual səviyyəyə gəlincə İTV və AzTV kanalına baxsınlar. Yerli televiziyalara baxmasalar belə yutubda xarici kanallara tamaşa etsinlər. Televiziyaya baxırlar ki, şikayət edirlər. Mən televiziyanı izləmirəm və heç kimdən də şikayətlənmirəm.

- “Toy olsun” verilişini izləmək istəməməyinizə səbəb nədir? O zaman tənqid edilirdinizmi?

- Təbii ki, ən çox “Toy olsun” verilişinə görə tənqid edilirdim, indi də davam edir. Bu veriliş mənə görə qısa müddətdə populyar olmaq üçün bir vasitə idi. Amma veriliş olaraq “Toy olsun”u izləyərdinmi? Xeyr, heç vaxt.

Verilişin oxşarı olan və Türkiyədə yayımlanan Esra Erolun aparıcılıq etdiyi evlənmə proqramına da baxmamışdım. Bir-iki dəfə verilişə baxmışdım, dedim ki, bu veriliş Azərbaycanda tutacaq. Ona görə də bu layihəni təqdim edim.

Ümumiyyətlə, insanların bir-biri ilə qalmaqalları, emosiyaları, hissləri çox az maraq kəsb edir. Kimsə kimisə sevdi, evləndi, ayrıldı, dava etdi, barışdı və sair maraqlı deyil. “Toy olsun” verilişi də sırf bunun üzərində qurulmuşdu. Ona görə də mənə maraqlı deyil, aparıcılıq edəndə də maraqlı gəlmirdi.

- “Toy olsun” verilişinin aparıcılarından biri olmanıza peşmansız?

- Xeyr, mən heç bir verilişimdən peşman deyiləm. Məni “Toy olsun” tanıtdı, başqa hansısa layihəni aparsaydım bu qədər tanınmayacaqdım. Ümumiyətlə, həyatda etdiyim heç nədən peşman deyiləm.

- "Toy olsun"u Elgiz Əkbərlə birlikdə aparmısınız. Onunla yenidən ikinci layihə işləyə bilərsiniz?

- Elgiz Əkbəri o qədər çox istəyirəm ki... Çox az insan var ki, televiziyada onlar haqqında xoş söz deyim. Elgiz Əkbəri canayanımlı insandır. Televiziyada çətinlik içində olan insanların yanında dayanan onun kimi ikinci aparıcı tanımıram. Bu insanda biganəlik xüsusiyyəti yoxdur. Çox səmimidir. Harnısa məkanda oturub çay içəndə telefonuna zəng gəlir. Kimin evində dərman çatmır, çörəyi yoxdur, işdən çıxıb, arvadı ilə dalaşıb və sair Elgizə zəng vurur.

Zəng edənə də deyinir ki, niyə zəng vurmusan? Nə istəyirsən? Amma o dəqiqə də həmin insana çarə tapır, kömək etməyə çalışır. Mən Elgiz Əkbərlə veriliş apara bilərəmmi? Artıq yox, çünki fərqli verilişlərdəyik. O sosial sahədədi, mən isə janrımı dəyişdim. Sırf yenidən bir araya gələ bilməməyimizin səbəbi budur. Amma Elgiz əvəzolunmaz, dəyərli insandır

- “Toy olsun” verilişindən sonra Azərbaycan qadını haqqında düşüncəniz nədən ibarətdir?

- Azərbaycanlıları qonşu ölkədə, dünyada yaşayan xalqlardan seçirəm. Mənə görə dünyada Azərbaycan kişi və qadınından yaxşısı yoxdur. Yəni sən yaxşı insansansa, deməli, azərbaycanlısan.

“Toy olsun” verilişi Azərbaycan qadını haqqında heç nə demir. Azərbaycanlı qadın haqqında bizim 44 günlük müharibə vaxtında evindəki qızının, özünün cehizini cəbhəyə göndərən qadın deyir. Azərbaycanlı qadın haqqında oğlunun, həyat yoldaşının tabutunu çiynində aparan qadın deyir. Azərbaycanlı qadın haqqında biz hər səhər işə gedəndə küçələri təmizləyən, rahatlığımıza xidmət edən qadın deyir. Öz işini yaxşı görən hər bir qadın azərbaycanlı qadının kimliyini tanıdır.

Həmin verilişdə öz bəxt-taleyini axtaran xanımlarımız var idi. Onlar düşünürdülər ki, həyatlarını o cür düzəldəcəklər. Bu da normaldır. İnsanın öz xoşbəxtliyini axtarmasını heç kim qınaya bilməz. Bu mənə maraqsızdır, amma hər kəs xoşbəxt olmaq istəyir.

Hər kəsin həyatda yaşamısının bir qayəsi var - xoşbəxt olmaq. Bu, qadınlar üçün daha aktualdır. Azərbaycan kişisi Qarabağda döyüşən adamdır. Hər gün səhər iş dalınca gedib, axşam evinə qayıdan, ailəsini dolandıran, ailəsinə can yandırandır. Xüsusən müharibədən sonra azərbaycanlı olmaq bir seçkinlik deməkdir.

- Belə bir söz var, xoşbəxt bir qadının cibində həmişə günəş, ürəyində sevgi, ruhunda sevinc və gözündə xoşbəxtlik olur. Sizdə vəziyyət necədir?

- Bəli, qadın kimi xoşbəxtəm.

- Sizin üçün sevmək yoxsa sevilmək önəmlidir?

- Hər ikisi... Heç biri təklikdə olmur.

- Fədakarsınız?

- Layiq olan insana fədəkaram.

- Şəxsi münasibətləri nəzərdə tutursunuz?

- Bəli...

- Aparıcı kimi bu mərhələyə gəlmək asan, yoxsa çətin oldu?

- Əlbəttə, asan deyildi. Məktəb illərindən aparıcı olmaq, jurnalistika sahəsində çalışmaq istəmişəm. Amma nədənsə heç kim məni aparıcı kimi görmürdü. Televiziyada əla müxbir, redaktor idim, amma məni aparıcı kimi görmək istəmirdilər. Aparıcılara baxırdım və görürdüm ki, səhvləri var, mövzulara yanaşma tərzində və aparıcılıq etməklərində...

Bir dəfə televiziya rəhbərlərindən biri prodüser idi, ona dedim ki, verilişi verin, mən aparım, proqramı veriliş halına gətirim. Mənə cavab verdi ki, Ülvira, bağışla, axı, səndə aparıcı görünüşü yoxdur.

Dedim ki, yaxşı nə olar... Bir neçə ildən sonra fürsət düşdü, “Toy olsun” verilişini hazırladıq və təqdim elədik. Aparıcı kimi efirə çıxdım. Bu mərhələ çətin idi. Təbii ki, iş yerində çətinliklər olur. Xüsusilə, aparıcıların, tanınmışların üzərinə hücuma keçirlər. Eləcə də daim özünə fikir verməlisən.

İndi məlum standartlarla işləyən televiziyada olmadığıma görə daha rahatam, hər addımım güdülmür. Sosial şəbəkələrdə heç nə yaza bilmirdim. İndi az-çox fikrimi bildirirəm, əvvəl yazan kimi xəbər edirdilər.

- Adətən məşhurlar haqqında şayiələr yayılır. Sizin də barənizdə şayiə olubmu?

- On il əvvəl şayiə yaymışdılar ki, üç mərtəbəli villam var. Bunu qonşum eşitmişdi. Əslində, hamı haqqında şayiələr yayılır. Çox yaxından tanıdığım insanlardan elə şayiələr danışırlar ki, yalnız qatil damğası qalır, ona vurmasınlar.

Ümumiyyətlə, tanınmış insanlar haqqında danışılanlardan yüzdən beş-onu doğru olur. Məsələn, mən "Toy olsun” verilişini aparanda deyirdilər ki, bu nə "tupoy" aparıcıdır, nə edə bilər?! Eyni Ülvira Qarayeva “Beş barmaq” verilişini apardı, dedilər ki, bu dəqiq həmin aparıcıdır? Axı, o belə deyildi.

“Toy olsun” verilişinin qonaqları verilişimə ekspert kimi gələndə təəccüblənirdilər. Amma “Toy olsun” verilişindən sonra tamaşaçım məndən qopdu. Mənə alışan tamaşaçı “Beş barmaq” verilişinə nadirən baxırdı. Ona görə hələ də haqqımda bu fikir qalıb ki, “Toy olsun” verilişini aparandır?!

İndi yutub kanalında ciddi işlər görməyə imkan daha çoxdur. Keçən dəfə feysbukda bir nəfər yazıb ki, Ülvira xanımı bu ampluada görəndə təəccübləndim, daha ciddi ampluada işləyən jurnalist kimi. Əslində, "Toy olsun” verilişini aparanda məni tanıyan insanlar təəccüblənmişdi ki, bu layihəyə niyə getdin?!

- Plastik əməliyyatdan sonra xarici görünüşünüz çox dəyişdi. Buna görə məşhurluğunuzu itirməkdən qorxmadınızmı?

- Çox qəribədir ki, tanıyırlar, bəlkə sosial şəbəkə sayəsindədir. Daha çox səsimdən tanıyırlar.

- AStar yutub kanalında verilişə dəvət etdiyiniz məşhurlardan yox deyənlər və "kapriz" edənlər olubmu?

- Adətən, verilişə qonaqları prodüserimiz Anar dəvət edir. O, çox yaxşı prodüserdir. Verilişə gəlməkdən qorxanlar olur, çünki bir çox hallarda narahat suallar verirəm. Hətta bir neçə müsahibədən sonra başa düşmüşəm ki, bilsəydi verilişə gəlməzdi.

Qonağımız haqqında müsahibədən əvvəlki gecə yatmırıq, bir çox məlumatı əldə edirik. Bu cür yanaşma müsahibəyə fərqlilik gətirir və dəyər verir. Bu özəllik təkcə bizim müsahibələrə aid deyil. Bu, ümumiyyətlə, müsahibə janrında işləyən bir çox aparıcıya aiddir.

Verilişimiz əksər insanların xoşuna gəlir, həvəslə göstərir, çox naz etmirlər.

- Qızınız Zeynəb Türkiyədə tibb sahəsində təhsil alır...

- Bəli, qızım Türkiyədə oxuyur. Gələn il universiteti bitirəcək, təhsili ingilis dilindədir.

- Qızınız gələcəkdə Türkiyədə, yoxsa Azərbaycanda fəaliyyət göstərməyi düşünür?

- Ümumiyyətlə, Avropaya getmək istəyir. İngiltərədə təcrübə proqramları ilə maraqlanır. Avropaya köçmək arzusundadır, inşallah, alınar. Bir müddət Türkiyədə yaşaya bilər, amma əvvəl-axır Avropaya gedəcək.

- Sizin özünüzün nə zamansa xarici ölkəyə köçmək fikriniz olubmu? Məsələn, tanınmış olmaqdan bezərək...

- Məşhurluğum pik həddini keçib, indi rahatam. Rahatca yeməyə də çıxır, şəhərdə də gəzə bilirəm.

- Bazara-mağazaya baş çəkirsiniz?

- Təbii ki, bazara gedirəm, bazarlıq da edirəm, qiymət də endirirəm... Bir az ünsiyyəti uzadanda tanıyırlar. Amma əvvəlki kimi narahatedici diqqət yoxdur.

Həmişə Türkiyəyə köçmək və orada yaşamaq istəmişəm. Xüsusilə qızım oradadır deyə, böyük həvəslə gedib orada yaşayardım. Son vaxtlara qədər düşünürdüm, amma indi artıq anlayıram ki, Azərbaycanda rahat olduğum qədər heç yerdə rahat deyiləm. Həyatda düşünməzdim ki, Türkiyədə Azərbaycan üçün darıxa bilərəm. Ötən yay Türkiyədə başıma gəldi.

Türkiyədən əvvəl Avropaya köçməyi düşünürdüm. O vaxt qızıma görə çəkindik, getmədik, çünki Avropa tərbiyəsi başqadır, bizim mental dəyərlər fərqlidir. Ona görə də istəmədim, qızım sırf məni narahat edən dəyərlərə sahib olsun.

Təməl burada qoyulsun, insan kimi formalaşsın, sonra hara getsə, dəyərlərimizlə gedəcək...

- Çox güclü görsənirsiniz, duyğusal anlarınız olurmu?

-Mən o qədər ağlayıram ki... Məndən çox ağlayan adam var!? Sulu gözlüyəm. Məsələn, qızımla film izləyən zaman görürük ki, şir ölür, kaftarlar yığışıb onu didəcəklər. Biz ona baxıb ağlayırıq. Şiri yemək olmaz axı, o, kraldır. Necə oldu? Bu həyat necə dəyişdi?

Yaxud “Xatiko” filminə baxmazdan əvvəl yanımıza iki-üç dəsmal qoyuruq, hazır oluruq ki, bəlli bir mərhələdən sonra ağlamağa başlayacağıq.

Ağlamaq gücü azaltmır, daha da çoxaldır. Amma zəif olduğum məqamlar da olur, mən robot deyiləm. Ümumiyyətlə, özümü güclü insan saymıram. Mənim həyatımda bircə nəfər var, o da mənim qızımdır. Təkcə o məni güclü hesab edir. Məndən daha çox problemlər həll edən insanlar var. Güclü onlardır. Mən sıravi biriyəm...

Geri qayıt