Əsas Səhifə > Şou-biznes > “Evimizə sənəd vermirlər, “havada” qalmışıq, belə getsə prezidentə müraciət edəcəyik”
“Evimizə sənəd vermirlər, “havada” qalmışıq, belə getsə prezidentə müraciət edəcəyik”18-03-2022, 09:00 |
“Bir neçə il bundan əvvəl cənab prezident kino sahəsindəki xidmətlərimi yüksək qiymətləndirərək məni şəhərdə hündürmərtəbəli binada 3 otaqlı mənzillə təmin etdi. Həmin evi təmir etdirmək üçün imkanım yox idi. Maraqlandım və soruşdum ki, dövlətin mənə hədiyyə etdiyi bu evi sata bilərəm? Mənə bildirdilər ki, bu evi satmağa sənə qanun icazə verir. Ona görə də şəhərdəki evi satıb, onun puluna Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağlar massivi ev 1) 3 də bağ evi aldım. Bir növ prezidentin mənə verdiyi evlə bu evi dəyişdirdim. Artıq iki ildir ki, bu evdə yaşayırıq, yollarımız bərbad gündədir, evin sənədi yoxdur, hamımız “havada” qalmışıq”. dia-az.site xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, tanınmış sənətkar Ənvər Həsənov deyib. O daha sonra əlavə edib. “Çox yaxşı qonşularım var, hamısından razıyam, mənə qarşı böyük hörmət və diqqət bəsləyirlər. O vaxt evi alanda notariusda bizə söz verdilər ki, gəlib evi qeydiyyata salacaqlar. Amma nə gələn var, nə də gedən. Qonşularım da bu problemlərdən əziyyət çəkirlər. Xəzər rayonu İcra Hakimiyyətinə dəfələrlə müraciət ediblər, deyirlər ki, gəlib problemi həll edəcəyik. İnanın Allaha, yağış yağanda bu yollarla hərəkət etmək mümkünsüzdür, avtomobillərimiz sıradan çıxır. Cənab prezident 2019-cu ildə tapşırıq verib ki, bütün sənədsiz evlər sənədləşdirilsin, əhaliyə köməklik edilsin! Budur bizə köməkləri?! Maraqlanmışıq, evin sənədi üçün 10 mindən 16 minə yaxın pul istəyirlər. Əgər cənab prezidentin belə göstərişi varsa, niyə insanlar pul ödəməlidir? Dövlətimiz insanlar üçün hər şey edir, problemlərinin həllinə çalışır, amma sırf bunun üçün ayrılan məmurlar niyə öz işlərini layiqincə yerinə yetirmirlər? Mən bu işlə birbaşa əlaqəsi olan səlahiyyətli qurumların rəhbərlərini yaşadığımız küçəyə dəvət edirəm. Gəlib problemlərimizlə yerində maraqlansınlar, bu onların vəzifə borcudur. Əgər sadaladığım problemlər həlli yolunu tapmasa məcbur olub cənab prezidentə müraciət edəcəyəm” deyə sənətkar bildirib. Geri qayıt |