Əsas Səhifə > Şou-biznes > "Bacarığımı xalqımdan, insanlardan, dövlətimizdən əsirgəməmişəm"

"Bacarığımı xalqımdan, insanlardan, dövlətimizdən əsirgəməmişəm"


16-03-2022, 08:32
"Bacarığımı xalqımdan, insanlardan, dövlətimizdən əsirgəməmişəm"
“1968-ci ildə 5 illik musiqi məktəbininə daxil olub, orada qarmon musiqi aləti üzrə təhsil almışam. Həmin məktəbi 1973-cü ildə bitirmişəm. O illərdən günümüzə qədər Azərbaycanda qarmon musiqi alətini, sənətini təbliğ edirəm. Təbii ki, ilk əvvəllər el şənliklərinə gedirdim. Mənim əmim aşıq Əsgər olub, o Şirvan Aşıq Məktəbinin yaradıcılarından biri idi. Mən onun yanında aşıq sənətinə, xalq yaradıcılığına yiyələndim. Qarmon məktəbini bitirib, 5 illik təhsil də aldım. Muğamla da maraqlanıb, çox böyük nailiyyətlər əldə edirdim. Hərbi xidmətdən gələndən sonra Azərbaycan Dövlət Rəqs Ansambılında işə götürüldüm, 10 ilə qədər sərasər orada çalışdım. Çalışdığım müddətdə də SSRİ məkanında olan əksər dövlətlərdə qastrol səfərlərində olmuşam. SSRİ Xalq artisti Leyla Vəkilova bizim bədii rəhbərimiz idi. Hələ hərbi xidmətə getməmişdən bir il əvvəl də rəqqas, xalq artisti Əlibaba Abdullayevlə Rus Dili və Ədəbiyyatı Universitetində çalışırdım. Demək olar ki, bütün rəqslərimizin sirlərinə yiyələnirdim. 10 illik təcrübə mənim üçün çox böyük bir dərs oldu. Böyük mükafat və təltiflərlə hər zaman festivaldan qayıdırdıq”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a tanınmış qarmon ifaçısı, ustad sənətkar, Milli Konservatoriyanın müəllimi Nizami Əsgərov bildirib. O, daha sonra saytımıza bunları bildirib.

“Rəqsləri bildiyimə görə məni Xoreoqrafiya məktəbinə də dəvət etmişdilər. 30 ilə yaxındır ki, mən həm də Milli Konservatoriyanın nəzdindəki İncəsənət Gimnaziyasında dərs deyirəm. Xalq artisti Vəli Qədimovla tanışlığım isə məni SSRİ xalq artisti Zeynəb Xanlarovanın ansamblına gətirib çıxardı. Bu ansamblın nəzdində 20 ildən çox fəaliyyət göstərdim. Bütün dövlət tədbirlərində, hökümət konsertlərində, qurultaylarda iştirak edirdik. Bacarığımı xalqımdan, insanlardan, dövlətimizdən əsirgəməmişəm. Mən səhnəni Rəşid Behbudov, Müslüm Maqomayvev, Zeynəb Xanlarova və digər xarici sənətkarlarla bölüşmüşəm. Pandemiya başlayana qədər Zeynəb xanımla çalışmışam, daha sonra xəstələndiyim üçün gedə bilmədim. Bu gün də onunla çox gözəl münasibətlərimiz var. Zeynəb xanım hər zaman mənim sənətimə yüksək qiymət verib. O böyük bir məktəbdir, mən həmin məktəbi keçmişəm. Hər sənətkar orada çalışa bilmir, onun ansamblına düşə bilmir. Bütün bu uğur və nailiyyətlərimə baxmayaraq hələ də mənə qarşı laqeyd, biganə münasibət var. İndi mənim xalq artisti olan yaşımdır, amma heç əməkdar artist fəxri adım da yoxdur.

Zeynəb Xanlarova mənim haqqımda 2 dəfə təqdimat verib. Bir təqdimatı da Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi Mədəniyyət Nazirliyinə təqdim edib. Fəxri adımla bağlı təqdimatın biri də Milli Məclisin Mədəniyyət Komitəsi tərəfindən verilmişdi. Obyektiv və subyektiv səbəblərdən bu məsələ hələ də həll yolunu tapmayıb. Əbülfəs Qarayev mənə deyirdi ki, siz bizim qarmon sənətimizi inkişaf etdirmisiniz, az bir zamanda xalq artisti fəxri adı alacaqsınız. Bu boyda əziyyət çəkmişik, ömrüm elə təyyarələrdə, qatarlarda qastrol səfərlərində keçib. Ev istəmirəm, maşın istəmirəm, sadəcə olaraq əməyimin zəhmətini görmək istəyirəm. Əminəm ki, prezidentimizin bu məsələdən xəbəri yoxdur. O hər zaman mədəniyyət xadimlərinə çox böyük, yüksək dəyər verib, diqqət göstərir. Vaxtilə el şənliklərinə çox getmişəm. Bu gün cavan uşaqlarla birlikdə oturub toy idarə etmək mənim üçün düzgün deyil. Nəsə, abrımı gözləmişəm. Dövlətdən aldığım məcaviblə keçinmişəm. 3-4 tələbəm, dərs dediyim uşaqlar bu gün “Əməkdar artist”, mükafat və təqaüd alırlar. Ən azından axı mən də bundan artığına layiqəm. Deyə bilərəm ki, mənə qarşı laqeyd münasibət göstəriblər, ola bilsin ki, nəzərdən yayınmışam” deyə sənətkar bildirib.

Geri qayıt