Əsas Səhifə > Şou-biznes > Manaf Ağayev həbsdən çıxdı, səhəri gün polis əməkdaşının toyunda oxudu

Manaf Ağayev həbsdən çıxdı, səhəri gün polis əməkdaşının toyunda oxudu


10-03-2022, 10:35
Manaf Ağayev həbsdən çıxdı, səhəri gün polis əməkdaşının toyunda oxudu
Qarabağa qanunsuz səfər etdiyinə görə 15 sutkalıq həbs cəzası alan müğənni Manaf Ağayev martın 5-də gecə saatlarında azadlığa buraxılıb. Bunun səhəri günü toyda iştirak edib. Bununla bağlı sosial şəbəkələrdə videogörüntülər, fotolar yayılıb. DİA.AZ xəbər verir ki, onunla birgə toy mərasimində iştirak etmiş “Yeni Müsavat”ın jurnalisti Cavanşir Abbaslının müğənni ilə söhbətləşmək imkanı olub. Bu barədə həmkarımızın Musavat.com-a dedikləri:

“Martın 6-da ”Xudafərin" şadlıq sarayında bir polis dostumuzun toy mərasimi idi. Həmin mərasimdə müğənni Manaf Ağayevi görəndə isə çox təəccübləndim, çünki müğənni bir gün əvvəldən azadlığa buraxılmışdı və dərhal toya dəvət almışdı.

Manaf Ağayevlə bir qədər söhbətləşmək imkanım oldu. Müğənni 15 sutkalıq həbsi ilə bağlı qeyd etdi ki, həmin günlər onun üçün “ildırım sürəti ilə keçib”: “Bölmədə məni çox hörmətlə qarşıladılar. 15 gün ərzində isə həm ailəmə, həm də mənə qarşı çox böyük dəstək oldu”.

Fürsətdən istifadə edib “üzr videosu”nun olmaması ilə bağlı da sual verdim. Manaf Ağayev bu barədə bildirdi:

“Niyə üzr istəməliyəm? Mən öz doğulduğum torpağa getmişdim... Arzum budur ki, bundan sonra insanlarımız öz doğma torpaqlarına heç bir maneə, problem olmadan gedə bilsinlər.

Mənimlə birgə həbs olunan iş adamı Sənan Hüseynov 44 günlük Vətən müharibəsində öz hesabına hər gün əsgərlərimizə dəstək olub, yardımlar edib".

Qeyd edək ki, müğənni öz İnstagram hesabında ona dəstək olan hər kəsə təşəkkür edib və yenidən toylara başladığını bildirib:

“Geridə qalan 15 gün ərzində mənə və ailəmə dəstək olan hər bir insana dərin təşəkkürlərimi bildirirəm. Allah sizləri var eləsin. Xalqımın sevgisini mənə çox görməsin. Xalqıma hər zaman toylar qismət olsun, biz də gəlib iştirak edək. Toyumuza başladıq”.

Xatırladaq ki, Manaf Ağayev və onunla olan iş adamı Sənan Hüseynov işğaldan azad edilən Füzuli rayonuna qanunsuz səfər etdikləri üçün 15 sutka inzibati həbs cəzası almışdılar.

Geri qayıt