Əsas Səhifə > Şou-biznes > "Qadınlara bir gün hədiyyə alıb, bir ömür boyu zülm, işgəncə vermək lazım deyil"
"Qadınlara bir gün hədiyyə alıb, bir ömür boyu zülm, işgəncə vermək lazım deyil"9-03-2022, 09:23 |
“Qadınlara bir gün hədiyyə alıb, bir ömür boyu zülm, işgəncə vermək lazım deyil. Bu lap bilirsiniz nəyə oxşayır? 40 gün nəfsə qalib gəlirlər, daha sonra başlayırlar öz əməllərini, pis vərdişlərini davam etdirməyə. Qadın incə bir məxluqdur, qadın həyatın retorikasıdır. Allah qadını 7 gün ərzində yaradıb, insanların artımı qadının vasitəsilə baş verir. Qadının dünyada rolu böyükdür. Amma qadın yaranandan əks cins tərəfindən təzyiqlərə, zorakılığa məruz qalıb. Dərrakədə qadın heç də kişilərdən geri qalmır. Bəlkə də qadın kişilərdən daha çox bilir, dünyanı anlayır. Onlara bir gözəl söz, münasibət kifayət edir. Amma təəssüflər olsun ki, son zamanlar qadınlarda zəriflik itir, bunun günahı da əks cinsin nümayəndələrindədir. Kişilər qadınları bir gün yox, hər gün qayğısına qalmalıdırlar. Neynirəm o gülü-çiçəyi ki, sonra burnumdan gətirsin?! Heç istəmirəm”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Naibə Allahverdiyeva deyib. Sənətkar həyat yoldaşının ona aldığı hədiyyədən də danışıb. “Həyat yoldaşım mənə gül hədiyyə etdi. Mən gülləri çox sevirəm, bu mənim üçün ən gözəl hədiyyədir. Yuxudan oyanıb gördüm ki, həyat yoldaşım səhər yeməyini hazırlayıb, çayı dəmləyib, süfrəni bəzəyib. Mən hədiyyənin fərqinə varmıram. Qadına hədiyyə onun həyat yoldaşı, övladları tərəfindən göstərilən diqqətdir” deyə aktrisa bildirib. “Naibə xanım, xoşbəxt qadındır?” sualına isə aktrisa belə cavab verib. “Bu dünyada gedən prosseslərə baxanda əlbəttə ki, xoşbəxt qadınam. Qadınlar var ki, çöllərdə ac-susuz qalıblar, həyat yoldaşlarını, övladlarını itiriblər. Mənə elə gəlir ki, qadın üçün ən böyük xoşbəxtlik sülh, əmin-amanlıq, övladlarının, həyat yoldaşının sağ olmasıdır. Bu dövr üçün xoşbəxtlik budur” deyə xalq artisti bildirib. Geri qayıt |