Əsas Səhifə > Şou-biznes > "Nə vaxtsa dinə-imana gəlib bir şey edərlər..."

"Nə vaxtsa dinə-imana gəlib bir şey edərlər..."


3-03-2022, 09:42
"Nə vaxtsa dinə-imana gəlib bir şey edərlər..."
"Kosa" obrazının ifaçısı, tanınmış aktyor Qafar Novruzlu Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Qafar müəllim, elə personajsınız ki, ildə bir dəfə yada düşürsünüz...

- Əlbəttə ki, bu hal məni üzür. Amma nə etmək olar?! Novruz bayramı ildə bir dəfə olur. Bu obraz mənim üstümə biçilib sanki. Mən də çalışmalıyam ki, çox böyük həvəslə ildə bir dəfə də olsa bu obrazın öhdəsindən layiqincə gəlim. Uşaqların hamısı gəlib şəkil çəkdirir, insanlar xoş sözlərini sənə söyləyirlər. Bunun özü çox gözəl hisslərdir!

- Kosa kimi neçənci ildə fəaliyyətə başlamısınız?

- Mən 1990-cı ildə kosa kimi fəaliyyətə başlamışam. O vaxt Sidqi Mustafayevin bədii rəhbəri olduğu “İrs” folklor ansamblında çalışırdım. Mən həmin ansamblda tar ifaçısı idim. 1990-cı ildə keçirilən tədbirə elə oldu ki, kosamız gəlib çıxmadı. Kosanın bütün geyimləri otaqda idi. Həmin geyimləri geyinib, səhnəyə çıxdım. Daha sonra 1996-cı ildə keçiriləcək Novruz bayramına məni dəvət etdilər və dedilər ki, ulu öndər Heydər Əliyev də gələcək. 10 gün əvvəl məşqlər edib, hazırlaşdıq. Bu mənim ulu öndərin qarşısında ilk çıxışım idi. Bu zaman mən onunla yumurta döyüşdürmədim. Daha sonrakı görüşlərimdə onunla görüşməyimə mühafizəçiləri mane olmaq istədilər, hətta məni ordan uzaqlaşdırmaq istəyirdilər. Ulu öndər icazə vermədi, göstəriş verdi ki, ona yaxınlaşım. Dedim ki, elimizin gözəl adəti var, sizinlə yumurta döyüşdürməliyik. Məndən yumurtanı alıb o tərəfinə, bu tərəfinə baxdı. Çünki bu görüş öncədən planlaşdırılmamışdı. Ulu öndərə yumurta döyüşündə uduzdum. Hər bayramda demək olar ki, onunla görüşürdük. Keçəli də mən özüm seçirdim. Vaqif adında çox istedadlı bir aktyorumuz var, 10-15 ildir ki, hər yerə onunla gedirəm. Kosa-keçəl xalqın içindən çıxıb, onları xalq seçib. Onlar həm güldürür, həm də düşündürürlər. Heç vaxt da bir-biri ilə yola getməyiblər. Kosa olan şəxs şablon sözlərdən istifadə etməli deyil, bədahətən gəlməlidir.

- Müsahibələrinizin birində demisiniz ki, mən əsrin kosasıyam, amma indi vəziyyət ürəkaçan deyil. Nədir sizi şikayətlənməyə vadar edən?

- Sözün düzü, cənab prezidentlərlə görüşən zaman özüm üçün heç nə istəməmişəm. Deməmişəm ki, mənə ev, maşın, fəxri ad verin. İstəsəydim deyə bilməzdim?! Sadəcə olaraq efir mədəniyyətini pozmamışam. Mədəniyyət naziri o vaxt Əbülfəs Qarayev idi. Neçə dəfə bu mövzu haqda onunla danışmışıq, demişəm ki, bütün bayram tədbirlərində, verilişlərdə biz oynayırıq, bizə bir fəxri ad düşmür? Bir onu deyib ki, həll olunacaq, amma indiyə kimi hələ də həll olunmayıb. Mədəniyyət komitəsinin sədri, hörmətli Millət vəkilimiz Qənirə Paşayevaya məktub yazdım, o da həmin məktubu Mədəniyyət Nazirliyinə göndərdi. Cavab gəldi ki, mütləq baxılacaq.

- Yeni Mədəniyyət Nazirinə müraciət etmisiniz?

- Xeyr, heç kimə müraciət etməmişəm. Düşünürəm ki, nə vaxtsa dinə-imana gəlib bir şey edərlər.

- Sosial vəziyyətiniz necədir?

- Boş vaxtım olanda taksi fəaliyyəti ilə məşğul oluram. Gündəlik 5-10 manat qazanıram. Başqa çıxış yolu var? Sifarişlər də azalıb. Kosa, keçəl geyimini geyinmək o demək deyil ki, bu kosadır, o da keçəldir?! Kosa-keçəli oynayan aktyorlar Novruzun bütün tarixini bilməlidir, hazırcavab, məlumatlı olmalıdır.

- Səhv etmirəmsə, bir dəfə sizin yerinizə kosa və keçəl obrazlarında Rafael və Coşqun çıxmışdı. O zaman niyə Novruz şənliyinə siz dəvət almamışdınız?

– Bəli. 2009-cu ildə şənliyə dəvət almadım. Rafael və Coşqun gözəl aktyorladır. Xətirlərini istəyirəm. Amma İlham Əliyevlə Mehriban xanım onlara yaxınlaşdı. Onları görəndə heç yaxın getmək istəmədilər. Və mən qulağımla eşitdim. Prezident dedi, bəs bizim öz Kosa-Keçəlimiz hanı? 2011-ci ildə də bu səhvə yol verəndən sonra mədəniyyət naziri məni nazirliyə çağırdı. Dedi ki, prezident təkid edir ki, tədbirin iştirakçısı sən olasan.

Geri qayıt