Əsas Səhifə > Şou-biznes > "Əgər insan kimi yaşamaq istəyirsinizsə, özünüzü insan kimi aparacaqsınız..."

"Əgər insan kimi yaşamaq istəyirsinizsə, özünüzü insan kimi aparacaqsınız..."


24-02-2022, 16:17
"Əgər insan kimi yaşamaq istəyirsinizsə, özünüzü insan kimi aparacaqsınız..."
“Biz artıq bu gün tarixdən, baş vermiş hadisədən, keçmişimizlə bağlı böyük faciədən, dünyanın 32-yə yaxın Parlamentinin Xocalı faciəsini soyqırım kimi qəbul etməsindən danışırıq. Bu ondan ötrü olmalıdır ki, bizim bundan sonrakı fəaliyyətimiz bütün sahələrdə: ədəbiyyatda, musiqidə, teatrda, kinoda, siyasətdə, jurnalistikada, dövlət siyasətində bir sözlə, hər şey ona xidmət etməlidir ki, o tarix unudulmasın. Başımıza gətirilən faciələr və onun səbəbkarları daim diqqət mərkəzində saxlanılsın”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nürəddin Mehdixanlı Xocalı faciəsinin otuzuncu ildönümü haqqında danışarkən deyib. Xalq artisti dünyanın gözü qarşısında soydaşlarımızın Xocalıda amansızcasına qətlə yetirildiyini bildirib:

“Dünyanın gözü qarşısında, iyirminci əsrin sonunda böyük bir faciə baş verir və bütün dünya susur. Məhz azərbaycanlı olduqlarına görə başları kəsilir, yandırılır, öldürülür, əzaları doğranır, təcavüzə məruz qalırlar. Yəni bu gün inkişaf eləmiş, özünü mədəni adlandıran və qloballaşan bu dünya çox təəssüflər olsun ki, təcavüzkara yerini göstərmədi, onun cəzasını vermədi və indiyə qədər də Xocalı faciəsinin səbəbkarları azadlıqda gəzirlər. Düşünürəm ki, mütləq o zaman gəlməlidir ki, o faciənin səbəbkarları haqq-ədalət məhkəməsi qarşısında dayansınlar. Çünki orda qadınlar, uşaqlar, qocalar, ahıllar, gənclər öldürülüb. Xocalı faciəsi ümumiyyətlə, türk dünyasının tarixində heç bir zaman unudulmayacaq, insanlığa, bəşəriyyətə qarşı törədilmiş bir cinayətdir. Düşünürəm ki, bütün bu baş verənlər, otuz il işğal altında qalan torpaqlarımız və bu illər ərzində viranə qoyulmuş kəndlərimiz, şəhərlərimiz, yandırıldı, amma viran qoyulan Xocalı bizi millət olaraq qəddarlaşdırmadı, zalıma çevirmədi. Biz haqq uğrunda savaşa qalxdıq, torpaqlarımızı azad elədik, amma bizim başımıza insanlıq adına ləkə olan faciələri gətirən o toplumun nə qadınına, nə uşağına, nə körpəsinə, nə də qocasına toxunduq. Biz dünyaya böyük bir hərb mədəniyyəti göstərdik. Həm də göstərdik ki, türk milləti başına gətirilənlərdən, faciələrdən nəticə çıxarmağı öyrənən, o zalımların dərsini verməyi bacaran, amma eyni zamanda, qəddarlaşmayan, insanlığını, əxlaqını, mənəviyyatını, qoruyub, saxlayan bir xalqdır.

Bu gün bizim torpağımızı işğal edən, kəndimizi, şəhərimizi xaraba qoyan, meşələrimizi qıran, sularımızı zəhərləyən, indiyə qədər birinci Qarabağ savaşında üç mindən çox insanın taleyi haqqında bizə heç bir məlumat verməyən, dünyanın gözü qarşısında vəhşilik göstərən bu ermənilər, bu da bizik, Azərbaycan xalqı. Bu gün Azərbaycanda otuz minə yaxın erməni yaşayır, amma kimsə onları barmaqla göstərmir, deyirik ki, Azərbaycan vətəndaşıdır. Lakin bizim iki millət vəkilimiz Avropa Təşkilatının İrəvanda keçirilən tədbirinə gedir, bütün Ermənistan ayağa qalxır, yolları bağlayırlar, mehmanxananın qarşısına gəlirlər, “Türklərə ölüm!”, “Öldürün bunları!”, “Türksüz Ermənistan!” şüarlarıyla etiraz aksiyaları keçirirlər. Bizim millət vəkillərimiz İrəvanda olduğu müddətdə ermənilər bir daha özlərinin vəhşiliyini, barbarlıqlarını və qeyri-insaniliklərini göstərdilər və neyləməli ki, bizim torpağımıza kənardan bu vəhşiləri gətirib yerləşdirdilər və onlarla bu gün qonşu olmaq məcburiyyətindəyik.

Ona görə demək istədiyim odur ki, güclü, soyuqqanlı olmalıyıq, ağıllı hərəkət etməliyik, tariximizi unutmamalıyıq. Bircə Leyla xanım Əliyevanın “Xocalıya ədalət!” çağırışı altında dünyaya biz Xocalı faciəsini tanıtmasaydıq, dünyanın 32 ölkəsinin Parlamenti soyqırım kimi onu tanımazdı. Kinolarda, tamaşalarda, televiziyalarda, festivallarda indi bu daha güclü şəkildə davam etməlidir. Təbliğat daha güclü şəkildə getməlidir. Biz indiyə qədər dünyanın eşitmədiyi, amma başımıza gələn bütün faciələri dünyaya göstərməliyik. Artıq qalib, güclü ölkə kimi, ağlayıb, zılayaraq yox. Bu gün bizim millət vəkillərimiz İrəvanda cəsarətlə böyük mədəniyyət, siyasi əxlaq nümayiş etdirdilər və deyirik ki, biz bu millətik. Bəli, biz türkük, amma siz “hay” olaraq qalmısınız, siz hələ dəyişməmisiniz, hələ orta əsrlərdə feodalizm dövrünün təfəkkürüylə yaşayırsınız. Əgər insan kimi yaşamaq istəyirsinizsə, siz özünüzü insan kimi aparacaqsınız, elədiyiniz cinayətlərin məsuliyyətini daşıyacaqsınız və unutmayın ki, bir gün hər şeyə görə həm də haqq-ədalət məhkəməsi qarşısında cavab verəcəksiniz. Hər bir azərbaycanlı buna çalışmalıdır. Kimliyindən, peşəsindən, məşğul olduğu sənətindən asılı olmayaraq hər kəs Azərbaycan həqiqətlərinin dünyada yayılması, təbliği və qəbul olunmasıyla məşğul olmalıdır. Bu hər kəsin borcudur. Kimliyindən, cinsindən, işindən, peşəsindən asılı olmayaraq hər bir azərbaycanlının müqəddəs borcudur. Biz yalnız o halda var ola bilərik, güclü ola bilərik, o vaxt dünyanın böyük və ciddi şəkildə bir parçasına çevrilə bilərik”.

Geri qayıt