Əsas Səhifə > Şou-biznes > "Deyirdi ki, sancı məmə, yenə nə işin düşüb mənə?"

"Deyirdi ki, sancı məmə, yenə nə işin düşüb mənə?"


21-02-2022, 08:51
"Deyirdi ki, sancı məmə, yenə nə işin düşüb mənə?"
Akademik Musiqili Teatrın aparıcı aktyoru, əməkdar artist Çingiz Əhmədov Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Çingiz müəllim, uzun illərdir teatrda çalışırsınız, aparıcı səhnə ustasısınız. Tamaşaçılar sizi sevir və səbirsizliklə gözləyirlər. Bəs teatrı sizə sevdirən nədir?

- Teatr böyük məktəbdir. Mən hələ də öyrənirəm və öyrədirəm. Teatrı mənə sevdirən maraqlı əsərlər və tamaşaçı sevgisidir. Təəssüf ki, teatrda maraqlı əsərlər azalıb və yazarlar çox azdır. Mən 38 ildir ki, Akademik Musiqili Teatrdayam. Bir ara o vaxt rəhbərlik dəyişmişdi, mən ordan uzaqlaşıb, Hüseynağa Atakişiyevin rəhbərlik etdiyi Gənclər Teatrına getdim. O vaxt Ans telekanalında “Yeriniz məlum” xalq əhvalatlar şousu var idi. 1999-cu ildən 2006-cı ilə qədər həmin verilişə aparıcılıq etmişəm. Deyirdilər ki, xalq artisti Hacıbaba Bağırov verilişə gəlmir. Mən şirkətdə söz verdim ki, onu verilişə gətirəcəyəm. Ona zəng etdim. Hacıbaba Bağırov mənə dedi ki, bir şərtlə verilişə gəlirəm ki, sən teatra qayıdasan. Elə də oldu, onun bir sözü ilə qayıdıb gəldim teatra.

- Çingiz müəllim, aktyor olsanız da uzun illər aparıcılıq etmisiniz. Aktyor hansı halda veriliş apara bilər?

- Elə aparıcılar var ki, mən onların verilişinə getmirəm. O ki, qaldı aktyorun veriliş aparmağına, pis baxmıram. Əgər aktyorda “idi kamne” varsa ondan aktyor da olar, aparıcı da. Mən özüm 29 ildir ki, aparıcılıq edirəm. Aparıcılığım Aztv1-dən başlayıb. Allah qəni-qəni rəhmət etsin, Elnur Əşrəfoğlu ilə 5 ilə yaxın bir müddətdə “Sport Daycest” verilişini birlikdə apardıq. Heyf ki, bu yaxınlarda dünyasını dəyişdi. Onun yoxluğu bizə böyük bir zərbə vurdu, mənə çox böyük əziyyət verdi. Həyatdır da. Aztv-də elə insanlar var idi ki, Elnur Əşrəfoğlu onlara çörək vermişdi, həmin insanların əksəriyyəti onun hüzürünə gəlmədi. Ayıb olsun o insanlara. Həyat davam edir.

- Çingiz müəllim, siz şanslı və xoşbəxt aktyorsunuz ki, Nəsibə xanımla ünsiyyətdə olmusunuz, bir səhnəni bölüşmüsünüz. Hətta Nəsibə xanım sizə bir növ analıq edib. Nəsibə xanımı bu gün hansı sözü ilə xatırlayırsınız?

- Korifey sənətkarların yoxluqları üçün çox darıxıram. Mən onların qarşısında böyümüşəm, 10 yaşından televiziyada olmuşam. 1983-cü ildə böyük sənətkarımız Ofeliya Məmmədzadə əlimdən tutub, teatra işə aparıb məni. Təbii ki, orada böyük-kiçik, korifey sənətkarlar var idi. Hər teatra daxil olanda onların yoxluğu üçün çox darıxıram, burnumun ucu göynəyir. Allah onların yerini behişt etsin. O ki, Nəsibə xanıma. Ona “məmə” deyirdim. Deyirdim ki, ay mə! Deyirdi ki, sancı məmə, yenə nə işin düşüb mənə? (gülür). Belə zarafatımız var idi onunla. Zəng edirdi ki, nə vaxt gəlirsən bizə? Teatrda da onunla birlikdə rollar oynamışam. Heyif onlardan!

- Oğlunuz İbrahim Çingiz də çox istedadlı aktyordur. Uzun illərdir Akademik Rus Dram Teatrında çalışır, hal-hazırda Rövşən İsaxın “Yuxu kimi” serialında çəkilir. Ümumiyyətlə nə vaxtsa oğlunuzu oynadığı roluna görə tənqid etmisiniz?

- Mən o vaxt oğluma dedim ki, sənətə gəlirsən, məndən yaxşı aktyor olacaqsansa bu sənətə gəl, yox olmayacaqsansa gəlmə. Mən onun tamaşalarına da gedirəm, müxtəlif tədbirlərdə oluram, özüm yaddan çıxıram, hamı oğlum İbrahimdən danışır. Çox böyük sənətkarlar mənə zəng edib deyir ki, “Yuxu kimi” serialını izləyirik, İbrahim də orada obrazını çox yaxşı oynayır, rola möhür vurub. Mən onunla fəxr edirəm. Bəzən heç İbrahimin xəbəri olmadan gedib tamaşasına baxmışam və qayıdıb gəlmişəm evə. Bir səhv tapmamışam ki, deyim ona. Maşallah yaxşı aktyordur və deyərdim ki, gənclərin içərisində birinci yerdədir. Allah bütün balaları bəd-nəzərdən qorusun, o cümlədən də mənim oğlum İbrahimi.

- Çingiz müəllim, pandemiya dönəmində sizi bir neçə serialda izlədik. Hal-hazırda harada çəkilirsiniz?

- Hal-hazırda Xəzər tv-də yayımlanan “Nikolayın evi” serialında baş rolda çəkilirəm. Dəvət edəndə seçim edib verilişlərə gedirəm. Xəzər tv-də
yayımlanan Lalə Azərtaşın “Təsir dairəsi” verilişində də ara-sıra iştirak edirəm. Mənim ümumiyyətlə Lalə xanıma böyük hörmətim var. Onun aparıcılıq etdiyi verilişləri davamlı olaraq izləyirəm.

Geri qayıt