Əsas Səhifə > Şou-biznes > “O iki teatrdan başqa bütün teatrlarda səhnəyə çıxa bilərəm”
“O iki teatrdan başqa bütün teatrlarda səhnəyə çıxa bilərəm”21-02-2022, 08:08 |
Çoxlarının “İsi” kimi tanığını, Gənc Tamaşaçılar Teatrının istedadlı aktyoru Elşən Hacıbabayev AYNA-ya müsahibəsində hazırkı yaradıcılığından və gələcək planlarından danışıb. DİA.AZ həmin müsahibəni təqdim edir: - Pandemiya qaydaları yumşaldılandan sonra kinoteatrlar açıldı. Bu zaman çox sayda filmlərin təqdimatı keçirilməyə başlandı. Siz də bəzi filmlərdə rol almısınız. Necə düşünürsünüz, son zamanlar nümayiş olunan filmlər arasında ən uğurlusu hansıdır? - Kinoteatrlar açılandan bir çoxları özünü bu sferada sınamaq istədi. Çox sayda filmlər çəkildi. Onların bəziləri uğurlu, bəziləri uğursuz oldu. Hətta bəziləri tamaşaçılar tərəfindən bəyənilmədi, bir həftə sonra kinoteatrlardan yığışdırıldı. Bu, normal idi. Film sahəsinin inkişafı üçün sınaqlar olmalı idi. Düşünürəm ki, filmlər çəkilməlidir. Uğurlu, ya uğursuz - əsas odur ki, hər kəs ələkdən keçir. Fikrimcə, ən uğurlu film “Xoxan” oldu, ardından “Oğlan evi 1” və “Oğlan evi 2”, daha sonra “Qızqaçırma” filmi oldu. Bu filmlərin ardından uğurlu filmlər gəlməyə başladı. Bu da sevindirici haldır. - Hər bir aktyoru tamaşaçılar bir obrazına görə sevir və o obrazla yadında saxlayır. Siz hansı obraza görə sevilmisiniz? - Bəli, həqiqətən də tamaşaçı aktyoru onun oynadığı obraz ilə sevir. Mən 2006-cı ildə “Moskva-Bakı qatarı” filmində bələdçi Tərlan obrazını oynamışdım. Tamaşaçılar öncə bu obraz ilə məni sevdilər. Sonra “İnterpapa”dakı obrazımla, ən çox isə “İsi” obrazı ilə tanındım. Belə ki, “Oğlan evi” filmində oynadığım “İsi” obrazı məni tamaşaçılara daha çox sevdirdi. Bu gün də məni görən tamaşaçılar Elşən yox, “İsi” deyə müraciət edirlər. - “İsi” obrazını mükəmməl oynadığınız üçün, yoxsa film məşhur olduğu üçün yadda qaldınız? - Bu suala tamaşaçılar daha dəqiq cavab verə bilərlər. Düşünürəm, bütün obrazları aktyorlar mükəmməl oynadığı üçün səhnələr yaxşı alınıb və tamaşaçı hər birimizi sevib. Amma yenə də tamaşaçı daha dəqiq bilir. - Film çəkiliş meydançası, yoxsa teatr səhnəsi – hansı sizə daha doğmadır? - 1994-cü ildə Bakı Mədəni Maarif Texnikumuna daxil olmuşam. Texnikumda mənim ixtisasım kino və dram aktyorluğu idi. Orada mənim müəllimlərim Mikayıl Mirzə, Müşfiq Hətəmov, Oruc Qurbanov, Bəxtiyar Şərifzadə idi. 1998-ci ildə Mədəniyyət və İncəsənət Universitetində Kino və dram aktyoru fakültəsinə qəbul olmuşam. Mənim ixtisasım elədir ki, həm filmdə, həm də teatrda səhnə ala bilərəm. Aktyor özü seçim etməlidir ki, hansı sahə ona yaxındır. Mən onu da qeyd edim ki, universitetdə oxuyanda artıq teatrda işləyirdim. Mənə görə aktyor həm kinoda, həm də teatrda olmalıdır. Ona görə hər iksində fəaliyyət göstərirəm. - Uzun illərdir sənətdəsiniz. Amma bir dəfə də olsun qalmaqalda adınız hallanmayıb. Şou biznesdən uzaqsınız, yoxsa həqiqətən hər bir həmkarınız ilə dostsunuz? - İntriqanı sevən adam deyiləm. Çox həmkarlarım ilə salamım var, çalışıram ki, heç kimlə problem yaransın. Biz müğənni deyilik ki, şou biznesdə qalmaqal edək. Bizim aramızda sənət və ya iş zamanı yaranan mübahisə olur. Onu da özümüz öz aramızda kiçik mübahisələri həll edirik. - Teatrda oynamaq çox çətindir. Bəs niyə teatr aktyorları kino aktyorlarına nisbətən daha az məşhurdurlar? - Teatrda işləyən aktyorlar məşhurlaşmaq barəsində düşünmürlər. Teatrda çalışan aktyorlar kollektiv üçün, teatr üçün və mənəvi zövq üçün çalışırlar. Teatrda işləyən aktyorların hamısı fədailərdir. Onlar tamaşaçı ilə canlı ünsiyyətdə olmaq istəyirlər. Teatr aktyoru olmaq əziyyətli işdir. Hətta teatrda məşhurlaşan aktyorlar da az deyil. Elə aktyorlar var ki, məhz onlara görə tamaşaya gələn tamaşaçılar olur. - Hansı teatrda işləyə bilməzdiniz? - Pantomima Teatrında işləyə bilməzdim. Mənim bədən quruluşum həmin teatra uyğun gəlmir. Opera və Balet Teartı da bu siyahıdadır. (gülür – T.X.) Digər istənilən teatrda oynaya bilərəm. Geri qayıt |