Əsas Səhifə > Şou-biznes > "15 sutkalıq cəza, hesab edirəm ki, düzgün deyil!"
"15 sutkalıq cəza, hesab edirəm ki, düzgün deyil!"19-02-2022, 09:19 |
İşğaldan azad edilən Füzuli rayonuna qanunsuz səfər edən müğənni Manaf Ağayev və onunla birgə olan iş adamı Sənan Hüseynov həbs edildi. Daxili İşlər Nazirliyinin məlumatında bildirilir ki, bu şəxslər barəsində tərtib edilən protokollar məhkəməyə göndərilib. Yasamal Rayon Məhkəməsinin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub. Məlumdur ki, müğənni Manaf Ağayev işğaldan azad olunan ərazilərə icazəsiz keçdiyi üçün saxlanılmışdı. Müğənninin səfərini əks etdirən videomaterial sosial şəbəkələrdə yayıldıqdan sonra faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma başladılıb. M.Ağayev və onunla birlikdə səfər etmiş şəxsin Bakıda olduğu müəyyən edilərək polis idarəsinə dəvət edilib. Araşdırma zamanı müəyyən olunub ki, onlar işğaldan azad edilmiş ərazilərə qanunsuz yollarla, icazəsiz səfər ediblər. Sonrası isə artıq məlumdur. Müğənninin Vətən sevgisi hər nə qədər anlaşılan və təbii qəbul edilsə də, işğaldan azad edilmiş ərazilərə qanunsuz səfərlərin qarşısının alınması da tamamilə hüquqidir. Manaf Ağayev işğaldan azad edilmiş ərazilərə qanunsuz, icazəsiz səfərlərin qadağan olmasını bilməlidir. Bilir də, şühbəsiz. Bilməmək mümkün deyil. M.Ağayev Azərbaycanda yaşayır və qanunlardan xəbərdardır. İşğaldan azad edilmiş ərazilərə icazəsiz səfərlərə qadağa da yenilik deyil. Belə olan halda M.Ağayev, eləcə də qanunsuz səfərlərə can atan bəzi vətəndaşları qadağaları pozmağa sövq edən nədir? DİA.AZ-ın məlumatına görə, sosioloq Əhməd Qəşəmoğlu “Şərq”ə açıqlamasında qanunları pozan şəxslərin cəzalanmasını düzgün hesab etdiyini bildirdi: - Burada söhbət təkcə Manaf Ağayevdən getmir. Mənim Manaf Ağayevlə şəxsi tanışlığım yoxdur, ona qarşı hər hansı antipatiya da bəsləmirəm. Deyəcəyim fikirlər, sırf Manaf Ağayevə ünvanlanmış hesab edilməsin. Mən ümumiyyətlə toplumda mənəviyyata zidd davranışlar sərgiləyənləri nəzərdə tuturam. Qudurğan davranışlara qarşı cəmiyyətdə çox ciddi təpki, ictimai qınaq olmalıdır. Həm inzibati, həm də maarifləndirmə baxımından. Mən daim bu həqiqəti təkrarlayıram ki, hansı cəmiyyətdə ki mənəvi dəyərlər öndədir, o cəmiyyət özünü tənzimləyir. Amma hansı cəmiyyətdə ki maddi dəyərlər önə çıxır, o cəmiyyətlərdə balans pozulur. Bu, mənim fikrim, mənim gəldiyim qənaət deyil. Dünya filosofları, alimləri bunu deyir. Biri 2000 manata mobil telefon nömrəsi alır və bunu reklam edir, müxtəlif sosial platformalarda paylaşır. Belə adama üzr istəyirəm, ifadəyə görə, axmaq deyərlər. İnsan niyə 2000 manata nömrə almalıdır? Sadə nömrədən istifadə edəndə nə olur ki? “Alçaq”mı olur adam, yoxsulmu görünür, yoxsa nə?! Yaxud birisi az qala avtomobil qiymətinə nömrə alır. Başı xarab, həm də cılız adamlardır onlar. Bilirsiz, insanların maddiyyata önəm verməsi, cəmiyyətdə mənəvi dəyərlərin aşağılanmasının, mənəviyyatın arxa plana keçməsinin göstəricisidir. Və bu, çox təhlükəlidir. Bütün bunlar cəmiyyətdə mənəvi dəyərləri sıxışdıran amillərdir və cəmiyyətdə gərginlik yaradır. Ona görə də müştəbehliklə, mənəm-mənəmliklə ciddi mübarizə aparılmalıdır. Çünki cəmiyyətdəki gərginliyin kökü bundan qaynaqlanır. Maddiyyatla gündəmdə qalmağa çalışanlar da mənəvi cəhətdən kasad insanlardır. Özlərini təsdiqin yolunu maddiyyatda görürlər. Bunlar çox nöqsanlı və ölkənin tərəqqisinə ziyan vuran haldır. Ə.Qəşəmoğlu qeyd etdi ki, qanun pozucularının cəzalanmasının tərəfdarıdır, lakin cəzalar törədilən əmələ adekvat olmalıdır: - İnsanların işğaldan azad edilmiş ərazilərə səfər etmək istəyi, xüsusilə də 28 il işğal altında qalmış torpaqlarda doğulub, boya-başa çatmış insanların doğma yurdlarını görmək, ziyarət etmək istəyi başadüşüləndir. Bütün vətəndaşlarımız, hər kəs Qarabağa səfər etmək arzusundadır. Amma müəyyən qadağa varsa, buna əməl edilməlidir. Qadağalar səbəbsiz deyil. İnsanların həyatına təhlükə yarana bilər deyə, qadağa qoyulub. Amma Qarabağa səfərlər, görürük ki, son zamanlarda intensivləşib. Avtobus marşrutları açılıb. Bəlli bir istiqamət üzrə səfərlər təşkil edilir. O yerlərdə ki, təhlükə sovuşub, ora insanların səfər etməsinə icazə verilir. Bunun üçün də müvafiq strukturların icazəsi alınmalıdır. Manaf Ağayev, yaxud da hansısa digər vətəndaşımız, əgər səfər etmək istəyirsə, bəlli orqana müraciət edib, icazə aldıqdan sonra gedə bilər. Manaf Ağayev niyə kollektiv şəkildə səfər etmir? Niyə ayrıca, məxsusi səfər edir ki?!. O da başqaları kimi müraciət edərdi, kollektiv halda təşkil olunan səfərlərə qatılardı. Kim olursa olsun, insanların özünü nümayiş etdirmək cəhdini tənqid edirəm. Amma 15 sutkalıq cəza, hesab edirəm ki, düzgün deyil. Bu şəxslərlə bağlı başqa inzibati tədbir də görülə bilərdi. Geri qayıt |