Əsas Səhifə > Şou-biznes > "Bu məsələnin öhdəsindən nəinki televiziyalarımız, heç ali məktəblərimiz gələ bilmir"

"Bu məsələnin öhdəsindən nəinki televiziyalarımız, heç ali məktəblərimiz gələ bilmir"


16-02-2022, 08:16
"Bu məsələnin öhdəsindən nəinki televiziyalarımız, heç ali məktəblərimiz gələ bilmir"
Yerli telekanallarımızın illik monitorinqlərindən belə məlum olur ki, son illər dövlət büdcəsindən maliyyələşən, o cümlədən AzTV, Mədəniyyət TV, İTV kanallarında mədəni-maarif proqramları, layihələri artmağa başlayıb. Bu da sevindirici haldır ki, adıçəkilən telekanallarda cəmiyyətin, gəncliyin maariflənməsi, geniş tamaşaçı auditoriyasının zövqünü nəzərə alan qənaətbəxş materiallar yer almaqdadır. Təəssüf ki, bunu özəl kanallar üçün demək mümkün deyil.

Məlum olduğu kimi, Azərbaycanda MTRŞ ləğv edilir, əvəzində Audiovizual Şura yaradılır. Bu barədə Prezident İlham Əliyevin imzaladığı “Media haqqında” Qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə fərmanda qeyd olunub. Fərmana əsasən, şura Milli Televiziya və Radio Şurasının hüquqi varisidir, onun öhdəlikləri və əmlakı şuraya keçir, Milli Televiziya və Radio Şurasının səlahiyyət müddəti bitməmiş üzvləri həmin müddət bitənədək fəaliyyətlərini davam etdirirlər, şuranın strukturu və işçilərinin say həddi təsdiq edilənədək Milli Televiziya və Radio Şurasının Aparatı fəaliyyətini davam etdirir.

Bəs bundan sonra özəl telekanallarda da mədəni-maarif proqramlarının yayımlanması ilə bağlı gözləntilər özünü doğruldacaqmı? Ekspertlərin bu məsələdə proqnozları necədir? DİA.AZ xəbər verir ki, media eksperti Ələsgər Məmmədli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “İlk öncə qeyd edim ki, MTRŞ-nin ləğv olunması, yerinə Audiovizual Şuranın yaranması heç də yenilik gətirməyəcək, tam tərsinə, o qurumun fəaliyyətini bir qədər də məhdudlaşdıracaq. Çünki MTRŞ ayrıca qanunla qurulmuşdu, indiki halda isə yeni qurum, faktiki olaraq, Media Qanununun içərisində çox bəsit yer tutur. Bunun hansısa effektiv nəzarət qurumu olacağını düşünmürəm. Sadəcə, lisenziya verilməsi məsələsi ilə bağlı səlahiyyətləri məhduddur. Çünki yeni qanunda proqramlara verilən tələblər, balanslı proqramlar və s. heç biri nəzərə tutulmayıb. Köhnə qanunda heç olmasa bunlar var idi, indiki qanunda heç bu da yoxdur. İndi televiziyaların fəaliyyəti bir az da nəzarətsiz, eyni zamanda cəmiyyətin maraqlarından uzaq vəziyyətdə qalacaq. Ona görə də hesab edirəm ki, indiki halda sırf gənclərin, cəmiyyətin inkişafı ilə bağlı mədəni-maarif proqramları, layihələr bir formada medianın maarifçilik prosesinin içində ola bilir, amma əslində bu birbaşa dövlətin gənclər siyasətini həyata keçirməsi mərkəzi icra hakimiyyətinin səlahiyyətindədir. Yəni bu qurum məsələyə dəstək verməli, lazım gələndə proqramlar həyata keçirməli, qrandlar verməlidir.

Düşünürəm ki, burada problem həm də dövlət siyasətinin düzgün qurulmaması ilə bağlıdır".

Ekspert, ümumiyyətlə, hazırkı televiziya siyasətindən ciddi şəkildə narazı olduğunu dilə gətirdi: “Çünki televiziya məhz televiziya kimi idarə olunmur, hansısa kooperativ mərkəzi kimi fəaliyyət göstərir. Bununla bağlı əsas iş ictimai yayıma düşür. Lakin ictimai yayımın səhifəsinə girib baxsanız görəcəksiniz ki, ictimai yayımla bağlı heç qanun belə yerləşdirilməyib. Sanki televiziya hansısa fərdin şəxsi kanalı kimi fəaliyyət göstərir.

Əlbəttə ki, dövlət televiziyaları dövlət büdcəsindən 35 milyon manat vəsait alır. Buna görə həmin televiziyalarda mədəni-maarif istiqamətində yetərincə keyfiyyətli proqramlar olmalıdır. Amma olanlar çox bəsit, bayağıdır, gənclərin ehtiyacını yerinə yetirə bilmir. Təəssüf ki, bu istiqamətdə heç bir fundamental iş görülmür".

Media məsələləri üzrə ekspert, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev də mövzu ilə bağlı rəyini bildirib:

“Gənclər üçün olan proqramları mədəni-maarif proqramlarından bir qədər fərqləndirərdim. Bunlar eyni məsələ deyil və əsasən də auditoriyaları fərqlidir. Gənclərlə bağlı proqramlara gəldikdə, onların sayını ölçmək istəməzdim. Çox və ya az olsa nə dəyişəcək? Çünki onların keyfiyyət problemi var. Əsas məsələ ondan ibarətdir ki, əksəriyyət gənclər üçün proqramlar dedikdə tərbiyə proqramları anlayır. Yəni proqram gənclər üçündürsə, mütləq tərbiyəvi olmalı, gəncləri tərbiyələndirməli, mədəniləşdirməlidir. Amma inkişaf etmiş televiziyalarda mövcud olan gənclər proqramının əsas hədəfi onları peşə və düşüncə formasına görə sürətlə dəyişən həyata hazırlamaqdır. Bu məsələnin öhdəsindən nəinki televiziyalarımız, heç ali məktəblərimiz gələ bilmir. Sadəcə, bir qədər başımızı qaldırıb ətrafa baxmalı, dünyada baş verən proseslərə diqqət yetirməliyik. Bu baxımdan gözləmirəm ki, struktur dəyişikliyi olsa da hər hansı keyfiyyət dəyişikliyi olsun”.

Geri qayıt