Əsas Səhifə > Şou-biznes > “Geyimlər o vaxt tapılmırdı, hamıya zəng edib deyirdim ki, sizdə sarı rəngdə paltar var?”

“Geyimlər o vaxt tapılmırdı, hamıya zəng edib deyirdim ki, sizdə sarı rəngdə paltar var?”


14-02-2022, 09:21
“Geyimlər o vaxt tapılmırdı, hamıya zəng edib deyirdim ki, sizdə sarı rəngdə paltar var?”
Azərbaycanın dünyaca məşhur uşaq mahnısı “Cücələrim” dünyanın ən yaxşı uşaq mahnıları albomuna daxil edilib. Moderator.az mahnının tarixçəsi haqda araşdırma edib. 1947-ci ildə bəstəkar Qənbər Hüseynlinin bəstəsinə şair Tofiq Mütəllibov “Cücələrim” mahnısını yazır. Mahnı Gəncədəki xor dərnəyi üçün yazılır və qısa zamanda məşhurlaşır. Bu mahnını ilk dəfə dərnəyin üzvü Səmayə Mirzəyeva ifa edir. Daha sonra mahnını əməkdar artist Suğra Bağırzadə ifa edir. DİA.AZ xəbər verir ki, moderator.az-a açıqlama verən aktrisa o illəri belə xatırlayıb.

“Mən “Cücələrim” mahnısını ilk dəfə 2-ci sinifdə oxuyana 1957-ci ildə oxumuşam. O vaxt Bakı Pionerlər Sarayının Xor dərnəyinin üzvü idim. Uşaqların səslərini yoxlayırdılar və bu səslər içərisində mənim səsimi təsdiqlədilər. Məndən əvvəl də bu mahnını oxuyan çox olub, iş ondadır ki, hər zaman deyirəm ki, mən xoreoqrafik quruluşda ilk oxuyan ifaçıyam. Azərbaycana tanınmış insanlar, incəsənət xadimləri gələndə biz bu mahnını onlar üçün səsləndirirdik. 1959-cu ildə isə bu mahnını Moskvada Böyük Teatrın səhnəsində Azərbaycan İncəsənəti Dekadasının konsertində ifa etmişəm” deyə əməkdar artist bildirib.
Məhz bu ifadan sonra mahnının sözləri 100-dən çox dilə tərcümə olunur. Məşhur Sovet cizgi filmi olan “Nu Poqodi”-yə isə öz doğma dilimizdə əlavə edilir. Hətta vaxtilə kino xadimlərimiz Fransada olarkən dünya şöhrətli Çarli Çaplin gələnlərin Azərbaycandan olduğunu biləndə piano arxasına keçib, mahnını ifa edir və qonaqlara üz tutub deyir: “Hə, demək siz bu mahnının vətənindənsiniz? Məndən o bəxtəvər bəstəkara salam deyin” deyə Çarli Çaplin deyib.

Xalq artisti Aygün Kazımova 2017-ci ildə mahnını yeni aranjmanda səsləndirib. DİA.AZ_ın məlumatına görə, moderator.az-a danışan müğənni deyir ki, “Cücələrim” mahnısına sevgi onda məktəb illərindən yaranıb.

“Bu mahnının mənim həyatımda başqa bir rolu var. Məktəbdə “Cücələrim” ansamblımız var idi, bu ansamblın da bədii rəhbəri mən idim. Həmişə bu mahnını məktəbdə oxuyurduq və rəqs qururduq. Bütün geyimlərimiz başdan ayağa sarı idi. Sarı əlbəsə, sarı baş örtüyü, sarı corab, sarı şalvar geyinirdik. O vaxt hər şey asan tapılmırdı. Hamıya zəng edib deyirdim ki, səndə sarı geyim olmaz?! Axı biz cücələr idik, geyimlərimiz sarı olmalı idi. 3 dildə oxuyurduq bu mahnını biz. Mən Azərbaycan dilində, sinif yoldaşım İnglis dilində, digər sinif yoldaşım isə rus dilində ifa edirdi bu mahnını. Məktəbdə keçirilən bədii gecələrdə bu mahnı mütləq oxunmalı idi. İllər sonra balaca yox, böyük Aygün kimi mən bu mahnıya müraciət etdim, yeni nəfəs gətirib, yeni aranjmanda mahnını ifa etdim. Bu mahnıya klip də çəkdirmişəm” deyə o bildirib.
Mahnının yazılmasının üstündən illər keçsə də o bu gün də sevilir və dünyanın 50 ölkəsində müxtəlif dillərdə tərcümə olunaraq ifa edilir.

Geri qayıt