Əsas Səhifə > Şou-biznes > "Bizi qəzəbləndirən əsas məqam hekayənin Qarabağda baş verməsi idi"
"Bizi qəzəbləndirən əsas məqam hekayənin Qarabağda baş verməsi idi"2-02-2022, 08:30 |
Bu günlərdə ermənilər Qarabağ müharibəsi mövzusunda daha bir film çəkiblər. Məlumata görə, rejissor Roman Muşeqyanın müharibədən çəkdiyi “Bahar... ” adlı bədii film martın 1-dən təqdim olunacaq. Yayılan məlumatlardan belə anlamaq olur ki, film “müharibə, sevgi, vətənpərvərlik” haqqındadır və bu motivlərə üç nəslin gözü ilə baxılacaq. Film Ermənistanın Müdafiə Nazirliyinin dəstəyi ilə çəkilib. Bəs Azərbaycan niyə yenə də bu məsələdə geridə qalır, gecikir? Halbuki müharibədən sonra Mədəniyyət Nazirliyi tezliklə Türkiyə kinematoqrafçıları ilə birlikdə Qarabağa, ümumiyyətlə, Azərbaycanın tarixi və tarixi şəxsiyyətlər haqqında tammetrajlı filmlər, seriallar çəkiləcəyini vəd etmişdi. Amma bir ildən çoxdur ki, ortalıqda görünən heç nə yoxdur, yalnız Türkiyə festivallarına çıxan bir neçə sənədli filmlərdən başqa. Səbəb nədir? Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənovun mövqeyini öyrənməyə çalışsaq da, hər zaman olduğu kimi, zənglərimiz cavabsız qaldı. DİA.AZ "Yeni Müsavat"a istinadla xəbər verir ki, kinotənqidçi Sevda Sultanova bunları qeyd etdi: “Yadınıza gəlirsə, bir neçə il əvvəl erməni rejissoru Nora Martirosyanın ”Should the Wind Fall" filminin 73-cü Kann festivalının “ilk tammetrajlı film” nominasiyasına daxil edilməsi də əsəbi müzakirələr yaratmışdı. Bizi qəzəbləndirən əsas məqam hekayənin Qarabağda baş verməsi idi. Bu hadisədən az sonra nazirlikdə rəhbərlik yenilənsə da, təəssüf ki, indiyədək kino siyasətində nəsə dəyişməyib. Doğrudan da haqlı sualdır: iki ilə yaxın vaxt ötməsinə baxmayaraq, nədən İkinci Qarabağ savaşı haqda bədii film meydana çıxmayıb? Çünki əvəzində “Böyük qayıdış” kimi hələ də nəticələri ortaya çıxmayan qeyri-funksional layihələr həyata keçirilib. Qısametrajlı filmlər üçün nəzərdə tutulan “Böyük Qayıdış” müsabiqə layihəsi nə festival, nə kino bazarı, nə özəl studiyaların fəaliyyətini stimullaşdırmaq üçün yararlıdır. Nazirlik “Böyük Qayıdış” müsabiqəsinin məqsədini bəyan edəndə belə cümlə işlətmişdi: “Məqsəd, habelə Vətən müharibəsində qazanılmış böyük Zəfərə kino vasitəsilə töhfə verməkdir”. Bəs niyə indiyədək yoxdur o töhfə? Və yaxud nazirlik Qarabağ mövzusuna niyə uzunmetrajlı film müsabiqə layihəsini qıymır və sadəcə, qısametrajlı formatla kifayətlənir? Halbuki bunun yerinə nazirlik tammetrajlı film müsabiqələri elan etməli, lazımsız bürokratik əngəllər qoymadan hər bir ssenaristə, rejissora, özəl studiyaya müsabiqədə iştirak etmək üçün şərait yaratmalıydı ki, ən keyfiyyətli əsərlər seçilsin. Kinoya ayrılan 6 milyon yarımın çox hissəsi bu film müsabiqəsinə xərclənməli idi. Kinoya ayrılan maliyyə ilə niyə müharibə mövzusunda normal bir film çəkilmir? 2020-ci ilin dövlət büdcəsinə Azərbaycan kinosunun inkişafı üçün ayrılmış 7,5 milyon manat vəsaitə nə çəkilib? 2021-ci ildə kinoya ayrılmış 6 milyon yarıma hansı işlər görülüb? Niyə bu pulların hesabatı verilmir? Bundan başqa, bu il kinoya ayrılmış 6 milyon yarıma hansı işlərin görülməsi planlaşdırılır? Film müsabiqələri keçiriləcəkmi? Keçiriləcəksə, maliyyə şəffaflığı təmin olunacaqmı, layihələr necə, hansı mexanizmlə seçiləcək və s. Hələ də aydın deyil və nazirliyin rəsmisi Rüfət Həsənov dəqiq bilgilər vermir ki, kino sənayesinin dirçəldilməsi istiqamətində hansı konkret işlər görülür, nə kimi mexanizm təklif olunur, nazirliyin kino siyasəti ilə bağlı işlək planı varmı və s." Geri qayıt |