Əsas Səhifə > Şou-biznes > "Onların etdikləri heç bir kitaba yazılası deyil"

"Onların etdikləri heç bir kitaba yazılası deyil"


1-02-2022, 09:21
"Onların etdikləri heç bir kitaba yazılası deyil"
“Demək olar ki, hər gün Milli Konservatoriyada imtahan qəbul edirəm. Bəzən deyirlər ki, işlərin çox olması insanın başını qatır, acılarını müvəqqəti də olsa unutdurur. Amma bu belə deyil. 2 ay olacaq ki, anamı itirmişəm, bir saniyə də olsun o yadımdan çıxmır. Ananı heç kim əvəz etmir, heç bir təsəllim yoxdur. İnsanın sevdiyi şəxs həyatda yoxdursa, onun halı sizcə necə ola bilər? Çox çətindir!” DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti, xanəndə Aygün Bayramova deyib. O daha sonra əlavə edib.

“Hələ də işğaldan azad olunmuş Ağdama gedə bilməmişəm. Sözün düzü təməlqoyma mərasimində mənə dəvət gəlmişdi, xəstə idim deyə getməyim alınmadı. Ağdamın viran qalmış görüntülərini görüb ürəyim dağa dönür. Kəndlərdə qəbirstanlıqların bəziləri qalıb, amma Qarağacı deyilən ərazidə bir dənə salamat qəbir qalmayıb. Mən istərdim ki, anamı sağlığında aparım atasının, anasının məzarlarını ziyarət etsin, amma görüntülərdən də gördüm ki, orada salamat qəbir qalmayıb. Mən hələ Ağdama getməmişəm o hissləri keçirirəm, getsəm Allah bilir halım necə olar? Hal-hazırda Ağdamda tikinti, abadlıq işləri gedir, inanıram ki, tezliklə tikinti işləri bitəcək və biz də ora ayaq basacağıq” deyə xanəndə bildirib.

“Ağdam alınmazdan öncə nəsə bir əhd etmişdiniz?” sualına isə xanəndə belə cavab verib.

“Hər zaman arzumuz bu olub ki, torpaqlarımız alınsın. Şükür Allaha o arzularımıza çatdıq. Mənim atam bu günü görmədi. Amma hər zaman bizə deyirdi ki, heç vaxt torpaqlarımız ermənilərdə qala bilməz. İnanıram ki, onun da ruhu şaddır. Deyirəm ki, kaş torpaqlarımız 5-10 il əvvəl alardıq, atam da bu günü görərdi. Yenə də bu günümüzə şükür! Orda yenə də bağ-bağat olacaq, amma itirdiyimiz əzizlərimiz, yaxınlarımız olmayacaq. Demək ki, doğulduğum Ağdam torpağına anamsız, atamsız ayaq basacaqdım. Onsuz da bilirdik ki, Ağdam xarabalıqa çevrilib, görməsək də bunu təsəvvürümüzə gətirirdik. Onlar görün nə qədər vəhşi məxluqlardır ki, daşlardan da heyf çıxıblar. Biz görün necə vəhşi qonşularla yaşamışıq! Onların etdikləri heç bir kitaba yazılası deyil, cümlələr belə kifayət etmir” deyə Aygün Bayramova bildirib.

“Aygün Bayramovanın həyatında nə çatışmır?” sualına isə xanəndə belə cavab verib.

“İnsanın həyatında ola bilməz ki, hər şey çatsın. Əlbəttə ki, çatışmayan nələrsə var. Elə şeylər var ki, mən onlar haqqında düşünmək istəmirəm, düşünmürəm də. Hər günümə şükür deyirəm” deyə sənətkar bildirib.

Geri qayıt