Əsas Səhifə > Şou-biznes > "İncəsənət xadimləri diqqətli olmalıdır"

"İncəsənət xadimləri diqqətli olmalıdır"


25-01-2022, 08:21
"İncəsənət xadimləri diqqətli olmalıdır"
Türkiyə pop musiqisinin tanınmış siması Sezen Aksu bu yaxınlarda ifa etdiyi mahnısında Adəm ilə Həvva haqqında təhqiramiz ifadə işlədib.

Türkiyə musiqisinin canlı əfsanələrindən olan Sezen Aksu son mahnısı “Şahane Bir Şey Yaşamak”-ı ötən ilin dekabr ayında təqdim edib.

Əslində bu mahnı yeni deyil, sənətçi onu 2017-ci ildə hazır edib. Mahnının sözləri Sezen Aksuya, musiqisi isə Yaşar Qaqa-ya aiddir.

Mahnının sözlərində Adəm və Həvvaya həqarət edilib və bu da Türkiyə gündəmini bir-birinə vurub.

Hətta məsələyə Türkiyə Prezidenti də reaksiya verib. "O dilləri qoparmaq vəzifəmizdir”. Bunu Ərdoğan çıxışında bildirib: “Həqarətlərin mini bir qəpikdəndir. Bütün bunların qarşısında cavab verəcək olanlar sizlərsiniz. Həzrəti Adəm əfəndimizə heç kimin dili uzana bilməz. O uzanan dilləri qoparmaq bizim vəzifəmizdir. Həvva anamıza da heç kimin dili uzana bilməz. Onların da həddini bildirmək bizim vəzifəmizdir”.

Bəs Azərbaycanda Sezen Aksunun bu mahnısına münasibət necədir?

Xüsusilə də dindarlar Sezenin bu mahnısını necə qarşılayırlar?

DİA.AZ xəbər verir ki, ilahiyyatçı Hacı Şahin Həsənli bu mövzu haqqında Musavat.com-a açıqlama verib. Ş.Həsənli deyib ki, bu, milyonlarla insanın inancına toxunmaqdır: “Ola bilsin ki, sənət adamları bu mövzuya fərqli yanaşır, sənətin azad olduğunu iddia edir. Əslində isə kiminsə inancını təhqir etmək sənətin azad olması anlamına gəlmir, əksinə digərlərinin etiqad azadlığını məhdudlaşdırmaq deməkdir. Bu kimi hallarda incəsənət xadimləri diqqətli olmalıdır. İnsanların etiqad bəslədiyi, müqəddəs saydığı şəxslərlə bağlı nalayiq ifadələrin işlədilməsi yolverilməzdir”.

Musiqiçini tənqid edənlər çoxluq təşkil etsə də, tərəfini saxlayanlar da az olmadı. Məsələyə fəlsəfi yanaşanların fikrincə, Adəmlə Həvva almanı yeməsəydi, cənnətdən qovulmayacaq və dünya hazırda bu vəziyyətdə olmayacaqdı. Yəni insanlar bu qədər əzab əziyyət çəkməzdi. Hacı Şahin bu fikrə də öz münasibətini bildirib: “Bu məntiqi yükü olmayan bir fikirdir. Çünki Quranın təqdim etdiyinə əsasən həzrəti Adəm ilk peyğəmbərdir. Burada söhbət onların meyvə yeyib Cənnətdən qovulmasından getmir. Bunun daha dərin fəlsəfi mənası var. Quranda insanın yaradılış və dünyaya eniş prosesi bu şəkildə yəni rəmzi mənada ifadə edilib. Bu da o deməkdir ki, Adəm alma yedi, cənnətdən qovuldu məsələsi əslində o qədər də bəsit məsələ deyil. Bəli, Quranda bu şəkildə ifadə olunsa da, müasir dövrdə, elə peyğəmbərimizin zamanında da bu hadisəyə fəlsəfi şərh verən geniş izahlar var. Yəni Adəm peyğəmbəri bu məsələdə qınamağa haqqımız yoxdur. Bu əslində insanın təqribi yaradılmasında və mənəvi aləmdən maddi aləmə tənəzzül etməsini bir az sadə dildə ifadə etməkdir. Ona görə də Adəm və Həvva məsələsinə bu şəkildə yanaşmaq bir qədər bəsit və mənası olmayan yanaşmadır”.

Yazar, siyasi şərhçi Kənan Rövşənoğlu da mövzu ilə bağlı fikir səsləndirib.

“Bu mahnının sözlərində Adəmlə Həvva haqqında etik olmayan ifadə işlədilib. Adəm peyğəmbər müsəlmanlar üçün, digər dinlərin təmsilçiləri üçün müqəddəs şəxsiyyətdir. Eyni zamanda müsəlmanlar üçün nəyinki Adəm peyğəmbər, bütün peyğəmbərlər, o cümlədən sonuncu peyğəmbər Həzrəti Məhəmməd (s.a.s) müqəddəs, dəyərli şəxsiyyətlərdir. Bu şəxsiyyətlə hər bir kəs hörmət etməli, fikirlərində diqqətli olmalıdır. Adəm peyğəmbərin cahil adlandırılması tamamilə yanlışdır. Çünki bu təhqirdir, cahil sözünün arxasında çox ağır bir ifadə var və bu ifadə heç bir peyğəmbərə aid edilə bilməz. Bu eyni zamanda o peyğəmbərə inanan, onu müqəddəs sayan müsəlmanları da təhqir etməkdir. Ona görə bu mahnının qınanılması, tənqid olunması doğru bir haldır. Yəni hər bir kəs, müsəlmanı da, digər dinlərə sitayiş edəni də belə mövzularda həssas və diqqətli olmalıdır. Çünki biz də İsa peyğəmbərə, o cümlədən digər dinlərə hörmət edirik, onlar da bizim üçün müqəddəsdir. Uzun müddətdir ki, İslama qarşı bu kimi təhqiredici hadisələr törədilir. Məhəmməd peyğəmbər (s.a.s.) haqqında karikaturalar çəkildi, məscidlərə hücumlar olundu. Lakin bir türkiyəli müğənni tərəfindən bu cür halın olması, müsəlmanın bunu etməsi müsəlmanlarda daha da qıcıq yaratdı və yaradır. Ona görə edilən qınanmalar və tənqidlər normal qarşılanmalıdır”.

Kənan Rövşənoğlu Ərdoğanın çıxışına da münasibət bildirib: “Ərdoğan böyük bir ölkənin dövlət başçısıdır, siyasi xadimdir. O eyni zamanda müsəlman aləmində də tanınan və sözü keçən biridir. Ərdoğanın çağırışı siravi bir dindarın çağırışından da üstündür. Çünki Ərdoğan siyasi və müsəlman bir liderdir. Onun “O dilləri qoparmaq vəzifəmizdir” ifadəsi ölkədəki müsəlmanları ayaqlandıra bilər. Ümid edirəm ki, bu məsələ cığırından çıxmaz və təhlükəli bir hal almaz”.

Sözügedən mahnının sözlərini orijinal variantda təqdim edirik:

“Şahane Bir Şey Yaşamak”

Acısıyla, tatlısıyla

Ne şahane bir şey yaşamak

Dibe vurmak, dimdik durmak

Bin bahane, bin oyun kurmak



Binmişiz bir alâmate

Gidiyoruz kıyamete

Selam söyleyin o cahil

Havva ile Adem’e



Aha yine, aha yine

Önümüz uçurum, ardımız dağ



İlle yanacağız, yanacaklar

Elbette



Gül de var, diken de

Aşk da var, savaş da

Her şey hepimiz için

Kısmet hayatta



Yazın veda edişi

Şölenlerle, şarkılarla

Baharların gelişi

Kırmızı, mor, yeşil lila la la ne şahane

Geri qayıt