Əsas Səhifə > Şou-biznes > "Ordan gəlib Binəyə çatdım və gördüm ki, burda da yolları bağlayıblar"

"Ordan gəlib Binəyə çatdım və gördüm ki, burda da yolları bağlayıblar"


22-01-2022, 11:36
"Ordan gəlib Binəyə çatdım və gördüm ki, burda da yolları bağlayıblar"
“20 Yanvarla bağlı çox hadisələr xatirimdədir. Yanvarın 18-də Buzovnaya getmişdim və elə oldu ki, bir gün sonra ailəmə dedim ki, şəhərə qayıtmaq istəyirəm. Onlar razı olmasa da, sonradan getməyə razılıq verdilər və maşınımla yola düşdük. Mərdəkana çatanda gördüm ki, yollarda post qurublar. Oranı birtəhər keçdim. Qala yoluna çatanda gördüm orda da yollar bağlıdır, amma necə oldusa mənə yol verdilər keçdim”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Əməkdar artist, kamança ifaçısı Mirnazim Əsədullayev Qanlı 20 Yanvar hadisəsi haqda danışarkən deyib. M.Əsədullayev şəhərdə gördüyü hadisələrdən dəhşətə gəldiyini bildirib:

“Ordan gəlib Binəyə çatdım və gördüm ki, burda da yolları bağlayıblar. Orda bir nəfər mənə yol verdi və evimə gəldim. Mən də Heydər Əliyev prospektində yaşayıram, düz yolun qırağındadı binamız. Maşını saxlayıb evə qalxdıq. Üstündən bir neçə dəqiqə keçmişdi ki, atışma başladı. Qonşum Zəhra xanım dedi ki, Ağa, küçəyə çıxma, yoldan tanklar gedir, səni vurarlar. Bir dənə balta götürüb başımın altına qoydum. Amma guya balta avtomatın qabağında neyləyəcəkdi ki. Səhəri gün xəbər gəldi ki, rus ordusu camaatı qırıb. Adam qorxudan bilmirdi neyləsin. Yanvarın 21-də böyük qardaşım gəlib dedi ki, gedək baxar görək nə olub. Sən demə komendant saatı imiş və biz də bilməmişik. Çünki onda telestudiyanı da partlatmışdılar deyə məlumat ala bilmirdik. Şəhərdə o əzilən maşınları görəndə dəhşətə gəldim.

Bu dəhşətli faciəni yaşadıq, hadisələr yaddaşımıza həkk olundu. Amma 20 Yanvar həm də bizim qəhrəmanlıq salnaməmizdir. O şəhidlərimiz bizə bu müstəqilliyi qazandırdı. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Cavanlarımıza can sağlığı versin. Şükür Allaha indi əmin-amanlıqdır, hər şey var. O vaxt çörək qıtlığı idi, ərzaq tapmaq olmurdu”.

Geri qayıt