Əsas Səhifə > Şou-biznes > “Teatra yeni fikirli rejissorlar, direktorlar lazımdır, köhnə fikirli insanlar silinməlidir”

“Teatra yeni fikirli rejissorlar, direktorlar lazımdır, köhnə fikirli insanlar silinməlidir”


19-01-2022, 11:06
“Teatra yeni fikirli rejissorlar, direktorlar lazımdır, köhnə fikirli insanlar silinməlidir”
“Şansıma istər filmdə, istər teatrda, istərsə də televiziyada çox yaxşı rejissorlar düşüb. Onlar hər zaman dəvət ediblər, mən də böyük məmnuniyyətlə çəkilmişəm. Karantin yumşalandan sonra teatra maraq da artıb. O vaxt elə idi ki, inzibatçılar gedib müəyyən təşkilatlara biletləri satırdılar, indi hamı onlayn bilet sifariş edir”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti İlham Namiq Kamal deyib. O daha sonra teatrlarda köklü islahatların olmasının zəruriliyini vurğulayıb.

“Mən Azərbaycan teatrının inkişafını hər zaman arzulamışam, onun inkişafına sevinmişəm. Gənclər teatrın estafetidir, sabahıdır. Mən bütün teatrlara yenilik arzulayıram. Bu günlə səsləşmək, müasir olmaq lazımdır. 20-30 il bundan əvvəlki layihələri kəsib atmaq lazımdır, çünki insan yaşından asılı olmayaraq dövrünün müasir fərdi olmalıdır. Buna görə də teatrların öhdəsinə çox böyük çətinliklər düşür. Hər bir teatra yeni fikirli rejissorlar, direktorlar lazımdır. Köhnə fikirli insanlar yaşından asılı olmayaraq silinməlidir” deyə sənətkar bildirib.

İlham Namiq Kamal daha sonra “Qaynana” filminin kadrarxası məqamlarından danışdı.

“Hüseyn Seyidzadə çox tələbkar rejissor idi, sonuncu filmi də “Qaynana” oldu. Bilmirəm ya işıqçı ya da operator səhlənkarlıq etmişdi, Hüseyn müəllim də hirslənib dedi ki, bu gün çəkilişi təxirə salıram. Onun sözü bütün kollektiv üçün qanun idi. Mənim də çəkilişim olmalı idi. Nəsibə xanımın yanına gəlib soruşdum ki, o adam həqiqətən də səhlənkardır? Nəsibə xanım bir kəlmə söz dedi, “Çoooox”. O bu çox sözü ilə operatorun bioqrafiyasını yazdı ki, yəni o səhlənkar, məsuliyyətsiz, qanacaqsız, tərbiyəsizdir. O vaxt bağ səhnəsi Nardaranda çəkilirdi. Hamımız maşınları gətirib kinostudiyanın həyətinə qoyurduq, avtobusla gedib-gəlirdik. Çəkilişdən qayıdanda Nəsibə xanım çantasını açıb, hamıya peçenye verdi. O bizə həqiqətən də hər zaman ana qayğısı ilə yanaşıb. Hamı da ac idi deyə, götürüb yeyirdi. Təkcə Fuad Poladovdan başqa. Mən bilirdim ki, Fuad peçenyeni özü açıb, gözü ilə görməsə onu heç vaxt yeməz. Peçenyeni əlində tutub saxlamışdı.Kinostudiyaya çatanda Nəsibə xanım avtobusdan düşdü. Birdən gözü Fuada sataşdı, dedi ki, Fuad, peçenyeni əlində bərk-bərk saxla, birdən qaçıb gedər. İnanın bu maraqlı hadisə böyük gülüşlə qarşılandı. Deməli o boyda sənətkar fikir verib ki, Fuad peçenyeni yeməyib” deyə aktyor bildirib.

Geri qayıt