Əsas Səhifə > Şou-biznes > Nə olaydı, bir gün dar məkanda bu Tolik bircə MAXE ilə qısa müddətdə tək qalaydı...
Nə olaydı, bir gün dar məkanda bu Tolik bircə MAXE ilə qısa müddətdə tək qalaydı...15-01-2022, 09:24 |
Şou-biznes çevrələrində Tolik ləqəbi ilə tanınan, elə bu ləqəblə də cəmiyyətimizə sırınan prodüser və aparıcı Tarix Əliyev başından yekə danışmaqla gündəmə gəlib. Azərbaycan kişisi adına təhqir sayıla biləcək bu binəva canlı yayımda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını (MAXE) təhqir edib. “Tik-tok” sosial şəbəkəsində izləyiciləri ilə söhbət zaman MAXE-lərlə bağlı danışan Tolik deyib: “MAXE kimdir ki, məni qorusun? MAXE dövlətin kəbinli arvadıdır! Aybaay maaş alır. Məni qoruyan mənim əsgərimdir! MAXE yataqxanada yatanda mənim əsgərim postda dayanır”. Tarix Əliyevin bilavasitə bu sərsəmləməsinə və MAXE-nin əslində kim olmasına qayıdacağıq. Hələliksə bu söz ishalına başqa bir rakursdan nəzər salaq... Sovetlər dönəmini, daha sonra isə müstəqilliyimizin ilk illərini xatırlayan insanlar “senzura” sözü ilə yaxından tanışdırlar. Bu söz o vaxt da, elə indi də daha çox mənfi mənada işlənir və söz azadlığının, ifadə azadlığının boğulması kimi haqlı olaraq qələmə verilir. Amma bir çox məsələlərdə olduğu kimi, burda da görünməyən tərəflər, çalarlar mövcuddur. Əlbəttə, senzura söz azadlığı qarşısında bir maneədir. Lakin o, həm də səviyyəsizliyin, bayağılığın, düşüklüyün aşa bilmədiyi bir səddir. O, əxlaqsız, savadsız, ağılsız insanların ondan yayınıb efirə yol tapa bilmədikləri bir ələkdir. O, nəhəng tamaşaçı auditoriyasının zövqünü korlamağa imkan verməyən bir nəzarət-buraxılış məntəqəsidir. Bir daha təkrar edək ki, biz qətiyyən sərt senzuranın tərəfdarı və onun təbliğatçısı deyilik. Ancaq senzuranın aradan qalxması qətiyyən anarxiya və hərc-mərclik anlamına gəlməməlidir. Bizdə isə məhz belə bir mənzərə yaranıb. Nəticədə Tolik kimi səviyyəsizlər və tərbiyəsizlər efirləri zəbt ediblər. Onlar artıq dəbi, zövqləri müəyyənləşdirirlər, gənclərə bir örnək olurlar. Bəs, yaxşı, günahkar Tolik və onun kimilərdirmi? Əsla! Hər cəmiyyətdə müxtəlif əqli inkişaf mərhələsinə çatmış fərdlər olub, var və olacaq. Amma məsələ burasındadır ki, efirə, geniş kütlə qarşısına çıxmaq həvəsinə düşənləri əvvəllər ələkdən keçirirdilər, yuxarıda xatırladığımız senzura da məhz buna xidmət edirdi. İndi isə cəmiyyətin ən səfil üzvü müəyyən şərtləri yerinə yetirəcəyi təqdirdə, TV-də ən azından söz söyləmək fürsəti əldə edə bilər. Küçə heyvanını evimizə buraxacağıqsa, o zaman onun təbii ehtiyacını yemək masamızın altında ödəməsinə hazır olmalıyıq. Bu, baş verəndə də onu yox, özümüzü qınamalıyıq. Çox-çox təəssüf olsun ki, bu gün əksər TV-lərin efiri sahibsiz şəhəri xatırladır. Nəticə də... Nəticə göz önündədir. Bu gün Həsən Əbluç, Əliabbas Qədirov, Valid Sənani, Ofeliya Sənani, Rafiq Hüseynov, Roza Tağıyeva kimi şəxsiyyətləri Tolik kimilər əvəzləyib. Dəqiq deyə bilmərik, bəlkə də dünyanın sonunun əlamətlərdindən biri də bu transformasiyadır... İndi isə vədimizə əməl edərək bir daha Tolikin söz ishalına dönək. “Ulduz” deyir ki, “MAXE kimdir ki, məni qorusun?” Əslində, düz söhbətdir. Bu gün maraq üçün Azərbaycan ordusunun bütün bölmələrində sorğu keçirsək, MAXE-lərin hamısı yekdil şəkildə Tolik və onun kimilərini qorumaqdan utanc hissi keçirərlər. Bu gün talelərini ordu ilə bağlamış bu igidlərimiz xalqımızın layiqli üzvlərini qoruyurlar. Tolik isə... Onu qorumağa nə gərək? Beləsinin varlığı ilə yoxluğu arasında böyük bir fərq yoxdur. Bəlkə də yoxluğu bu millətə və dövlətə daha xeyirlidir... Daha sonra “ulduz” deyir ki, “MAXE dövlətin kəbinli arvadıdır!”. Hadisələrin sabah və biri gün necə inkişaf edəcəyini söyləyə bilmərik. Amma Allahın o qədər qəribə və ağlasığmaz qərarları olur ki! Nə olaydı, bir gün dar məkanda bu Tolik, çox demirik, bircə MAXE ilə qısa müddətdə tək qalaydı! Qoy bu da olsun bizim bu yazımızın yeganə duası! “Amin” deməyək, neyləyək?! Bax, onda kimin “kəbinli arvad”, kimin isə evin kişisi olduğunu Tolikə sadə üsulla tez-bazar anladarlar. Kim bilir, bəlkə Tolikin islah yolu elə MAXE-lərlə yaxın təmasdan keçir?.. “Ulduz” həm də deyir ki, “MAXE yataqxanada yatanda, mənim əsgərim postda dayanır”. Ordumuzun əsgəri də, zabiti də, MAXE-si də gözümüzün işığıdır, əzizimizdir. Hamısının da üzərimizdə haqqı var. Amma Tolikin söz ishalına cavab olaraq sadəcə bir rəqəmi qeyd edək - dəhşətli, acınacaqlı, qəhərə boğan, amma eyni zamanda fəxarət hissi bəxş edən bir rəqəmi: 44 günlük müharibə zamanı 769 MAXE şəhidlik zirvəsinə ucalıb. Zənnimizcə, burda da nöqtəni qoya bilərik... P.S. Allah cəmi şəhidlərimizə, o cümlədən MAXE-lərə rəhmət eləsin. Qanlarının hər damlası Tolik və onun kimilərə qənim olsun! Müəllif: Polad Xudayarlı //ayna.az// Geri qayıt |