Əsas Səhifə > Şou-biznes > "TRT-1-in Azərbaycanda daimi yayımlanması önəmlidir"

"TRT-1-in Azərbaycanda daimi yayımlanması önəmlidir"


12-01-2022, 08:15
"TRT-1-in Azərbaycanda daimi yayımlanması önəmlidir"
Azərbaycan ərazisində TRT-1 televiziya kanalının yerüstü yayımının dayandırılması barədə məlumat verilib. Qeyd olunub ki, müraciətdə TRT-1-in Azərbaycan ərazisində kabel televiziya şəbəkələri və internet üzərindən yayımının kifayət etdiyi vurğulanıb. Bu baxımdan, yerüstü yayım üçün əlavə maliyyə vəsaitinin ayrılmasının məqsədəuyğun hesab olunmadığına görə, yayımın 2022-ci ildən etibarən dayandırılması xahiş edilib. Qeyd edək ki, TRT 1 televiziya kanalı 1995-ci ildən etibarən Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış müqavilə əsasında yayımlanır. Xatırladaq ki, aylar öncə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilmişdi ki, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan kanalları ilə yanaşı, Türkiyənin TRT1 kanalı da yayımlanacaq.

Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra ölkənin efir məkanında xüsusi maraqla qarşılanan xarici telekanallardan ən birincisi məhz TRT olub. Tariximiz, ənənələrimiz, dəyərlərimiz, o cümlədən Ermənistanın işğalçılıq siyasəti ötən dövrlərdə fasiləsiz olaraq telekanal tərəfindən işıqlandırılıb, erməni yalanlarını ifşa edib. Göstərilən qardaşlıq münasibəti 44 günlük Vətən müharibəsində bir daha özünü təsdiqləyib. Müharibə addım-addım kanalın efirindən dünya birliyinin diqqətinə çatdırılıb. Beynəlxalq aləmdə əhəmiyyətli nüfuza sahib TRT Azərbaycanda artıq çoxdandır milli kanal kimi qəbul olunmaqdadır. O baxımdan televiziya kanalının ölkəmizdə fasiləsiz yayımlanmasına hər zaman xüsusi önəm verilib.

DİA.AZ-ın məlumatına görə, əməkdar jurnalist, media mütəxəssisi, professor Qulu Məhərrəmli “Şərq”ə açıqlmasında vurğulayıb ki, TRT 1-in Azərbaycan televiziya məkanında yayımlanması məntiqli və qanunauyğundur. Professorun sözlərinə görə, xüsusən İkinci Qarabağ savaşından sonra Türkiyə və Azərbaycanın dinamik inkişaf edən, ikitərəfli intensiv əlaqələri, təkcə dövlətlər deyil, xalqlarımız arasındakı tarixi, ənənəvi və mədəni yaxınlıq televiziya kanalları vasitəsi ilə fikir, məlumat mübadiləsini zəruri edir:

“TRT 1 kanalının Azərbaycanda yerüstü yayımının dayandırılmasının səbəbi kimi maliyyə göstərilir. Əslində burada məntiq var. Məntiq odur ki, Azərbaycan kabel televiziyalarında, peyk yayımı ilə TRT-yə rahat baxa bilirik. Eyni zamanda internetdən izləyirik. Bu, istəyi olan insanlar üçündür. Kim istəsə kabel televiziyalarının təqdim etdiyi paketdə TRT kanalının da yer almasını təşkil edə bilər. Mənə elə gəlir ki, bu qərarda başqa səbəblərin olması mümkündür. Digər səbəb yeni “Media haqqında” qanunun qəbulu ilə bağlı ola bilər. Xarici televiziya kanallarının Azərbaycan teleməkanında yayımlanması ilə bağlı müəyyən şərtlər irəli sürülür. Təbii ki, bu şərtlər başqa dövlətlərlə bağlıdır. Neçə il bundan öncə Rusiya televiziya kanallarının Azərbaycanda yayımını dayandırmışıq və çox düz etmişik. İrana məxsus “Səhər” kanalının Azərbaycanda yayımının dayandırılması da doğru qərar idi. Görünür, Azərbaycan öz televiziya məkanını təmiz saxlamaq istəyir və çalışır ki, heç bir xarici kanal olmasın. Əlbəttə, xarici televiziya dedikdə, Türkiyənin TRT 1 kanalı istisna edilir. Amma hər halda bu mülahizələr də ağlabatandır. Şəxsən, hesab edirəm ki, TRT 1-in Azərbaycanda daim yayımlanması, Türkiyənin burada nəfəsini duymağımız çox önəmlidir. Bu, televiziya kanalları vasitəsi ilə mümkündür. Ona görə də adamların çoxu ölkədə TRT 1-ə baxır. Uşaqlar cizgi filmlərini daha çox həmin kanaldan izləyirlər.
Bunlar mühüm şərtlərdir. Türkiyə ilə tarixi-ənənəvi dostluq və qardaşlıq münasibətlərini reallaşdırarkən bu məqamlara həssaslıqla yanaşmaq lazımdır”.

Geri qayıt