Əsas Səhifə > Şou-biznes > “Həyat yoldaşımdan ayrılandan sonra Həsən Seyidbəylinin yanına gedib dedim ki...”
“Həyat yoldaşımdan ayrılandan sonra Həsən Seyidbəylinin yanına gedib dedim ki...”8-01-2022, 09:45 |
“1962-ci illər idi, heç kimi ata, anası kinoya buraxmırdı. Mənim atam və anam isə heç nə demədi, çünki müasir insanlar idilər. Qardaşımı caza qoymuşdular, məni də rəqs məktəbinə. Rejissor Rasim Ocaqov o vaxt “Cazibə qüvvəsi” filmi üçün aktrisa axtarışında idi. Məni görən kimi dedi ki, heç bir aktrisa daha axtarmırıq, axtardığımızı tapdıq. İlk filmim idman haqqında çəkilən “Cazibə qüvvəsi” oldu. Bir çox aktyor və rejissorlarla çalışmışam. “Sən niyə susursan?” filmində Həsən Seyidbəyli məni baş rola çəkdi. O vaxt gənc olan Xəyal Axundzadə də rejissorun diqqətini çəkmişdi. Həsən Seyidbəyli Xəyalı Şövkət Ələkbərovanın yas məclisində çay paylayan yerdə görmüşdü”. DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında bir zamanların məşhur aktrisası Rəna Səlimova deyib. O daha sonra əlavə edib. “Xəyal Axundzadə ilə mən məktəb illərindən tanış idim. O 134 saylı məktəbdə oxuyurdu, mən isə 160 saylı məktəbdə. Daha sonra bizim məktəbə gəldi. Məktəbi bitirəndən sonra Xəyalla ailə həyatı qurdum. Daha sonra elə oldu ki, məni Moskvaya filmə dəvət etdilər, o isə Bakıda qaldı. Xəyalı daha sonralar filmə çəkmirdilər. Kino bizi saxlayırdı, ayırmağa qoymurdu, ona görə də sevgimiz elə kino ilə də bitdi. Kinoda qovuşduq, kinoda da ayrıldıq. Hətta mən biləndə ki, bəzi çəkilişlərə Xəyalı dəvət etməyiblər, çəkilişlərdən imtina edirdim. Onunla ayrılandan sonra ikinci dəfə ailə həyatı qurdum. İki uşağımız dünyaya gəldi. İkinci dəfə ailə həyatı qurduğum oğlanın anası aktrisa olmağıma narazı idi. Çünki onlar aktrisaya pis baxırdılar. Ona görə də kinoya əlvida dedim. Hətta Həsən Seyidbəyli məni “Nəsimi” filmində Şəms obrazına dəvət etmişdi. Amma ikinci həyat yoldaşım icazə vermirdi. Elə oldu ki, biz ayrıldıq. Həyat yoldaşımdan ayrılandan sonra Həsən Seyidbəylinin yanına gedib dedim ki, indi məni Şəms obrazına çəkə bilərsən. Amma gec idi, artıq Şəms obrazına aktrisa seçilmişdi. Həsən Seyidbəyli mənə bu filmdə rəqqasə obrazını həvalə etdi. Zeynəb Xanlarova oxuyurdu, mən isə rəqs edirdim. Mən kaş ikinci dəfə ailə həyatı qurmazdım, yalnız sənəti düşünərdim. Bu gün o illəri yadıma salıram, bəzən köhnə kino işçiləri zəngləşirəm, danışıram. Heyf ki, bizim dövrümüzün rejissorları indi yoxdur, ona görə də bizim qəbildən olan aktrisalar kinodan uzaqlaşıblar” deyə aktrisa bildirdi. Geri qayıt |