Əsas Səhifə > Şou-biznes > "Aparıcı və aktyorların arasında olan intriqalar heç bir sahədə yoxdur"

"Aparıcı və aktyorların arasında olan intriqalar heç bir sahədə yoxdur"


4-01-2022, 11:29
"Aparıcı və aktyorların arasında olan intriqalar heç bir sahədə yoxdur"
Onun atdığı hər addım, müəllifi olduğu bütün layihlər ölkə gündəmində böyük sensasiya yaradır. Onu təkcə Azərbaycanda yox, dünyanın əksər ölkələrində tanıyırlar, əl işlərinə heyranlıqla tamaşa edirlər. Adı brendə çevrilən Anar Ağakişiyevin məkanında onunla həmsöhbət olduq.
DİA.AZ xəbər verir ki, tanınmış stilist sənətə gəlişindən, layihələrindən Sputnik Azərbaycan-a söhbət açıb. O, bu sahəyə addımlarını atdığı illərdə barmaqla sayılacaq qədər stilist var idi. Həmin dönəmlərdə Azərbaycanda kişilərin bu sahəyə gəlməsi heç də birmənalı qarşılanmırdı. Qəhrəmanımız da bu barədə bir çox maneələrə rast gəlib:
"Mən yeni gəldiyim vaxtda ailəmizdə hər gün dava idi. Bütün qohum-əqrabam üstümə düşmüşdü ki, bu, qadın sənətidir".

Ailəsi Anarı həkim kimi görmək istəyirdi. Amma o, sevdiyi sənətin arxasınca getməyi üstün tutub:
"Ailəmə dedim ki, mən bu dünyaya bir dəfə gəlmişəm, imkan verin öz istədiyim kimi yaşayım. Mən sizin saytınız vasitəsilə oxuculara demək istəyirəm ki, övladlarınıza azadlıq verin. Əgər onlar pis vərdişlərin alüdəçisi deyillərsə, öz yaşıdlarından fərqli düşünürlərsə, onlara azadlıq verin. Necə ki, mən etdim. Mən onlara dedim ki, məndən həkim olmayacaq".
Uşaqlığı Gürcüstanda keçən həmsöhbətimiz deyir ki, orada böyüməyi ona bir növ öz arzusuna çatmaq üçün vasitə olub: " Mən valideynlərimə dedim ki, təhsilimi gürcü dilində almışam. Azərbaycan ədəbi dilini öyrənənə, sonradan universitetə girənə qədər mənim ən əzı 5 ilim gedəcək. Hələ universiteti demirəm. Ondansa imkan verin, mən istədiyim sənətə gedim".

Nəhayət, gələcəyin məşhur stilisti bütün sədləri aşır və ilk addımını atır:
"Atamla anam ayrılıblar. O vaxt anamdan 150, atamdan isə 250 dollar aldım. Bu, mənim onlardan aldığım son pul idi. O pulla stilist Zahiddən bazanı öyrəndim, ondan sonra İtaliyaya getdim. Orada gecələr pizza restoranında qabyuyan işləyirdim, gündüzlər kursa gedirdim. Oradan qazandığım puldan sənətimə aid jurnallar alırdım".

Həm Azərbaycanda, həm də dünyada bir çox məşhurlarla işləyən stilistin Azərbaycanda işlədiyi ilk ulduz Məleykə Əsədova olub:
"Onun "Gözəllik işığında" verilişi var idi. Orada xanım aktrisanın imici ilə mən məşğul olurdum. Heç bir həyəcan-filan yox idi. Çox tələbkar və zövqlü xanımdır, amma mənimlə çox yaxşı iş birliyimiz oldu. Dünyada isə ilk üzərində işlədiyim məşhur dünya şöhrətli model İrina Şeyk olub".

Həddindən artıq kaprizli insan təəssüratı bağışlayan Türk musiqisinin divası Bülənt Ərsoyla işbirliyi haqqında danışarkən Anar Ağakişiyev deyib:
"Həyatımda gördüyüm ən kaprizsiz, ən rahat, ən dürüst, ağa ağ , qaraya qara deyən insandır. Ekran başında gördüyümüz vahiməli, qorxunc insan sadəcə personajdır. O, bir diva obrazıdır. Onunla aramızda yaş fərqi olmağıma rəğmən, biz dostuq. Çox böyük insani keyfiyyətləri var. Məsələn, bir dəfə yol keçirdik, eyni vaxtda bir it də yolda idi. Maşın az qala iti vuracaqdı. O, maşını saxlatdı, sürücünü tənbeh etdi. Tutaq ki, gedirik hansısa yanacaqdoldurma məntəqəsinə, oradakı işçilərin hamısına çıxarıb pul paylayır, bəxşiş kimi".

Xarici ulduzlarla yerli ulduzları müqayisə edən Anar Ağakişiyev bildirir ki, xarici ulduzlar daha əliaçıqdırlar. Onlar qazandıqları qədər, çalışırlar ki, yanındakı insanlar da qazansın. Bizdə isə məşhurlar ancaq öz büdcələrini düşünürlər:
"Bizdə hansısa müğənni gedir toya, 5 min qazanırsa, onun yalnız 500 manatını yanında çalışanlara verəcək. Qalan 4500-ü öz cibinə qoyacaq. Amma xaricdə, elə götürək Türkiyədə belə deyil. Orada çalışan hər kəs qazanır. Mən özüm də bu sistemlə işləyirəm".

Ağakişiyev deyir ki, insan qazancını tək yeməməlidir. Tanınmış stilist uşaqlıqdan bunu özü üçün rəhbər tutub:
"Mən işləyirəm, hansısa bir işdən gəlir əldə edirəmsə, ehtiyacı olan insana mütləq verirəm. Evimdə ərzağa ehtiyac olmasa da girib marketdən konservləşdirilmiş yemək alıram. Bilirəm ki, o, köhnəlməyəcək. İnsanlar bilməlidir ki, dünyada hamı qazansa, hamı da qazandığını özünə çəksə, çox böyük fəsadlara gətirib çıxara bilər. Mən demirəm insanlar israfa yol versinlər, amma simiclik də etməsinlər. İmkan vermək lazımdır ki, hər kəs qazansın".
Öz adını brendə çevirən stilist dələduzlarla da qarşılaşıb:
"Kamera önündə olmağı sevmirəm. Daha çox adımın tanınmağına çalışmışam. Biznesdə də belədir. İdarəetməni özüm etmişəm, özüm qurmuşam, amma kiminləsə şərik işləmişəm. Zaman olub ki, öz şərikim məni aldadıb. Milyonlar qazandırdım, amma mənə dedilər ki, sən heç nə etməmisən. Mən uzaqlaşdım, həmin məkan batdı. Bu gün mənim sahib olduğum gözəllik salonundan 60-70 nəfər evinə çörəkpulu aparır. Pandemiya dövründə dövlətin sahibkarlara ayırdığı yardımı öz işçilərimə verdim, özüm Türkiyədə fəaliyyətimi davam etdirdim. Bəzi sənətçilər pandemiya vaxtı artistilik edirdilər ki, guya heç nələri yoxdur. İnanın ki, yalandır. Necə ki mənim 3-4 yerdə evim var və kirayəyə verirəm, eləcə də onların bir neçə yerdə evləri var".

Müxtəlif televiziya layihələrində çalışan Ağakişiyev bildirir ki, müsahibə almaq, müsahibə verməkdən daha çətindir. Xəzər tv-də "Dəyişən cavab" adlı verilişin aparıcısı olan tanınmış stilist sual verməkdə çətinlik çəkdiyi məqamları bölüşərək deyib:
"Sualları redaktor hazırlayırdı. Mən Dövlət televiziyasının aparıcıları kimi ədəbi dildə danışmırdım. Elə ona görə də tamaşaçılar tərəfindən sevildi. Ən çox çətinlik çəkdiyim Flora xanıma verdiyim sual oldu. Redaktor mənə o sualı ver deyəndə özümü itirdim. Bu, efirdə də hiss olunub. Bilmədim ki, o sualı necə verim. Həm bir baryer var, bəy xanıma, özü də özündən yaşca böyük xanıma bu sualı efirdə verə bilməz. Çətin də olsa, mən sualı verdim. Məsələ belə idi ki, Flora xanım gənc olanda sevdiyi insandan nikahdan kənar hamilə qalıb. Tək qadın olduğundan məcburən uşağı abort etdirib. Mən düşündüm, bu sualı necə verim ki, həm Flora xanım inciməsin, həm də 5-10 adamın yanında hörmətim var, onu itirməyim. Bir az da Gülüstan Əliyevada əziyyət çəkdim. Digərlərində elə də çətin olmadı".

Stilist deyir ki, layihə rəhbəri Toğrul Məmmədov ona bu layihəni təklif edəndə uzun müddət fikirləşib. Sonra müharibə başlayıb. Deyib ki, müharibədir, olmaz. Müharibə bitdikdən sonra da layihə müəlliflərini 4-5 ay gözlətməli olub. Həmin layihə ölkə gündəmini lərzəyə salıb. Hətta aparıcılar arasında Anarı qısqananlar da olub:
"Ölkənin ən məşhur aparıcısı əvvəllər məni təmtəraqla qarşılayırdı. Həmin layihədən sonra salam verdim, götürmədi. Yanımdakılara dedim, baxın, mən bundan çəkinirdim. Halbuki verilişlərimizin yönümü də başqadır. Aparıcıların və aktyorların arasında olan intriqalar heç bir sahədə yoxdur. Qurban olum stilistlərə, onlar nə qədər quyumu qazsalar da, intriqalardan uzaqdırlar".
Məşhur stilist özünə heç bir sərhəd qoymadığını deyir. Yəni digər məşhurlarda olan bəzi komplekslərdən uzaqdır.
"Samirə Əfəndi mənə deyir ki, "uşaqlıqda metroya minirdim, metronun iyindən ötrü darıxmışam". Deyirəm ki, "darıxırsan, gəl bir gün düşək metroya, bütün stansiyaları gəzək. Mən evimi təmir etdirirəm, dostum deyir ki, lazım olan avadanlıqları mən alaram, sən getmə. Razılaşmadım, getdim Sədərəkdən lazım olanları özüm aldım. Özümə heç bir sərhəd qoymuram. Təbii ki, lazım olan yerdə məsafə saxlayıram, amma "mən tanınıram, filan yerə getməyim" kimi komplekslərim yoxdur. Mən Türkiyədə də tanınıram, Brazilyada daha çox tanınıram, orada da rahat gəzirdim".

Geri qayıt