Əsas Səhifə > Şou-biznes > “Rəhbər dinləyicinin istəklərini nəzərə almır”
“Rəhbər dinləyicinin istəklərini nəzərə almır”3-01-2022, 08:38 |
16 ildən artıqdır radiodan səsini eşitdiyimiz, son illər bir çox seriallarda kəndli qız obrazları ilə tanınan Aygün Akif AYNA-nın qonağı olub. DİA.AZ müsahibəni təqdim edir: - Hər kəs bir cür, radio adlı sehirli qutuya düşür. Necə oldu 16 il öncə radio aparıcı seçildiniz? Kimsə sizi kəşf etdi, yoxsa seçim yolu ilə bu sahəyə gəldiniz? - Mən televiziyada çalışırdım. Mənə dəfələrlə deyirdilər ki, “sənin səsin radioya uyğundur, bəlkə özünü bir sinayasan?”. Mən də cəhd elədim. “Radio Antenn”ə CV-mi göndərdim, çağırdılar. İlk iş görüşməsində səsimi bəyəndilər və işə qəbul etdilər. 1 həftə sonra efirə çıxdım. O gündən bu sehirli qutuya vuruldum. Onu da qeyd edim ki, Rafiq Hüseynov, Qulu Məhərrəmli, Aynur Kərimova və digər bir sıra məşhur diktorlardan dərs almışam. - Bu gün radio məkanından razısınız? Yəni verilişlərdən və aparıcılardan? - Bu gün radio məkanında dinləyici rəyi nəzərə alınmır. Hər rəhbər öz fikrini irəli sürür. Amma radionu dinləyən, reytinqini yüksəldən dinləyicilərin istəyi nəzərə alınmır. Nəticədə veriliş reytinqdən düşür. Təəssüf ki, bu gün radiolarda olan verilişlərdən razı deyiləm. - Hazırda radiolarda demək olar ki, eyni saatlarda, eyni formatda verilişlər yayımlanır. Normal qəbul edirsiniz bunu? - İndi həm radio, həm də TV-lər sponsor üçün çalışır. Bəlkə bundan dolayı eyniliklər olur. Ona artıq rəhbərlik qərar verməlidir. Çünki bütün verilişlər onların razılığı ilə efirdə buraxılır. Əvvəl bizim radioda 2 bəy və mənim aparıcılığımla az informasiya və bol gülüş olan “Üçü birində” adlı verilişimiz var idi. O zaman yeganə veriliş idi ki, bağlansa da, dinləyicilər bu günə kimi həmin verilişin bərpa olmasını xahiş edirdilər. Təəssüf ki, indi bu cür verilişlər yoxdur. - İşlədiyiniz radioda bir müddət ciddi sıxıntılar oldu. Hətta dalğanı da dəyişdiniz. Amma heç bir yerə getmədiniz… - Rəhbərliyimizi çox sevir və hörmət edirdik. Təbii ki, bu, qarşılıqlı idi. Hər zaman sadiq qaldıq. - Dalğa dəyişəndə dinləyici itirdiniz. Əvvəlki reytinqi geri qaytarmaq çətin deyildi? - “Üçü birində” verilişi olanda itirdiyimiz bütün dinləyicilər bizi axtarıb tapdılar. Amma veriliş bağlanandan sonra biz dinləyicilərimizi itirdik. Hətta deyərdim, çox itirdik. Təəssüf ki, dinləyici həmin verilişi çox arzulayır. Ondan sonra heç bir veriliş və aparıcı o reytinqi qazanmadı. - Bəs sponsorları necə? Onlar da getdilər? - Bəli. Bütün sponsorlar getdilər. - Deməli, hazırda səhərlər aparıcısı olduğunuz verilişin əvvəlki reytinq yoxdur? - Təəssüf ki, yox. - Aygün Akif həm də aktrisa kimi fəaliyyət göstərir. Bir az da bundan danışaq… - Aktrisa kimi məni rejissor Ramin Hacıyev kəşf etdi. O, “Üçü birində” verilişinin dinləyicisi idi. Sonra məni seriallarından birinə dəvət etdi. Əvvəl bacarmaram deyə tərəddüd etdim. Amma Ramin Hacıyev elə istedadlı rejissordur ki, onun çəkdiyi cizgi filminə də çəkilərəm. Məndə elə bir obraz (Tutu) yaratdı ki, bu günə kimi məni o adla cağırırlar. - Filmlərdə adətən kəndli qız obrazını oynayırsınız. Təsadüfdür, yoxsa zərurət? - İlk obrazımı oynayandan sonra rejissorlar məni ancaq kəndli qız obrazında görürlər (gülür – T.X.). İkinci serialdır ki, (“Baldız”) onda da kənli qız obrazını yaradıram. Özüm də rejissor olsaydım, özümə komedik bir rol verərdim. Mən pozitiv insanam. Komediya janırını sevirəm. Dostlarım həmişə zarafatla mənə deyirlər ki, “xarici seriallardan birində “Xanım xura” obrazı sənə yaraşardı”. - Pozitiv insansınız, yoxsa pozitivliyin kölgəsində problemlərinizi gizlədirsiniz? - Pozitivəm. Nə qədər həyatsevər olsanız, o qədər problemləriniz çox asan həll olunar. Mən neqativ olduğum an bütün hər şey dolaşır bir-birinə - sınamışam. Ona görə heç vaxt problemi dərd eləmirəm. Əksinə, onları çözmə yollarını axtarıram. Şikayət etməklə heç bir nəticə əldə etmək olmur. - Aygün Akifin sənətdə bəxti gətirib. Bəs nədəsə bəxtsizliyi var? - Hər şeydə bəxtim gətirib. Çox şanslı insanam. Əgər nəysə olmur və gecikirsə, demək, daha gözəli olacaq. - Hər kəs tərəfindən sevilən, heç bir qalmaqalda adı olmayan birisiniz. Bunu necə bacarırsınız? - Mənə gördüyüm işlər maraqlıdır. Mən kiməsə sifariş vermirəm ki, məndən bu məlumatı yaz, o məlumatı yaz. Başımı aşağı salıb işləyirəm. - Özünü gündəmdə saxlamaq istəyənlərə münasibətiniz necədir? Aparıcılar da şou biznesdə olmalıdırlar? - Belə hərəkətlər ilə dinləyicinin gözündən düşürlər. Dinləyicilər belə hərəkətləri sevmirlər. Onlara səmimi olan aparıcı daha doğmadır. İstəyən hər kəs bu gün şou biznesə daxil ola bilər - çox asandır. Amma öncə adı qorumaq lazımdır. - Aygün Akif bu sahədə özünə kimi rəqib görür? - Heç kimi. Bütün kolleqalarımı sevirəm, dinləyirəm və dostluq edirəm. Radio sahəsində DJ Yaqutu bəyənirəm. Səsi və danışığı insanı valeh edir. Mən özüm onu dinləyib çox şey öyrənirəm. - Gözəl səsiniz var, nə əcəb, müğənni kimi fəaliyyət göstərmirsiniz? - Çox həvəsim var oxumağa. Amma müğənni olmaq istəmirəm. Yetərincə müğənnimiz var, bir də mən olsam, səhnə aşıb-daşar (gülür – T.X.). - Günlərin bir günü işsiz qalsanız, başqa hansı sahədə pul qazana bilərsiniz? - Mən daha əvvəllər vergi sahəsində və bir çox sahələrdə çalışmışam. Bundan sonra da işsiz qalsam, hər hansı bir sahədə baş çıxardaram. Geri qayıt |