Əsas Səhifə > Şou-biznes > “Evə yalnız yatmağa gedirəm”
“Evə yalnız yatmağa gedirəm”30-12-2021, 08:34 |
Yeni ili qarşılamağımıza artıq bir gün qalıb. Adətən bayram günlərində sənət adamları daha çox iş başında, tədbir və məclislərdə olur. Çox az sayda sənətçi bayram günlərini öz ailəsi ilə birgə keçirməyə çalışır. Aydın məsələdir ki, sənət adamlarına daha çox bu günlərdə ehtiyac duyulur. Bəs bu il dekabrın 31-də müğənnilərimiz harada olacaq? Kimlər hara dəvət alıb? Tətili özünə, ailəsinə həsr edənlər olacaqmı? Mövzu ilə bağlı bir neçə tanınmış müğənni arasında sorğu keçirdik. DİA.AZ-ın məlumatına görə, əməkdar artist Mətanət İskəndərli “Yeni Müsavat”a açıqlamasında 31 dekabrı tədbirlərdə keçirəcəyini qeyd etdi: “Həmişəki kimi bayramda tədbirlərdə olacam. Tətil günləri ilə bağlı hələlik planım yoxdur”. Əməkdar artist Elza Seyidcahan isə hər zamankı kimi bayramı tədbirlərdə qeyd edəcəyini bildirdi: “Həmişə olduğu kimi, yenə də daim iş başında, gərgin iş rejimində oluram. Evə yalnız yatmağa gedirəm. Bildiyiniz kimi, son vaxtlar daha çox qazi, şəhid ailələri ilə bağlı tədbirlərdə təmənnasız olaraq iştirak edirik. Ümumiyyətlə isə bu bizim borcumuzdur. Yəni tədbirlər həddindən artıq çoxdur. Bayram günü də canlı yayımlarda, tədbirlərdə iştirak edəcəm. Eləcə də tətil günlərində də digər işlərimlə məşğul olacam. Fürsətdən istifadə edib, qarşıdan gələn Pələng ilində hər kəsə uğurlar diləyirəm. Qoy bu il də Azərbaycan dövləti, milləti üçün uğurlu olsun". Müğənni Afət Fərmanqızı isə həm sənəti, həm də şəxsi həyatı ilə bağlı işləri həyata keçirəcəyini dedi: “Yenə də bayram günü şənliklərdə olacam. Şəhərin dörd məkanında fərqli vaxtlarda şənliklərdə, ailəvi şou məkanlarda iştirak edəcəm. Bayramın sabahı günü də Rusiyaya uçacam. Bildiyiniz kimi, nikahımı Bakıda qeyd etmək istəyirdim. Lakin müəyyən səbəblər oldu, bu baxımdan proses bir qədər ləngidi. Çalışacam ki, yanvarın 11-də orada sənədlərimi təqdim edim. Daha sonra isə yenidən Vətənə qayıdacam”. Tamada Nazilə Səfərli isə bayramı qazi və şəhid ailələri ilə birgə keçirəcəyini bildirdi: “Bayram günü yüz şəhid ailəsinin uşaqları üçün təşkil olunmuş bayram şənliyində olacam. Yüz şəhidin balası və həyat yoldaşları restoranın ayrı-ayrı salonlarında olacaq. Müğənnilərdən Elton və digərləri də iştirak edəcək. Qeyd edim ki, dəvət olunan şəhid ailələri Bakıdan deyil, ən ucqar rayonlardan olanlardır. Onlar avtobuslarla Bakıya gətiriləcək. İşin təşəbbüskarı isə Rahilə xanımdır. Rahilə xanım kənardan əsla heç kimin dəstəyini qəbul etmədi. Yol xərcindən tutmuş, yeməyə, hədiyyələrə qədər hər şeyi öz boynuna götürüb. Hətta icra hakimiyyəti də “biz də qoşulaq” deyə təklif etsə də, razılaşmadı. Bayram gecəsini də həmin şənlikdə keçirəcəm. Yəni evdə həyat yoldaşıma, uşaqlarıma da bildirmişəm ki, bayram gecəsi həmin şənlikdə ayrıca bir masa ayırıb, orada qeyd edəcəm. Ötən il də bayramı qeyd etməmişdim, evdə süfrə açmamışdım. Yalnız bayramın səhəri günü, yəni yanvarın 1-də hədiyyəmi götürüb nişanlı oğlumun nişanlısının evinə gedib, gəlinimi təbrik edəcəm". Müğənni Manaf Ağayev isə digər həmkarlarından fərqli olaraq bayramı öz evində ailəsi ilə birgə keçirəcəyini dedi: “Əlbəttə ki, bayram günü yalnız öz ailəmlə birgə olacam. Tətil günlərində isə ailəmlə birgə rayonların birinə istirahətə getməyi düşünürəm”. Geri qayıt |