Əsas Səhifə > Şou-biznes > “Atam mənə dedi ki, bir də eşitsəm ki, mahnı oxuyursan, gəlib səni öldürəcəyəm...”

“Atam mənə dedi ki, bir də eşitsəm ki, mahnı oxuyursan, gəlib səni öldürəcəyəm...”


22-12-2021, 09:23
“Atam mənə dedi ki, bir də eşitsəm ki, mahnı oxuyursan, gəlib səni öldürəcəyəm...”
Xalq artisti, xanəndə Hacıbaba Hüseynovun qızı Sədaqət Hüseynova Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Sədaqət xanım, sizi xoş gördük. Siz bizim böyük sənətkarımız Hacıbaba Hüseynovun yeganə qızısınız. İstərdim söhbətimizə uşaqlıq illərinizdən danışmaqla başlayaq.- Sizə təşəkkür edirəm ki, bu gün mənim atamı yad edirsiniz. Bu boyda böyük sənətkarları yad etmək, yadda saxlamaq özü də böyük bir işdir. Ümumiyyətlə, sizin saytı izləyirəm və hər dəfə mədəniyyət xadimləri ilə müsahibələri görəndə sevinirəm. Mənim uşağlığım çox gözəl keçib. Atam o qədər maraqlı adam idi ki. O dünyasını dəyişəndə mənim yaşım az idi, amma bu müddətdə mən ondan çox şeylər öyrənmişdim. Ailədə çox ağır xasiyyətli adam idi. Sözü bir dəfə deyərdi. Hamı onun xasiyyətini bilirdi, hörmət edirdi, yeri gələndə də ondan çəkinirdi. Mən onun bir sözünü iki edə bilməzdim. Bu xasiyyəti ilə bərabər mənim ağzımdan çıxan, ürəyimdən keçən sözü edirdi. Elə bil ki, bir növ dost idik. Mən ona “ağa” deyirdim. Baxmayaraq ki, mən gec dünyaya gəlmişəm, amma hər şeyimi onunla bölüşürdüm.

- Atanızın hansı xasiyyəti sizə keçib?

- Mən ondan çox şey öyrənmişəm. Düzgünlüyü, sözü üzə deməyi. O məni həm əzizləyirdi, həm də sıxırdı. Evdən çölə tək gedə bilməzdim, xoşlamazdı.

- Atanızın sənətini davam etdirmək istəmisiniz?

- Mənə hamı deyirdi ki, nə gözəl səsin var, nə əcəb səni sənətə qoymayıb? Mən onun yanında incəsənətin adını çəkə bilməzdim. Hətta bir dəfə məktəbdə tədbir idi, anam evə gəlib ona dedi ki, ay Həci, qızın məktəbdə bir gözəl oxudu ki, elə gözəl səsi var. Bizdə hamının səsi olub. Mənə dedi ki, nə? Sən tədbirdə oxumusan? O zaman mən 2, yaxud 3-cü sinifdə oxuyurdum. Dedi ki, mən bir də eşitməyim ki, sən oxuyursan, birinci və axırıncı dəfə olsun. Mən məktəbin yanından keçsəm, səsini eşitsəm gəlib səni öldürərəm. Mən elə inanırdım ki, qəfildən gəlib məktəbin yanından keçər və səsimi eşidər. O, bu, mən bir daha məktəbdə oxumadım.

- Yaşa dolandan sonra bu dediklərini yada salırdınız?

- Hə, daha sonra danışırdıq. Bir dəfə oxuyanda səsimi eşitmişdi. Dedi ki, səsin pis deyil, yaxşı “dxanyan” var. Kaş o səs məndə olaydı. Güldüm və utandım ki, atam səsimi eşidib. Məni məktəbdə də oxutmadı, tez çıxartdı məktəbdən. Sözünün qabağında heç kim nəsə deyə bilməzdi. Çox gözəl ata və insan idi.

- Siz həm də böyük sənətkarımız Sara Qədimovanın bacısı qızısız. Deyilənə görə atanız sənətə xalanız Sara Qədimovanın dəstəyi ilə gəlib. Bu doğrudur?

- Atamgil o vaxt Çəmbərəkənddə olurdular. Bir dəfə Sara xalam bizə qonaq gələndə anam ona deyib ki, Həcinin yaxşı səsi var, bir qulaq as. Atam o vaxt nağara ifaçısı kimi toylarda tanınırdı. Xalam nə illah edir, atam deyir ki, yox utanıram. Çünki o vaxt Sara xalam artıq sənətdə idi. Xalam ona and verir və atam oxuyur. Atam danışırdı ki, hətta utandım və kitabı üzümə tutdum ki, Sara mənim üzümü görməsin. Xalam görür ki, bu elə belə səs deyil. O gəlib Əhməd Bakıxanova və Cahangir Cahangirova deyir. Atamı televiziyaya dəvət edib, qulaq asırlar. Atam onların sayəsində televiziyaya da çıxır. Hətta o vaxt bir neçə adamlar olub ki, deyiblər bu televiziyaya yaraşmır, qaradır. Əhməd Bakıxanov deyib ki, nə olsun ki? Şokolad da qaradır da. Sənətdə atama mane olanlar da az olmayıb.

- İstərdim Sara xalanızla atanızın söhbətlərindən danışaq.

- Sara xalam bizdə çox olurdu. Gələndə də ən çox qəzəldən danışırdılar. Çünki atamın 300-ə yaxın qəzəli var idi. Hansı muğama düşürdüsə, Sara xalam onu ifa edirdi. Atam bir qəzəl deyərdi, Sara xalamın gözləri dolardı. Xalam oğlu Akif İslamzadə də atamla bu mövzuda çox söhbətlər edirdi. Atam danışır ki, Akif uşaq idi, muğam səsi eşidən kimi ağlayırdı. Çünki musiqini dərindən duyurdu, hiss edirdi.

- Sevginizi atanıza tam bildirə bilirdiniz?

- Xeyr, bildirə bilmirdim. Nəyə görə? O qədər xasiyyəti ağır idi ki, hələm-hələm yaxına buraxmırdı məni. Anam deyirdi ki, atanın doğum günüdür, get onu öp, qucaqla, təbrik et. Gedirdim atamı qucaqlamağa, deyirdi ki, təbrik etdin bəsdir də. Mən hələ də heyfslənirəm ki, onu doyunca qucaqlayıb, öpə bilmədim. Axır günlərində qucaqlayıb öpürdüm onu.

- Hacıbaba müəllimin son günlərini necə xatırlayırsınız?

- Atam Fransaya, Hollandiyaya və bir neçə ölkəyə səfərə getməli idi. Xəstəxanadan həkimlər səfərə getməyə ona icazə vermirdilər. Hətta dilindən kağız da almışdılar. Dedi ki, xeyr, gedəcəyəm, qızıma ordan kürk və musiqi mərkəzi (maqnitofon) gətirəcəyəm. Getdi də, gözəl konsertlər də verib gəldi. Amma İran səfəri bir az ağır oldu, çünki 2 ay orada qalıb konsert verdi. Dünyasını dəyişməzdən bir gün qabaq televiziyada konserti getdi. Özü də izləyirdi. Bir gözəl muğam oxudu evdə, mən dedim ki, bu daha ölməz. Hətta ölümündən bir neçə saat əvvəl onu qonaq da aparmışdılar. Orada xeyli söhbətlər olmuşdu, çox danışmışdı. Əslində ona çox danışmaq olmazdı. Evə gələndə gördüm ki, nəfəs ala bilmir. Səhəri gün də dünyasını dəyişdi.

- Atanızın sənət yolunu bu gün ailədə kim davam etdirir?

- Kiçik qızım Fatimə bir müddət onun sənət yolunu davam etdirdi. O bu işin təhsilini də alıb. Düzdü, indi müəyyən səbəblərə görə fasilə verib, inşallah, yenidən sənətə başlayacaq.

Geri qayıt