Əsas Səhifə > Şou-biznes > "Veriliş var ki, gedərsən, illərdir yığdığın hörməti 1 dəqiqənin içində yerə vura bilərsən"
"Veriliş var ki, gedərsən, illərdir yığdığın hörməti 1 dəqiqənin içində yerə vura bilərsən"21-12-2021, 09:33 |
“Doğum gününü mən yeni bir başlanğıc, sağlam, gözəl gün kimi səciyyələndirirəm. İnsanın yaşının üstünə yaş gələndə bir az da müdrikləşir. Allahdan arzu edirəm ki, yaşımızın üstünə yaş gələndə ağlımız qoy hər zaman üstümüzdə olsun. İstər ailəmiz, istərsə də xalqımız üçün hər zaman dəyərli olaq” DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında doğum gününü qeyd edən xalq artisti Simarə İmanova deyib. O daha sonra əlavə edib. “Əslində doğum günümü hər zaman sadə şəkildə qeyd edirəm. Təmtəraqdan çox uzağam. Adam var ki, ad gününü şadyanalıqla keçirir. Ailəmdə də heç bildirmək istəmirəm ki, mənim doğum günüm yaxınlaşır. Elə bilirəm ki, heç kim bilmir, görürəm ki, yox, ailəm o günü yadda saxlayıb. İlk təbriki də məhz ailəmdən, övladlarımdan, tələbələrimdən alıram. Ən yaddaqalan doğum günlərim valideynlərimlə birgə keçirdiyim illər olub. Atalı, analı günləriminin doğum günü bir başqa idi. İndi o günləri yada salıb, kövrəlirəm. O günləri bir də yaşaya bilməyəcəyimin təəssüfünü çəkirəm. Yalandan deyə bilmərəm ki, hədiyyə almağı sevmirəm, istəmirəm. Bütün xanımlar hədiyyə almağı sevir, elə mən də. Fərqi yoxdur, nə hədiyyə olursa-olsun, bunu diqqət kimi başa düşürəm. Bir gül dəstəsi də sənə hədiyyə edəndə sevinirsən ki, sən yaddan çıxmamısan. Özümə ən böyük arzum Allahın verdiyi ömrü şərəfli, sağlam yaşamaqdır. Hər zaman sənətimdə zirvələrdə olmağı arzu edirəm. Necə ki, dövlətin qayğısını hiss edirəm, hər zaman da dövlət qayğısı üstümdə olsun” deyə sənətkar bildirib. Xalq artisti efirlərdə az görünməyinin səbəblərindən də danışıb. “Hər dəfə mənə deyirlər ki, efirlərdə sizi çox nadir hallarda görürük. Sağ olsun, bütün telekanallar məni dəvət edir. Amma mən hər verilişə getmək istəmirəm. Veriliş var ki, gedərsən, illərdir zəhmətlə, əməklə yığdığın hörməti 1 dəqiqənin içində yerə vura bilərsən. Hörmət etdiyim aparıcıların, sanballı verilişlərinə gedirəm. Bir neçə dəfə soruşmuşam ki, qonaqlar kim olacaq və öncədən bilib, qonaqlara görə getmişəm. Gedib görmüşəm ki, həmin insanlardan əsər-əlamət yoxdur! Deyiblər ki, Simarə xanım o qonaqlar gəlmədi. Mən də demişəm ki, gözləyin, 5 dəqiqəyə gəlirəm, çıxıb getmişəm. Sənət adamı hansısa bir verilişə, tədbirə gedəndə orada özünü hiss etməlidir, görməlidir. Bilirsiniz ki, ulu öndər Heydər Əliyev mənə 19 yaşımda “Əməkdar artist” fəxri adını verib. Azərbaycanın tarixində belə bir hal yaşanmayıb. Bu boyda ad-san, hörmət qazanmışam, onu yerə vura bilmərəm. Mənim üçün efirdə görünmək əsas deyil, səviyyə, sanbal, sənət daha önəmlidir” deyə sənətkar bildirib. Geri qayıt |