Əsas Səhifə > Şou-biznes > "Hər zaman vəziyyətimə görə Allaha şükür edirəm"
"Hər zaman vəziyyətimə görə Allaha şükür edirəm"16-12-2021, 08:23 |
Ölkədə toylarla bağlı qadağa aradan qaldırıldıqdan sonra bu sahədə xeyli canlanma hiss olunurdu. Xatırladaq ki, pandemiya ilə bağlı il yarımdan çox müddətdə ölkədə toy məclisləri keçirilməmişdi. DİA.AZ "Yeni Müsavat"a istinadən xəbər verir ki, bu səbəbdən toy qadağası aradan qalxan kimi intensiv toylar keçirilməyə başladı. Lakin son zamanlar toy bazarında gözlə görünəcək durğunluq hiss olunmaqdadır. Bir çoxu bunu pandemiya ilə əlaqələndirsə də, digər əsas səbəb kimi bazarlarda ərzaqların, həmçinin elektrik və qazın qiymətinin bahalaşması da göstərilir. Vəziyyətlə bağlı toy biznesində yaxından iştirak edən sənətçilərin mövqeyini öyrənməyə çalışdıq. Əməkdar artist Nüşabə Ələsgərli əvvəlki toylardan əsər-əlamət olmadığını dedi: “Düşünürəm ki, bunun da səbəbi qərara əsasən toy iştirakçılarının sayının az olması, həmçinin pandemiyanın hələ də davam etməsi ilə bağlıdır. Eləcə də qonorar məsələsi bu vəziyyətdədir. İnşallah, pandemiya bitər və həyat əvvəlki kimi olar”. Əməkdar artist Elza Seyidcahan da mövcud vəziyyətlə barışdığını bildirdi: “Hər zaman vəziyyətimə görə Allaha şükür edirəm. Bizim bir problemimiz var idi - Qarabağ, o da həll olundu. Əsas odur ki, hər şey yaxşılığa doğru gedir. İnşallah, bundan sonra da yaxşı olar. Hazırda gözəl əsərlər bəstələyirəm. Allah mənə cansağlığı versin ki, həmin əsərləri dinləyicilərimə təqdim edim". Tamada Nazilə Səfərli isə hazırda toyların tamamilə dayandığını dedi: “İndi toy sözünün heç ”t" hərfi yoxdur. Dekabr ayında heç bir dəvət almamışam. Yəni bu vəziyyət bir məndə olsa, öz-özümə düşünərəm ki, problem məndədir. Amma görürük ki, əksəriyyət sənətçilərdə bu cürdür. Bəs toy niyə dayanıb? Aparıcı, təşkilatçı kimi deyil, bir valideyn kimi vəziyyəti şərh etmək istərdim. Dünən iki manata aldığımız məhsulu 5 manata alırıq. Bu zaman restoranlar da məcburdur ki, qiymətləri ikiqat qaldırsın. Belə olmazsa axı zərər edə bilər. Restoran da qiyməti artıranda, həmçinin toy iştirakçılarının say limiti 150 nəfər olanda, qonaqların hərəsi gəlib 100 manat salanda cəmi 15 min manat toplanır. Bəs toy sahibi bu 15 min manatla nə etsin? Təsəvvür edin, indi dekor qurmaq dəbdir və təkcə dekor üçün azı 7-8 min manat tələb olunur. Övladının toyunda hansısa müğənnini dəvət etmək istəyən valideyn ən azı 4-5 min manatından keçməlidir. Daha sonra gəlin paltarı, qızıl və sairə. Valideyn bütün bunları hesablayanda toy etmək fikrindən daşınır. Heç olmasa əvvəllər 500 nəfərlik toy edəndə toyun xərcini başa-baş çıxarda bilirdilər, indi isə tamam zərər edilir. Beləliklə, nəticədə toylar kəskin azalıb. Halbuki xeyli sayda nişanlılar, evlənmək istəyən gənclər var". Nazilə Səfərli qeyd edib ki, vəziyyətlə bağlı indi toy sahibləri daha çox instrumental ifaçıları dəvət edir: “Bunu illər öncə zamanında Mikayıl Azaflı demişdi. O deyirdi ki, ”gün gələcək kaseti qoyub, toy çalacaqlar, sizə ehtiyac olmayacaq". Həmin vaxt bu sözlər bizə gülünc gəlirdi, amma indi həqiqətdir. Çox istəyərdim ki, zənginlərin üzərində bir də kasıb vergisi olsun. Yəni kasıb insanların siyahısı olmalıdır və varlılar hər ay məcburən kasıblara pul paylamalıdır. Qoy onların da balasının xeyir işləri yaxşı olsun". Qarmon ifaçısı Sübhan Köçərli də qeyd edib ki, hazırda toy bazarında mövcud olan qonorar qənaətbəxş deyil: “İnsanlar əvvəlki tək intensiv toylar keçirmir, ümumi vəziyyət heç də ürəkaçan deyil. Bunun da bir çox səbəbləri var. Daha bir məsələ, toylar, qonorarlar gərək savadsız, məktəbsiz, ustadsız bir gələcəyin yetişməsinə səbəb olmasın, vətəni, xalqı təmsil etməyə maneçilik yaratmasın. Heç bir beynəlxalq festivalda, müsabiqədə demək olar ki, Azərbaycan qarmonunu görmürəm. Əgər toylarda oxuyub, qonorarlar alan, xalqın sevimlisi, məşhur bir qarmon ifaçısı efirdə deyirsə ki, “mən not bilmirəm, məktəb oxumamışam, ustad görməmişəm, hər şeyi özüm öyrənmişəm”, vəziyyət elə bu cür də davam edəcək". Geri qayıt |