Əsas Səhifə > Şou-biznes > "Əri olmayan qadınların hamısını bilmirəm, mən qətiyyən özümü tək hiss etmirəm, çünki..."
"Əri olmayan qadınların hamısını bilmirəm, mən qətiyyən özümü tək hiss etmirəm, çünki..."9-12-2021, 09:09 |
Tanınmış müğənni Əminə Şirinqızı Moderator.az-ın suallarını cavablandırıb. - Əminə kimlərə dost deyir, kimlərə düşmən deyir? - Dost ağır mövzudur. Xətrini çox istədiyim, əziz bildiyim, dostluq-yoldaşlıq etdiyim insanlar əlbəttə var, amma dönə-dönə deyirəm dost ağır mövzudur. Qanı-qanından, canı canından olmayan bir insanın səni canından ötə saymasıdır dostluq. Var indi? O ki, qaldı düşmənə. İnsan gərək dostun da, düşmənin də şərəflisini seçsin. Bu səbəbdən də düşmənim yoxdur. - Bir insanın sizin gözünüzdən düşməsi üçün onun nələr etməsi kifayətdir? - Heç nə etməməsi! Çünki bir insan insan olmaq üçün heç nə etmirsə, artıq onun mənim gözümdə dəyəri yox kimidir. - Əri olmayan qadınlar tək sayılır? Özünü nə vaxtsa tək hiss etmisiniz? - Əri olmayan qadınların hamısını bilmirəm, amma mənim ərim yoxdur. Buna baxmayaraq qətiyyən özümü tək hiss etmirəm, çünki itirməyə qorxduğum dəyərlərim var- anam, atam, qızım. Bu insanlar həyatımda ərdən də çox vacib əhəmiyyət daşıyır. Övladımı da valideynlərim böyüdür, dördümüz elə bərabər evdə yaşayırıq. Şükür bu günümüzə. - Niyə hələ də cəmiyyətimizdə boşanmış qadına qəribə baxış var. Sizcə bu doğrudur? - Kim öz qismətini öz əli ilə seçir ki? Kim boşanmaq üçün ailə qurur ki? Kimin nəslində, nəcabətində, kökündə 1 nəfər də olsa boşanmış yoxdur ki? Qisməti gətirməmək nə vaxtdan ayıb olub ki? Bu məsələyə yan gözlə baxanlar ilk növbədə suallarımı cavablandırsınlar, sonra bir də düşünsünlər. - Siz o illərdə Vaqif Gərayzadənin W trio qrupunda oxuyurdunuz, amma Röya ilə oxuduğunuz “Yaz ayları” dueti sizi geniş tamaşaçıya sevirdi. Röya Ayxanla duet oxumasaydınız bu tezliyində tamaşaçı qarşısına çıxmağı düşünürdünüz? - Niyə düşünmürdüm? Az çox efirlərə çıxırdım da, amma tamaşaçı deyir ki, bizə sizin səliqə səhmanınız lazım deyil, qırın bir-birinizi biz də baxaq, tanıyaq. Rəy yazaq, təhqir edək, illər sonra da sevək. Ona görə də nə yaxşı qadın əli ilə məni qane edəcək qədər qabağa getdim. - Amina, mahnılarınız çox sevilir, dinlənilir, özünüz də tanınırsınız. Mənimlə yəqin razılaşarsınız ki, çox böyük fanat ordunuz yoxdur, bir o qədər də məşhur deyilsiniz. Sizcə o zirvədə olmaq üçün indi etdiyinizdən də artıq nə etmək lazımdır? - Heç nə. Çünki kənarda dayanıb zövqlü qulaqlar üçün keyfiyyətli musiqi təqdim etmək daha keyif verir, nəinki ailə ilə, qalmaqalla və buna bənzər şeylərlə gündəmdə qalmaq. - Sizcə o zirvədə kimlərdir? - Aygün Kazımova və Röya Ayxan. - Tamaşaçını təəccübləndirmək çox çətindir. Sizcə tamaşaçını cəlb etmək, diqqətini çəkmək üçün mütləq səviyyəsiz mahnılar oxuyub, açıq-saçıq geyimlərdə səhnəyə çıxmaq lazımdır? - Baxır hansı tamaşaçını? Nadir hallarda da olsa, özünə hörmət edən dinləyicilər var. O ki, qaldı səviyyəsiz mahnılar oxuyanlara, əcəb edirlər, elə dinləyicilərə elə müğənnilər lazımdır. Yoxsa bizim qədr-qiymətimiz az da olsa, bilinməzdi. Buna da şükür. - Sənətdən o vaxt gedərsiniz ki. - Heç vaxt getmərəm, günah olar. Getmək üçün yox, qalmaq üçün gəlmişəm. Ona qalsa 15 yaşımda ilk gün Vaqif Gərayzadənin W trio qrupunda çıxışlara başlayanda atam istəmirdi. Əgər atamın sözüylə belə sənətdən getmədimsə, daha vacib bir kəs ola bilməz ki, onun sözü ilə gedim. Yeri gəlmişkən, bu gün artıq atam sənətimə qarşı deyil, çünki illər keçdi, həqiqətən də sənətlə məşğul olduğuma özü də şahid oldu. - Ən böyük arzunuz nədir? - Bir gün hamı ölüb gedəcəksə, ötəri arzularla işim olmaz. Əsas ailəmin canının sağlığıdır, övladımın istəyinə laiq böyüməsidir. Bunun üçün də ağaca yaylıq bağlayıb, dilək tutub arzu etmirəm. Sadəcə dua edirəm. Allah bizi hər iki dünyada utandırmasın. Geri qayıt |